“Prokuror Mahir Cavadovla uzun və gərgin mübahisələrimiz olub, hətta fiziki cəhətdən məhv olunma təhlükəsini də yaşamışam”
Modern.az saytının “Elçibəy hakimiyyətinin icra başçıları” rubrikasının qonağı olan Xətai rayon İcra Hakimiyyətinin başçısı işləmiş, hazırda “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlidir.
– Sizin icra başçısı təyin olunmağınız üçün namizədliyinizi kim irəli sürmüşdü?
– Elçibəy hakimiyyəti xalq hərəkatının məntiqi idi. Bu həm də həqiqətən xalqın hakimiyyəti idi. O vaxt xalq hərəkatının önündə təbii ki, Xalq Cəbhəsi, onun yerlərdəki təşkilatları gedirdi. Mən o zaman cəbhənin Xətai təşkilatına rəhbərlik edirdim, 9 min üzvümüz vardı. 30 yaşım olsa da, Xətaidə kifayət qədər tanınan, eyni zamanda yerli camaat arasında etimad qazanan birisi idim. Mənin icra başçısı təyin olunmağımla bağlı ilk dəstək məhz aşağıdan, yəni xalqın içərisindən gəlirdi. Qeyd edim ki, dəstəklənməyimə baxmayaraq bir neçə dəfə başqa birisinin, məsələn, professorlardan birinin namizəd olmasını təklif etmişdim. Ancaq heç kəs alternativim belə, olmaq istəmədi. Nəticədə Xalq Cəbhəsinin Xətai rayon təşkilatının konfransında mənim icra başçısı təyin olunmağımla bağlı yekdilliklə qərar qəbul olundu. Qeyd edim ki, mən Elçibəy prezident seçilənə qədər birinci müavin işləmişəm, sonra isə başçı təyin olunmuşam.
– Adətən, o vaxtkı hakimiyyətin kadrları barədə danışanda onları səriştəsizlikdə, idarəetmə təcrübəsinin olmamasında qınayırdılar. 30 yaşında idarəçilik təcrübəsi olmayan Zəlimxan Məmmədli üçün icra başçısı işləmək çətin deyildimi? O zaman SSRİ kimi imperiya yeni dağılmışdı, uzun illər vəzifədə olan kommunistlər taleləri ilə barışmaq istəmirdilər…
– Bu, əslində sovet psixologiyasının formalaşdırdığı rəy idi. Amma yaddan çıxartmayaq ki, mən xalqın etimad göstərdiyi insan kimi vəzifəyə təyin olunmuşdum. Ona görə, şəxsən mənim üçün bu rayonda rəhbər işləmək çətinlik yaratmırdı. Digər tərəfdən, xalq hərəkatının içərisində olmaq özü bir təcrübə idi. Fikrimcə, kiminsə təcrübəli, yaxud təcrübəsiz olması iddiası özü yanlışdır. Çünki 50 il vəzifədə işləmiş birisi də günün birində milli mənafeyə xəyanət edə bilər. Vətən, millət sevgisi hər şeydən önəmlidir.
– İşləmək üçün həm də komanda lazımdır. Bir illik hakimiyyət zamanında siz özünüzə belə komanda formalaşdıra bilmişdinizmi?
