Oxu.Az son zamanlar çəkdirdiyi fotosessiyalar, etdiyi gimnastik hərəkətlər, işlətdiyi ifadələrlə tez-tez xəbər qəhrəmanına çevrilən müğənni Könül Şıxəliyevanın müsahibəsini təqdim edir:
– Oxucular sizin haqqınızda kifayət qədər məlumatlı deyillər. Öz haqqınızda danışın…
– Bakı şəhərində doğulmuşam. 3 il Şotlandiyada yaşamışam. İxtisasca ibtidai sinif müəllimiyəm. Amma heç zaman öz ixtisasım üzrə çalışmamışam.
– Ailə həyatı qurmusunuz?
– Ailə həyatım uğursuz alındı. Bir dəfə ailəli olub, ayrılmışam. 12 yaşında qızım var.
– Səbəb nə idi, niyə ayrıldınız?
– Xasiyyətimiz uyğun gəlmədi, ona görə də ayrıldıq.
– Şpaqat açıb fotosessiya etdirməklə gündəmə daha tez gəlmək istəyirdiniz?
– Xeyr, sadəcə belə alındı. Sözün düzü, həmin şəkilləri seçmək imkanımız olmadı. Ona görə də o şəkildə mətbuata yayıldı. Belə də ki, mən orada pis heç nə görmürəm. Adi gimnastik hərəkətdir. Açıq-saçıq geyimdə deyildim ki. Nə olsun, aparıcı Mətanət Əliverdiyeva da şpaqat açır. Burada pis nə var ki? Evdə vaxtı yoxdur, efirdə idman edir (gülür).
– Həmin şəkillərdən sonra sizinlə münasibət qurmaq istəyən kişilər çox oldu?
– Bəli, çox oldu. Amma hamısını cavabsız qoydum.
– Ayaqlarını və bikini ilə fotolarını sosial şəbəkədə paylaşan məşhurlara münasibətiniz necədir?
– Normal baxıram.
– Sponsor axtarırdınız, tapdınız?
– Xeyr, hələ tapa bilməmişəm. İsveçli rejissorla klip çəkdirmək istəyirəm. Sponsor tapan kimi çəkdirəcəm.
– Könül Şıxəliyeva şou-biznesdə nə etmək istəyir?
– Könül Şıxəliyeva səhnəyə canlanma, dinamika gətirmək istəyir. İndi müğənnilərimizin səhnə performansı çox zəifdir. Hamı eyni səpkidə çıxış edir. Mən isə ifamla yanaşı, həm də rəqslərimlə əsl səhnə performansı nümayiş etdirəcəyəm.
– Erotik klip çəkdirərsiniz?
– Qucaqlaşma səhnəsinə çəkilərəm. Amma intim səhnədə oynamaram.
– Yerli məşhurlardan kiminlə duet oxumaq istərdiniz?
– Eldar Qasımovla. Onu çox bəyənirəm. İstərdim ki, Eldarla ifa edəcəyim duet ingilis dilində olsun. Çünki ingilis dilini də bilirəm.
– Açıqlamalarınızda gözəl olduğunuzu vurğulayırsınız. Ölkəmizdə bir neçə adda gözəllik müsabiqələri keçirilir. Bəlkə bəxtinizi sınayasınız…
– Vaxtında ağlıma gəlsəydi edərdim. Artıq gecdir. Həm də boyum 160 sm-dir.
– Amma bu boyunuzla fotomodel ola bilərsiniz…
– Niyə də olmasın. Maraqlı təklif olsa, dəyərləndirərəm.
– Kompleksləriniz var?
– Mən qoç bürcü, xoruz ilindənəm. Utanmaq deyilən məfhum məndə yoxdur. Komplekssiz insanam.
– Toylara dəvət alırsınız?
– 1-2 ay olar toylarda oxuyuram. Gəlirim toydan gəlir.
– Sizcə, şou-biznesin ən zövqlü və ən zövqsüz nümayəndəsi kimdir?
– Ən zövqlü geyinən qadın müğənni Röya Ayxandır. Kişilərdən isə Zamiq və Kərimdir. Zövqsüz müğənnilərimiz isə o qədərdir ki, sayıb qurtarmaq olmaz. Adlarını çəkmək istəmirəm. Sonra deyəcəklər ki, Könül qalmaqal yaradır.