“İnsan ilk olaraq öz arzularının gerçəkləşdirmək istəyir”.
Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin qonağı olan Azərbaycan – Britaniya Məzunlar Birliyinin ( Azerbaijan – UK Alumni association – AUKAA) digər üzvü, Unibankın kredit riskləri mütəxəssisi Turan Qarayevadır.
– Turan, Siz AUKKA-nın ən gənc üzvüsünüz?
– Dəqiq bilmirəm. AUKKA-ya üzv olmağımın tarixcəsindən sizə danışım. İngiltərədə artıq ikinci magistr proqramıma başlamışdım. Sosial şəbəkələrdən birində İngiltərədə həmyerlilərimizin “Birlik” adlı qəzəti dərc edəcəklərini oxudum. Yazmağa olan marağımdan redaksiya ilə əlaqə saxladım.
İkinci sayda “Hyde Parka bir də mənim gözlərimlə baxın” adlı məqaləm dərc olundu. Qəzətin elə həmin sayında AUKKA haqqında məqaləyə rast gəldim, daha sonra sosial şəbəkədə fəaliyyətini izlədim. AUKKA-nın xeyriyyə məqsədli təşkil etdiyi tədbirləri təqdirəlayiqdir. Gələcəkdə mən də bu tədbirlərdə yaxından iştirak etməyə hazıram.
– Deməli, İngiltərədə uzun müddət yaşamısınız?
– Bəli, iki ildən çox Londonda yaşadım. Mən bakalavra daxil olduqdan sonra, magistr təhsilimi xarici ölkələrdən birində almaq qərarını verdim. İngiltərəni isə atamla məsləhətləşdikdən sonra seçdim.
London School of Business and Finance magistr təhsili aldım. London o şəhərdir ki, mən ömrümü orada başa vura bilərəm. Londonda elə yerlər var ki, mənim xüsusi xatirlərim, istəklərim var. Londonun küləksiz olmasını sevirəm…
– Amma yağışlı…
– Bəli, küləksiz, amma yağışlı Londonu sevirəm. Bəzi insanlar deyir ki, London boz şəhərdir, amma mənim üçün elə deyil. Londonu çox sevdim. Bu şəhər atamla son görüş yerim oldu.
– Görünür şəhərə tez alışmısınız, bəs dərslərlə bağlı necə, çətinlikləriniz olmadı?
– Bilirsiniz, mənim ilk təhsilim hüquqşünaslıq olub. Atam isə audit sahəsində çalışırdı. O həmişə deyirdi ki, xarici dil bilsəydim, məhz risklərin idarə olunması sahəsində xaricdə təhsil alardım.
Mən də qərara gəldim ki, elə bu sahədə təhsilimi davam etdirim. Lakin ilk təhsilim hüquqşünas olduğundan mən iki magistr təhsili aldım. İlk strateji menecment və liderlik üzrə magistr oxudum.
Daha sonra risklərin idarə olunması üzrə təhsil aldım. Bu səbəbdən də magistr təhsilim iki ildən çox davam etdi. Amma halımdan çox razı idim, daha uzun müddət orada yaşaya bilərdim.
Lakin karyera qurmaq üçün iş təcrübəsi lazımdır. Mənim isə demək olar ki, iş təcrübəm yox idi. Düzdür, artıq elə İngiltərədə Türkiyənin Ziraat Bankında işləməyə başlamışdım.
– Bildiyim qədəri ilə iş vizası almaq çətindir…
– Doğrudur. Mən elə tələbə vizası ilə işləyirdim. İş vizası almaq mümkün olmadı. Mən də diplom işimi yazdığım müddəti dəyərləndirmək üçün Bakıya qayıtdım və yerli bankların birində, yəni Unibankda işə başladım. Risklərin idarə olunması bizdə yeni sahədir.
Neft üzərində qurulmuş iqtisadiyyatımız olduğundan ya neft sahəsində, ya da sırf maliyyə sahəsində çalışmalı idim. Mən də maliyyə sahəsini seçdim. Risklərin idarə olunması sahəsini oxuduqca sevdim. Çünki düşünürdüm ki, atamla məsləhətləşib, marketinq oxuyacağam. Bir müddət oxuduqdan sonra, ixtisas seçimi etməlisən. İxtisas seçimlərinə 10 gün qalmış isə atamı itirdim.