– Yox. Çünki komanda formalaşdırmaq çətin məsələdir. Biz o vaxt balanslı bir xətt götürmüşdük. Məsələn, bizim İcra Hakimiyyətinin aparatında müavinlər, şöbə müdirləri və digər vəzifələrdə əvvəlki dövrdə işləyən kadrlar qalmışdı. Etiraf edirəm ki, şəxsən mən bir qədər çəkinirdim. Məsələn, direktorlar korpusunu tamamilə dəyişdirmək mümkün deyildi. Bizi bəzən qınayırlar ki, o zaman hakimiyyətə gələn kimi bütün vəzifələrə yalnız Xalq Cəbhəsinin üzvü olan gətirilirdi. Öz adımdan danışıram, Xətai rayonunda belə olmayıb. Əslində bizdən əvvəl işləyən adamların təcrübəsini milli dövlət quruculuğuna yönəltmək hər şeydən önəmli idi. Məncə, o zaman bütün resurslar milli dövlət quruculuğuna yönəlsəydi, proses davamlı olsaydı, Azərbaycanın qarşısında təkcə Cənubi Qafqazda deyil, ümumilikdə postsovet məkanında dura biləcək dövlət olmayacaqdı. Bir faktı mütləq qeyd etməliyəm. İcra başçısı kimi təqdim olunanda zala nəzər yetirdim, vəzifəli şəxslərin gözlərindən qorxaqlıq sezilirdi. Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini rəhmətlik Həbib Fətəliyev təqdim edib sözü mənə verdi. Dedim ki, zalda bəzi adamların gözündəki qorxunu hiss edirəm, mən o gözlərdən, o qəlblərdən qorxunu çıxaracağam. Sonra dedim ki, bura yığışan idarə müdirlərindəki qorxu sevgiyə çevrilməlidir. Mən düşünürdüm ki, hakimiyyət kimin üçünsə qorxu mənbəyi olmamalı idi. Əlbəttə, hakimiyyəti ən sərt şəkildə tənqid də etmək olar, amma vətəndaş hakimiyyət nümayəndəsini görəndə titrəməməlidir. Mütləq bunu da qeyd etməliyəm, adını çəkməyəcəyəm, bir polis rəisi vardı, mən onun kabinetimə hər dəfə girəndə qarşımda baş əyməyini tərgidə bilmədim.
– Yeri gəlmişkən, o vaxtkı icra başçılarının bir neçəsindən eşitmişəm, bəzi polis rəisləri açıqca deyirmişlər ki, mənim rəhbərim – o vaxt daxili işlər naziri nəzərdə tutulurdu, sənin rəhbərini saymır. Xətaidə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq məsələsində hansısa problemlə üzləşmisinizmi?
– Bu, çox ciddi problemlərdən biri idi. Məsələn, prokurorluq sistemi, daxili işlər orqanları, ümumiyyətlə SSRİ Kommunist Partiyasının nəzarətində olmuşdular. Onların sərbəstliyi o zaman formal xarakter daşıyırdı. Təəssüf ki, hüquq-mühafizə orqanları bizim hakimiyyət dövründə tam olaraq milli kadrlar bazasında qurula bilmədi. Bunun əsas səbəblərindən biri mərkəzi hakimiyyətdə buraxılan ciddi səhvlər, ambisiyalar, hikkələr, süni mənəm-mənəmlik idi. Məsələn, Xətai rayon prokuroru olan Mahir Cavadov böyük bir iddia ilə yaşayırdı. Allah rəhmət eləsin, mənim Rövşən Cavadovla da tanışlığım vardı, bu iki qardaş açıq-aşkar deyirdilər ki, hakimiyyətə gələcəklər. Mənim Mahir Cavadovla xeyli söhbətlərimiz olub, onu kabinetimə də dəvət etmişəm. Demişəm ki, biz milli dövlət qururuq, belə dövlətdə hüquq-mühafizə orqanı mərkəzi hakimiyyətlə bu cür davranmamalıdır. Məsələn, kriminal qüvvələr hər zaman direktor korpusuna mane olurdu. Onları himayə edənlərdən biri də Mahir Cavadov olduğundan, düşündüm ki, deməli, bu öz yerində deyil. İkincisi, şəxsən mən bir ildə dörd polis rəisi dəyişdirmişəm.
– Onlar sizin təkidinizlə dəyişdiriliblər?
– Elə polis rəisi vardı ki, onu tərifləmişəm, ancaq həmin gün sərəncamını verib işdən çıxarıblar. Hansısa polis rəisinin dəyişdirilməsi ilə bağlı xüsusi təqdimat verməmişəm. Çalışmışam, kim bu vəzifəyə təyin olunubsa, işləsin, buna özüm də maraqlı idim. Heç vaxt demədiyim bir məsələni də sizə söyləcəyəm. Məndən əvvəl işləyən Kotkov soyadlı bir polis rəisi vardı. Biz onun vasitəsilə öz vəsaitimiz hesabına Şuşaya iki maşın silah aparmışıq. Rəhmətə gedib, ruhu şad olsun, bizə ən çox xidmət edənlərdən biri idi. Sizin dediyiniz məsələni, yəni onun rəhbərinin bizim rəhbərimizi saymamasını, rəislərdən biri də mənə söyləyib. Ancaq o and içdi ki, belə şərəfsizliyə qol qoymayacaq. Dedi ki, rayonun rəhbəri sənsən, necə lazımdırsa, o cür də işləyəcəyəm.
