Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin Kiyev ətrafında yerləşən dəbdəbəli Mejiqorye iqamətgahı indi qaçqın düşərgəsini xatırladır.
Virtualaz.org saytı xəbər verir ki, BBC rus xidmətinin əməkdaşı iqamətgahda olub və orada məskunlaşan qaçqınlarla söhbətləşib.
Hazırda Mejiqorye iqamətgahında Krımdan vıə ölkənin şərqindən olan 70-dən çox adam yaşayır. Onlar bombardmanlardan və əli avtomatlı maskalılardan qaçıb iqaməgaha sığınıblar.
Lakin qaçqınlar hələlik Yanukoviçin evini zəbt etməyiblər, onlar iqamətgahın ərazisində mühafizəçilərinin və digər xidmət personalının yaşaması üçün tikilmiş evlərdə məskunlaşıblar.
İqamətgahın özünü isə gələcəkdə muzeyə çevirmək planı var.
Qaqçqınların Mejiqorye iqamətgahında qəbul edilməsini və yerləşdirilməsini keçmiş Maydan fəalları təşkil edir. Həmçinin Maydan fəalları iqamətgahı gəzmək istəyən turistlərdən pul yığır və həmin pullar hesabına qaçqınlar üçün ərzaq, digər zəruri mallar alınır.
İqamətgahı gəzmək üçün 1-2 dollar ödəmək lazımdır. İqamətgahın komendantı deyir ki, hakimiyyət Mejiqoryedə məskunlaşan qaçqınlarla maraqlanmır, buna ya vaxtı, ya imkanı yoxdur.
Lakin belə vəziyyət uzun müddət davam edə bilməz və hakimiyyət qaçqınlara status verib onları mənzillə təmin etməlidir.