İyulun 1-də keçiriləcək iki oyunla dünya futbol çempionatının 1/8 final mərhələsinə yekun vurulur. Əvvəlcə Argentina-İsveçrə, sonra Belçika-ABŞ qarşılaşması baş tutacaq.
Bu gün üz-üzə gələcək komandaların əvvəlki görüşlərinin nəticələrinə nəzər saldıqda Argentina millisinin bundan əvvəl 6 dəfə qarşılaşdığı İsveçrəyə heç məğlub olmadığı üzə çıxır: Argentina-İsveçrə oyunlarınn 4-də qalib gələn argentinalılar 2 dəfə heç-heçə ilə kifayətləniblər.
Rəqiblərin ilk qarşıdurması DÇ-1966-nın qrup mərhələsinə təsadüf edib və Argentinanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların yoldaşlıq xarakteri daşıyan son görüşü isə 2012-ci ilin fevralında Berndə baş tutub və argentinalılar 3:1 hesabı ilə qalib gəliblər.
Belçika isə ABŞ-la oyunlarda üstünlüyə malikdir: 5 oyun, 4 qələbə və 1 məğlubiyyət. Yeganə məğlubiyyət uzaq DÇ-1930-a təsadüf edir: ilk dünya çempionatında belçikalılar amerikalılara 0:3 hesabıyla uduzublar. Belçikanın yoldaşlıq görüşlərindəki 4 qələbəsi isə 1995-2013-cü illərdə qeydə alınıb. Sonuncu dəfə 2013-cü ildə Klivlenddə qarşılaşan rəqiblərin duelində belçikalılar 4:2 hesabı ilə qalib gəliblər.
1/8 final qarşılaşmalarından sonra iki gün – iyulun 2-3-də mundialda oyun olmayacaq. Artıq 1/4 final mərhələsi çərçivəsində iyulun 4-də Fransa–Almaniya və Braziliya-Kolumbiya, iyulun 5-də isə Hollandiya-Kosta Rika matçlarının keçiriləcəyi artıq məlumdur (media forum).
Fransa və Almaniya yığmalarının 2013-cü ilin fevralında Sen-Denidə keçirilən son yoldaşlıq görüşündə almanlar qalib gəlsələr (2:1) də, son 25 ildə bu komandaların rəqabətində fransızların aşkar üstünlüyü var: 7 oyun, 5 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət. İndiyə kimi 25 dəfə qarşılaşan rəqiblər 3 dəfə də dünya çempionatlarında qüvvələrini sınayıblar. DÇ-1958-də 3-cü yer uğrunda oyunda 6:3 hesabıyla qalib gələn fransızlar DÇ-1982 və DÇ-1986-nın yarımfinalında isə məğlub olublar: əvvəlcə penaltilər seriyasında 4:5 (əsas və əlavə vaxt – 3:3), dörd il sonra isə 0:2.
Braziliya və Kolumbiya milli komandalarının bundan əvvəlki 25 görüşündən dördü son 10 ildə baş tutub və hamısı heç-heçə yekunlaşıb, o cümlədən ilk üçü 0:0 hesabıyla. Rəqiblər sonuncu dəfə 2012-ci ilin noyabrında Nyu-Yorkda 1:1 hesablı bərabərliklə ayrılıblar. Ümumiyyətlə, Kolumbiya tarixi ərzində yalnız iki dəfə Braziliyaya qalib gəlib: 1985-ci ildə 1:0, 1991-ci ildə isə 2:0 hesabıyla.
Hollandiya və Kosta Rika milli komandaları isə əvvəllər heç qarşılaşmayıblar.