– Siz Mahir Cavadovun iddialarından, özünü ipə-sapa yatmayan prokuror kimi apardığını qeyd etdiniz. Onunla ciddi mübahisələriniz olurdumu? Prokuror kimi onun barəsində sizə şikayətlər daxil olurdumu?
– Mən hər şeyi görürdüm, məsələn, Mahir Cavadov prokuror kimi vəzifəsini yerinə yetirmirdi, bu struktur getdikcə daha da siyasiləşirdi, o, OMON faktorundan, Rövşən Cavadovun mövqeyindən istifadə edirdi. Təbii ki, mən onun prokuror kimi vəzifədən çıxarılması haqqında təqdimat vermişəm. Açığını deyim, uzun və gərgin mübahisələrimiz olub, hətta fiziki cəhətdən məhv olunma təhlükəsini də yaşamışam. Bəlkə bunu da heç yer də söyləməmişəm, Əbülfəz bəylə Mahir Cavadovla bağlı uzun söhbətimiz olub. Dedi, bəy bis sıra faktorlara görə mərkəzi hakimiyyətin bu məsələ ilə bağlı qəti qərar qəbul etməsinə zaman lazımdır. O zaman doğrudan da bu cür qərarların qəbuluna OMON da ciddi reaksiya verdiyindən, Əbülfəz bəy düz deyirdi. Bəy mənə tövsiyə etdi ki, çalış gərginlik artmasın. Təbii ki, mən Əbülfəz bəyin dediyinə əməl etdim. Amma Mahir Cavadov lap sonda, yəni mən istefa verib gedəndə dedi ki, mənimlə şəxsi problemi olmayıb və artıq özlərinin hakimiyyətə gələcəyini söylədi. Mən isə hakimiyyətə gələcəkləri şəxsi yaxşı tanımadıqlarını bildirdim. Mahir deyirdi ki, Əbülfəz Elçibəy idarə edə bilmədiyindən indi növbə bizimdir. Onun hakimiyyət iddialarının nəticəsi isə hamıya məlumdur.
– Sizin başçı işlədiyiniz rayonda camaat daha çox nədən şikayət edirdi. O vaxt çörəklə bağlı ciddi problemlər yaranmışdı.
– Mənə daxil olan ərizələrin əksəriyyəti yeli mənzil-istismar idarələrində süpürgəçi işləməklə bağlı idi. O vaxt Bakı şəhər İcra Hakimiyyətinin başçısı rəhmətlik Rauf Gülməmmədovun təklifi ilə birdən-birə süpürgəcilərin maaşı 5 dəfə qaldırılmışdı. Həmin məbləğ o vaxtkı icra başçısının əmək haqqının yarısı qədər idi. Təbii ki, mənzil problemi ilə də bağlı müraciət edənlər kifayət qədər idi. Hüquq-mühafizə orqanları, məhkəmələrlə də bağlı narazılıqlar olurdu. Biz bir qəbul mexanizmi fikirləşmişdik, həftənin bir günü “açıq qapı” elan olunmuşdu. Həmin gün polis rəisi, məhkəmə sədri, prokuror, digər müvafiq təşkilatların rəhbərləri camaatla görüşürdü, hər kəs dərdini-sərini deyirdi. Bir çox məsələ elə həmin görüşdəcə həll olunurdu.
– İşinizə mərkəzi hakimiyyətdən, yaxud Prezident Aparatında çalışan məmurlardan kənar müdaxilələr olurdumu? Məsələn, hansısa məmur Zəlimxan Məmmədlini qəbul etmədiyindən sizə qarşı mənfi rəy yaratmağa cəhd edirdimi?
