Spirtin və nəfsin məhv etdiyi istedadlar… Ölümünə içməsəniz olmazmı? Ümumiyyətlə heç içməsəniz olmazmı? İçmədən də yazmaq, həm də gözəl yazmaq mümkündü. Maşınınıza çirkli benzin tökməzsiz heç vaxt. O dəmir parçasına qıymazsız. Ki, heyfdi, xarab olar, sizi yolda qoyar. Bəs o zaman mədənizə niyə o qədər zərərli və çirkli maddə tökürsüz? Axı bir gün yarı yolda qalacaqsız. Maşın yarı yolda qalanda onu qoşquyla harasa aparmaq olur, təmir etdirmək, yeniləmək olur. Amma insanın ömrü öz ağılsızlığı və nəfsi üzündən yarı yolda qırılanda onu aparacaq tək bir ünvan qalır… Arxanda da bir çətən külfəti buraxıb əbədiyyətə uğurlanırsan. Övladlarınız da böyüyəndə atalarının araqdan öldüyünü bilib utanacaqlar. Bu sadə məntiqi, gerçəkliyi qəbul etmək o qədərmi çətindi?
***
Aqşin Azərbaycan mətbuatının “yeyib-içən oğlanlar” zümrəsinin nümunəsidi. Sonu faciə ilə yekunlaşmış nümunəsi. Sanki Allah Aqşini digərlərinə görk üçün yatağa saldı. Siz də gözləyirsiz ki, yatağa düşəsiz, gənc yaşınızda yarımcan olasız, xəstəxana divarları arasında düşdüyünüz durumdan vahimələnib “indən sonra həyatımda ciddi redaktələr edəcəm” deyəsiz? Həyatınızda, tərzinizdə, ən əsası nəfsinizdə redaktə edin ki, sonra bunları məcburiyyətdən etməyəsiz.
***
Şərt deyil ki, insan çox yaşaya. Əsas odur ki, nə qədər ömürümüz var, sağlam yaşayaq. Bu da öz əlindədi insanın. Sağlamlıqdan gözəl nemətmi var bu dünyada? Sağlamlığa bilərəkdən zərər yetirməyə görə Cinayət Məcəlləsində maddə var. Biri digərinin sağlamlığına bilərəkdən xəsarət yetirəndə onu həbs edirlər. Mühakimə edirlər. Məhkəmə qarşısına çıxarırlar. Bəs insan özü öz sağlamlığına xəsarət yetirəndə bunun cəzasını kim çəkir? İlk növbədə özü. Sonra ailəsi – övladları, ata-anası, qardaş-bacısı və s. Heç şübhəsiz araqdan ölüb gedən insanların o dünyada cəzası ağır olur. O dünyada mühakimə olunurlar. Bu dünyada buna görə cəza varsa, axirətdə də olmamış deyil.
***
Fəlsəfə açmaq fikrindən uzağıq. Sadəcə istedadlı, gənc, enerjili həmkarlarımızın özlərini göz görə-görə ölümə sürükləmələri adamı heyfsləndirməklə yanaşı həm də heyrətə salır. Bir yandan da onları bu yoldan çəkindirə bilməmək, tədrici intihardan yayındıra bilməmək üzür insanı.
Hamımız öləcəyik. Amma bir az abırlı şəkildə ölmək lazımdı. Allah dostlarımızı qorusun və ürəklərinə rəhm salsın ki, özlərinə qarşı bunca amansız və qəddar olmasınlar.