İtaliyanın “La Repubblica” qəzetinin əməkdaşları ABŞ-ın bu ölkə ərazisində yerləşən Siqonella hərbi hava bazasına daxil olaraq ilk dəfə məxfi anqarlarda saxlanılan nəhəng “Global Hawk” pilotsuz təyyarələrini lentə alıb.
Virtualaz.org saytı xəbər verir ki, jurnalistlər Alberto Bonanno və Alessandro Pulya foto və videokameralarla bu məxfi hərbi bazaya daxil olan ilk kənar şəxslərdir.
“Qüdrətli, yüngül, güclü, dağıdıcı… Nəhəng kosmik həşəratlar kimi amansız, yazıçı-fantastın təxəyyülü əsasında hazırlanmış bir silah…
Hələ heç kim bilmir ki, Siqonella bazasında və digər yerlərdə nə qədər “Global Hawk” saxlanılır. Bu dronlar (pilotsuz təyyarələr) Şimali Afrikaya və ya Yaxın Şərqə növbəti kəşfiyyat uçuşunu həyata keçirmək üçün hazır vəziyyətdə gözləyirlər. “Northrop Grumman” şirkəti tərəfindən istehsal edilən əsl texnologiya xəzinəsi “Global Hawk” məhz bu cür missiyalar üçün nəzərdə tutulub” – deyə reportajda bildirilir.
“Təyyarələrin nəhəng başlarında gözlər-pilot kabinəsi üçün illüminator-pəncərələr axtarmaq yersizdir. Bu səma bədheybətlərinin əsl gözləri füzelyajın altında və burunlarının altındadır. Bunlar yüksək texnologiyaya əsaslanan gözlər-obyektin ən kiçik detallarını belə 20 min metr hündürlükdən izləməyə, onları ərazilərin öyrənilməsi və hərbi əməliyyatların planlaşdırılması üçün istifadə olunan millimetrlik xəritələrə köçürən telekameralar və obyektivlərdir” – deyə italiyalı jurnalistlər yazır.
Hərbi bazanın rəisi Kristofer Denis deyir ki, bazada müxtəlif hərbi təyinatlı bir neçə pilotsuz təyyarə saxlanılır. Komandir qanadlarının eni 35 metrə çatan nəhənglərdən birini göstərir.
Baza komplektasiyalı fotoaparatlarla təchiz olunmuş “Global Hawk”ın qiyməti 220 milyon dollardan çoxdur. Ancaq pilotsuz aparatda quraşdırılmış avadanlıqlardan asılı olaraq qiymət ikiqat arta bilər.
Bazada neçə belə təyyarənin saxlanıldığı məlum deyil. Ola bilsin onların sayı 5-dir.
“Eləcə də əminliklə demək olar ki, bazanın digər hissəsində “General Atomics” şirkəti tərəfindən istehsal edilən kiçik, amma olduqca təhlükəli, bomba daşıyan “Predator” dronları saxlanılır. Lakin ora tamamilə məxfi zonadır” – deyə jurnalistlər yazır.