– Yox, mərkəzi hakimiyyətlə heç bir ciddi problemim olmayıb. Prezident demişdi ki, sənə etibar edirəm, müstəqilsən, dövlətin və millətin maraqlarına uyğun gələn qərarları qəbul edə bilərsən. Amma cəmiyyətimiz bu gün də onun ağrısını yaşayır, o zaman “Yurd” qrupu vardı. Məsələn, bir gün məlum oldu ki, İşlər idarəsinin müdiri yerində yoxdur. Maraqlandım, məlum oldu ki, “Yurd”un Prezident Aparatında çalışan üzvləri tərəfindən ora dəvət olunub. Sonra özü etriraf etdi ki, onu hara, kimlər və nəyə görə çağırıblar. Bu, bir destruktiv xətt idi. Mən bu məsələni prezident səviyyəsində də qaldırmışdım. Açığını deyirəm, mənim dövlət başçısı, baş nazir, onun müavinləri, parlamentin sədri ilə yüksək səviyyədə səmimi münasibətlərim olub. Onların mənə qanundankənar, millətin və dövlətin mənafeyinə uyğun olmayan, yaxud özəl maraqlarına uyğun heç bir göstərişi olmayıb.
– Prezidentə ən vacib hesab etdiyiniz məsələ haqda məlumat vermək, onunla görüşmək imkanınız vardımı? Çünki bəzi iddialara görə o vaxt kimlərsə Əbülfəz bəyi guya hətta yaxın hesab etdiyi adamlarla görüşdən təcrid edə bilirdilər…
– Əslində prezidentə qədər xeyli vəzifə sahibi, struktur var. Mənə gəldikdə, bir çox icra başçısında olmasa da, otağımda prezidentlə birbaşa əlaqə üçün dörd rəqəmli telefon vardı. Hətta Əbülfəz bəy idarəetmədəki problemlərlə bağlı istənilən zaman qapısının açıq olduğunu bəyan etmişdi. Şəxsən mənim hakimiyyət orqanlarının heç biri ilə problemim olmayıb. Əslində mən hər problemin mərkəzi icra hakimiyyətinin hesabına həll olunmasının da tərəfdarı deyildim. Bizdə büdcədənkənar hesablar formalaşmışdı, biz bura yığılan vəsaitin hesabına Xətaidə bir sıra işləri görə bilirdik. Xətainin heykəli, Xocalı abidəsi, avtonəqliyyat idarəsi də həmin vəsait hesabına başa gəlib.
– Bir sistemdən başqa bir sistemə keçmişdik. Sizə rüşvət təklif edənlər olurdumu? Əgər belə faktlarla üzləşmisinizsə, kimlər idi, nəyə görə rüşvət vermək istəyirdilər?
– Təbii ki, əvvəlki sistemdə çalışan direktor korpusu özünü rahat hiss etmirdi. Bir fakt deyəcəyəm, birisi vardı, artıq rəhmətə gedib, kabinetimə gəlib dedi ki, sabah Cəbrayıl rayonuna gedirsiniz, bu da lazım ola bilər, kağıza bükdüyü pulu götürməyimi istədi. Dedim ki, mən kef çəkməyə getmirəm, Cəbrayıla gedirəm, kişi get işini gör, işçilərinin problemlərini həll et. Durub gedib və elə başa düşüb ki, pulu az olduğu üçün götürməmişəm. Əvvəlkini ikiqat artırıb 15 gün sonra yenidən gəlib. Yenə geri qaytarmışam, ehtiyac olmadığını bildirmişəm. Təsəvvür edin, həmin adam düşünüb ki, mən cavan adamam, görünür daha çox məbləğ umuram və bu dəfə pulun miqdarını 100 minə çatdırıb. Sonradan öyrəndim ki, bu cür adamlar rayona yeni gələn rəhbərə “xoş gəldin” etməyə öyrəniblərmiş. Ona görə hər idarə müdirinin ayrıca “xoş gəldin” məbləği, məsələn, 300-500 min müəyyən olunubmuş. Təsəvvür edin, həmin adam üçüncü dəfə gələndə otaqdan birdəfəlik qovmuşam. Həmin pul müsadirə olunub, akt tərtib etmişik, ancaq onu həbs etdirməmişik. Mən bu gün də fəxr edirəm ki, Əbülfəz Elçibəy kimi bir kişinin tələbəsi olmuşam. O həm də bizə əxlaqlı bir kişi nümunəsi olub. Bir məsələni qeyd edim, uzun illər diş texniki işləmişəm, dolanışığım kifayət qədər normal olub. Ancaq icra başçısı kimi yaşayış baxımından həyatımda ən çətin dövrümü yaşamışam. Səbəb heç kəsdən rüşvət, hədiyyə kimi nəyisə qəbul etməməyim olub. Mən icra başçısı işləyəndə diş texniki kimi qazandığım pulumu xərcləmişəm. Hətta rəhmətlik atam bir dəfə rayondan gələndə dedi ki, oğul, əvvəl soyuducun dolu olardı, indi icra başçısısan, soyuducunda bir şey yoxdur. Dedim ki, ata əvvəl qazanırdım, indi yalnız əmək haqqı alıram. Keçmiş kişilərdən idi, dedi, niyə rüşvət almırsan?
