Bakının Qaradağ rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, gənc ailə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 17-ci kilometrliyində yol qəzasına uğrayıb.
29 yaşlı Nəcəfov Emin Şakir oğlunun idarə etdiyi “Audi” markalı avtomobil dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində sürücü və 5 yaşlı Xəyyam Nəcəfov hadisə yerində dünyalarını dəyişiblər. Sürücünün həyat yoldaşı, 29 yaşlı Nəcəfova Xəyalə Əli qızı və digər övladı, 2 yaşlı Elmir Nəcəfov isə xəsarətlər alıblar.
Meyitlər deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər və meyitlər avtomobildən çıxarılıb.
İlkin məlumata görə, gənc ailə Bakıdan toydan qayıdırmış və Sahil qəsəbəsinə gedirmiş. Ailə başçısı avtomobili sərxoş vəziyyətdə və sürətlə idarə edib, nəticədə idarəetməni itirib.