Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Binəqədi Rayon Icra Hakimiyyətini məhkəməyə verib. Azvision.az-ın məlumatına görə, 1 saylı Bakı Iqtisad Məhkəməsinə müraciət edən ARDNŞ Icra hakimiyyətindən torpaq mülkiyyəti ilə bağlı verilən sərəncamın ləğv edilməsini istəyir.
Məhkəmə iclası hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilir.
Binəqədi Rayon Icra Hakimiyyətinin başçısı Xaləddin Isgəndərovdur. O, vergilər naziri Fazil Məmmədovun qohumudur. ARDNŞ-lə Binəqədi Rayon Icra Hakimiyyəti arasında çəkişmə hələ Alı Qocayev bu rayonun icra başçısı olandan başlayıb. Məsələnin kökündə isə ARDNŞ-in balansında olan ərazilərin vətəndaşlara satılmasıdır. Elə Alı Qocayevin Binəqədidən uzaqlaşdırılması da bu konfliktlə izah edilir. Görünür, Xaləddin Isgəndərov da Alı Qocayevin yolunu gedir.
ARDNŞ-in Binəqədi Rayon Icra Hakimiyyətini məhkəməyə verməsi Fazil Məmmədovla Rövnəq Abdullayevin üz-üzə gəlməsi kimi də qiymətləndirilir. Hər halda Fazil Məmmədov Xaləddin Isgəndərovun ARDNŞ-lə çəkişməsində qohumunu müdafiə edəcək. Bu isə məsələnin daha da böyüməsi və hakimiyyətdəki iki iri oliqarxın arasında ciddi qarşıdurmanın yaranmasına səbəb ola bilər.
Azadliq.info