– İcra başçısı vəzifəsindən getdiyiniz on ildən çoxdur, yenə Xətaidə yaşayır, orada öz ixtisasınız üzrə işləyirsiniz. Təbii ki, camaatla xeyir-şərdə də üzləşirsiniz. Üz-üzə gəldiyiniz insanların münasibəti necədir?
– Bəlkə də tək-tük adamlardan biriyəm ki, beş dəfə mandatımı verməyiblər. 1990-cı ildə hətta deputatlığa namizəd kimi mandatım yazılıb, sonra ləğv olunub. Hər zaman alternativim olan digərləri də etiraf ediblər ki, Xətaidə namizədliyimi irəli sürdüyüm dairədə hamıdan çox səs toplamışam. Əlbəttə, oyun qaydaları tamamilə başqa cür olduğundan seçicilərimin mənə etimadını qalib kimi reallaşdırmaq mümkün olmayıb. Düşünürəm ki, mənə bundan böyük etimad ola bilməz. Mən icra başçısı olduğum üçün həddindən artıq alnıaçıq şəkildə Xətai rayon sakinlərinin üzünə çıxa bilirəm, kimdənsə çəkinməyimə əsas verəcək bir əməlin sahibi olmamışam. Hər zaman küçədə qarşılaşdığım insanlar ürəkdən salam verirlər.
– Hamının razı qalması da mümkün deyil. Kimsə sizinlə rastlaşanda icra başçısı olduğunuz zaman onun hansısa xahişini, yaxud istəyini yerinə yetirmədiyiniz üçün sizə iradını, yaxud narazılığını bildiribmi?
– Belə fakt olub. Məsələn, biri deyib ki, mənə o vaxt qaraj, köşk verməmisən. Cavabım konkret olub: “Yaxşı etmişəm, elə indi də bu vəzifəyə gəlsəm, yenə o cür addım atardım. Çünki bu şəhəri köşkxanaya döndərmək olmaz”. Seçki kampaniyalarından birində keçirdiyim görüşdə 500-dən çox adam iştirak edirdi. Dedim ki, bu zaldakılardan biri durub mənim icra başçısı işlədiyim zaman rüşvət aldığımı desə, nəinki namizədliyimdən, hətta vətəndaşlıqdan imtina etməyə hazıram.
– O vaxtkı hakimiyyəti gözdən salmaq üçün müxtəlif təxribatlar olurdu. Xətaidə də belə faktlarla üzləşirdinizmi?
– Bildiyiniz kimi, o vaxt çörəklə bağlı təxribatlar daha çox olurdu. Məsələn, çörəyi mağazalara vermir, evlərə aparırdılar, hətta dənizə tökülməsi ilə də bağlı fakt baş verib. Əslində, o vaxt üçün gözəgörünməz olan həmin qüvvələr elə indi hakimiyyətdə təmsil olunurlar, onlar Xalq Cəbhəsi hakimiyyətinə qarşı müxalif mövqedən çıxış edən, bir sözlə, düşmən dəyirmanına su tökənlər idi. Məsələn, Bakıda Elçibəy haqqında nələr demirdilər. Bu dəqiq fakt idi ki, gündə muzdla tutulan minlərlə adam küçələrdə Elçibəy barəsində təhqiramiz fikirlər söyləyir, cammatın gözündən onu salmağa çalışırdı. Bunu o zaman Milli Təhlükəsizlik Nazirliyində olan dostlarımız da etiraf edirdilər.