Təcili Bakıya gəldim. Qayıdanda isə seçimlər bitmişdi. Bu halda isə hansı sinifdə yer varsa, orada oxumalı olursan. Apellyasiyaya müraciət etdim, problemi anlatdım. Atamın qırx mərasiminə görə yenidən Bakıya gələndə email aldım ki, Risklərin idarə olunması qrupuna qəbul olunmuşam.
Atam dünyasını dəyişmişdi, mən də onun arzusunu yerinə yetirmək istədim. İndi isə sevinirəm ki, məhz bu sahəni seçmişəm. Çünki marketinq sahəsində çalışanlar, kifayət qədər mütəxəssis var. Risklərin idarə olunması isə sanki Azərbaycanda kəşf gözləyir.
Heç düşünməzdim ki, rəqəmlərlə işləməməyi belə sevə bilərəm. Çünki ədəbiyyatı, tarixi daha çox sevmişəm. İndi isə böyük həvəslə bu sahəni araşdırıram, doktorantura oxumaq istəyirəm.
– Öz maraqlarını bir kənara quyub, ölkəsində axsayan sahələrin inkişafı üçün çalışmağı seçmək müsbət haldır…
– Əslində mən deməzdim ki, bu seçimdə sırf dövlət maraqlarını düşünmüşəm. Çünki inanmıram ki, kimsə karyera seçimində ilk olaraq dövlət maraqlarını düşünsün. İnsan ilk olaraq öz arzularının gerçəkləşdirmək istəyir. Amma mən bu ölkənin insanıyam, buraya aidəm.
Bu ölkədən daha çox qazanacağım ölkədə sırf maddi maraqlara görə qalıb yaşamaram. Çünki mən burada xoşbəxtəm və elə burada qalıb məni xoşbəxt edəcək amilləri çoxaltmağa çalışıram.
Çox qəribədir, məndən soruşurlar ki, London üçün darıxmırsan? Mən 22 il bu şəhərdə yaşamışam, necə ola bilər ki, qısa zaman yaşadığın yer üçün darıxasan?
Doğma şəhər haqqında “Hyde Parka bir də mənim gözlərimlə baxın” məqaləmdə yazmışdım. Məncə sənin ailən, dostların, sevdiyin insanlar, adət etdiyin hər şey sənin doğma şəhərini təşkil edir.
– Bloqunuzu izləyirəm, yaxşı yazılar və yanaşmalar var…
– Yazmaq vərdişinin yaranmasını Ayşəd müəlliməmə borcluyam. Ədəbiyyat müəlliməm olub, mənə ədəbiyyatı sevdirib. Çox az insanın həyatında müəllimi belə ciddi rol oynaya bilər.
– Turan, bəs sizcə xaricdə təhsil almaq, orada yaşamaq dünyagörüşün formalaşmasında hansı rolu oynayır?
– Mən hesab edirəm ki, yanaşma tərzi insanın özündən asılıdır. Yəni mən elə insanlar tanıyıram ki, xaricdə təhsil almış olsalar da, dar düşüncəyə malikdirlər. Ola bilsin ki, insan hətta təyyarəyə minməsin, amma özünü yüksək maarifləndirmiş olsun.
Amma əlbəttə insan bir qədər fərqli düşüncə tərzinə sahib olmalıdır ki, ölkənin hüdudlarını tərk etməyə, təhsil almağa, tək yaşamağa cəsarət etsin.
Yeni mədəniyyət, təhsil səviyyəsi, insanlarla tanış olmağın müsbət təsirləri olur. Məsələn, mən İngiltərədə yaşamadan öncə hindli ilə pakistanlını ayıra bilmirdim. Onu da deyim ki, mənim ingilis tanışım çox deyil.
Çünki İngiltərədə miqrantlar çoxdur, hər şeydə qarşına müsəlmanlar çıxır. İngiltərədə məni təəccübləndirən məqamlardan biri Ramazan bayramında endirimlərin olması oldu. Bu da onu göstərir ki, ölkədə müsəlmanlar çoxdur.
– Çox gəncsiniz, hələ yolun başındasınız. Bu gün uğurunuzu nədə görürsünüz?
– Haqlısınız, təhsil almaq yolun başı deyil, əslində işləmək, karyera qurmaq üçün addım atmaq yolun başlanğıcıdır. Hesab edirəm ki, xoşbət olmaq üçün böyük uğurlara ehtiyac yoxdur. Amma uğurları biz xoşbəxt olmaq üçün qazanırıq. Düşünürəm ki, böyük xoşbəxtliklərim qarşıdadır, elə yəqin uğurlarım da…