– Xalq Cəbhəsinin bir ildən sonra hakimiyyətdən getməsinin həm obyektiv, həm də subyektiv səbəbləri olub. Sizə elə gəlmir ki, o vatkı hakimiyyətin daxilində yekcinsliyin olmaması da səbəblərdən biriydi? Hətta bir çoxları iddia edir ki, İsa Qəmbər parlamentin sədri kimi hakimiyyətdə ola-ola öz komandasını, Əli Kərimli isə öz komandasını formalaşdırmağa çalışırdılar…
– Bəli, yekcinslik yox idi. Bizim o vaxt bir neçə müzakirəmizdən sonra belə fikir formalaşdı ki, süni partiya quruculuğu ümumi idarəetməyə ziyan vurur. Məsələn, Xətai rayon İcra Hakimiyyəti daxilindəki bir faktı qeyd etdim. O zaman biz bunun qarşısını aldığımızdan, bu cür ciddi problemlə sonradan rastlaşmadıq. Amma elə rayonlar vardı ki, hətta cəbhəçilər öz hakimiyyətlərinin istefasını tələb etdilər. Ola bilsin ki, bu həm də idarəetmənin düzgün qurulmamasından irəli gəlirdi. Ancaq mərkəzi hakimiyyətdə buraxılan səhvlər, boşluqlar istər-istəməz təsirini göstərirdi. Bu məsələyə görə biz bir neçə nəfər prezidentlə görüşdük və uzun söhbətimiz oldu. Hətta elə vaxt olub ki, biz istefa ərizəmiz cibimizdə həmin görüşə getmişik. Eyni zamanda onu da qeyd etməliyəm ki, çoxpartiyalı sistemə gedişin qarşısını almaq mümkün deyildi. Bildiyiniz kimi, AMİP, Ana Vətən Partiyası artıq yaranmışdı. Hakimiyyətdə təmsil olunan qüvvənin gələcək seçkilərdə iştirakı üçün də partiya sistemi qurulmalıydı. Bunu bilirəm ki, Müsavatın yaradılmasının xeyir-duasını şəxsən Elçibəy özü vermişdi. Yeni parlament seçkilərinin keçirilməsi istəyi vardı, ona görə Elçibəy özü İsa Qəmbərə belə partiyanın yaradılmasını məsləhət görmüşdü.
– 1993-cü ilin iyun hadisələri Xalq Cəbhəsi hakimiyyətinin sonunu gətirdi. O zaman həm mərkəzi hakimiyyətdə, həm də yerlərdə təmsil olunanlar ya istefa verir, ya vəzifələrini dondururdular. Siz necə getdiniz?
– İyun ayının 24-də Əbülfəz Elçibəyin parlamentdə səlahiyyətlərinin alınması Azərbaycan milli-dövlət quruculuğunun qara səhifələrindən biridir. Milli dövlətə o cür xəyanət etmək olmazdı. Hakimiyyət dəyişikliyi üçün daha demokratik, daha sivil formalardan istifadə etmək olardı. İyunun 24-də baş verən prosesdən sonra ilk bəyanat müəlliflərindən biri mən olmuşam. Mənə o vaxt rəhmətlik Afiyəddin Cəlilov, Rəsul Quliyev, Abbas Abbasov getməməyimlə bağlı müraciət etmişdilər. Amma necə getməyə bilərdim? Qarşımıza çıxan qüvvə mənim qolumu-qanadımı sındırırdı. Biz həm də addımımızla hakimiyyətdən getməyin siyasi mədəniyyət nümunəsi olduğunu göstərirdik.
– Nəticədə istefa verdiniz?
– Yox, parlamentin qərarına etiraz etdik, qanuni hakimiyyətin legitimliyi təmin olunana qədər fəaliyyətimizi dayandırdıq. Bəzən bizi bu addımımıza görə qınayırlar. Məsələn, mən aparatı yığıb müavin olan, indi səhv etmirəmsə Nizami rayon İcra Hakimiyyətində şöbə müdiri işləyən Hacımurad Hənifəyevə səlahiyyətimi müvəqqəti həvalə etmişəm. Qeyd edim ki, o bizim cəbhə hakimiyyətinin də kadrı deyildi. Mütləq qeyd etməliyəm ki, bizim dövrümüzdə çox ləyaqətlə işləyən məmurlardan biri idi. Mən qanuni hakimiyyəti elə-belə təhvil verə bilməzdim. Sonradan Heydər Əliyevin sərəncamı ilə vəzifəmdən azad olunmuşam.