Hirudoterapiya zəli ilə müalicə deməkdir. Qocalar “zəli xarab qanı sorur” deyib, zəlini bədənlərinin ağrıyan yerinə qoyardılar. Bəs zəli doğrudanmı ancaq “xarab qanı” sorur?
Zəli ilə müalicə haqqında daş kitabələrdə də yazılıb. XVII əsrdən sonra isə zəli ilə müalicə üsulu tədricən unudulub. İki əsr hirudoterapiyaya müraciət edən olmayıb.
Əsrlərlə bu xeyirxah canlı ilə təmasdan uzaqlaşmanın səbəbi kimyəvi dərman preparatlarıdır. Lakin dərmanların zərərli tərəfləri insanları yenidən hirudoterapiyaya üz tutmağa sövq etdi. Çünki zəlinin ağız suyunda olan fermentlərin insana heç bir ziyanı yoxdur. Lakin zəlinin fərdi olaraq ziyanı ola bilər.
Amma zəli bütün xəstələrə tətbiq oluna bilməz. Hamilə qadınlara, anemiyalı, hemofiliyalı, onkoloji xəstələrə zəli qoymaq olmaz. Zəli qanı durultduğundan qan təzyiqi aşağı olanlar üçün təhlükə yarada bilər. Zəli qoydurmaq istəyən şəxsin qanının reoloji göstəriciləri haqqında bilgi olmalıdır. Bu, həm həkim üçün, həm də xəstə üçün vacibdir. Xəstə ilə təmasda olan həkimin pasientinin sağlamlığı haqqında tam məlumatı olmalıdır. Çünki xəstədə olan hər hansı qan xəstəliyi həkimə asanlıqla keçə bilər. Eyni zamanda xəstə AİDS-ə, sifilisə və hepatitə qarşı yoxlanmalıdır.
Digər zöhrəvi xəstəliklərin araşdırılması müalicədən öncə zəruridir.
Cinsi yolla yoluxan infeksiyalar zamanı mikrobların inkişafının qarşısını almaq üçün hirudoterapiya tətbiq edilir. Bu infeksiyaları zəli tam sağalda bilməsə də, mikrobların təsirini azaldır.
Hirudoterapiya xroniki iltihab proseslərində, ürək qüsurlarında, ürəyin işemik və qan dövranı xəstəliklərində, stenokardiya, maddələr mübadiləsi pozulduqda, osteoxandroz (duzlaşama), uroloji, ağ ciyər və qara ciyər, mədə-bağırsaq xəstəliklərində, cinsi sfera pozğunluqlarında, ginekoloji, cərrahi xəstəliklərdə (varikoz genişlənmə, babasil, hidradenit, çiban) kiçik çanaq orqanları xəstəliklərində, revmatizm, dəri xəstəliklərində zəli ilə müalicə müsbət effekt verir. Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini bərpa edir.
Zəlinin xüsusi bioloji aktiv nöqtələrə tətbiqi (hirudopunktra) barədə ilk dəfə 1996-1999-cu illərdə Azad Mirzəcanzadənin imzası ilə patent vəsiqəsi (ixtira hüququ) verilib. Deyə bilərik ki, bu müalicə üsulunun dünyada analoqu yoxdur. İndiyə qədər zəli ilə müalicə aparırdılar, amma bu, xüsusi nöqtələrlə deyil, kor-təbii hara gəldi qoyulurdu ki, bu da hirudoterapiya adlanırdı.
Zəlinin ağız suyunda insan orqanizmi üçün gərəkli olan 100-ə yaxın bioloji aktiv maddənin ancaq 20 faizini elm öyrənə bilib. Bu canlının ağız suyunda hirudin deyilən maddə var. Hirudin qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır. Hirudin eyni zamanda qan damarlarında yüksək təzyiqi azaldır, xoralaşma prosesini, eroziv sahələri bərpa edir və sağalma sürətlə gedir. Zəli ilə müalicənin ağrıkəsici təsiri də var. Zəli eyni zamanda gözəlləşdirir, ümumi çəkini nisbətən azaldır, dəridə olan bəzi problemləri aradan qaldırır.
Təxminən 12-13 yaşına qədər uşaqlara zəli qoymaq qətiyyən olmaz. Çünki zəli uşaqların qan dövranında problem yarada bilər. Yaşlılara gəlincə, bu canlıdan 70-75 yaşa qədər yararlanmaq olar.
Bəziləri apteklərdən zəlini alıb evdə özbaşına qoyurlar. Zəli mütləq həkim nəzarəti altında qoyulmalıdır. Çünki bunun ağır fəsadları ola bilər. Məsələn, limfa vəzilərinin həddindən artıq böyüməsi və dəri altına qan sızması baş verə bilər.
Zəli, ümumiyyətlə, qanı sorur. Proses zamanı hər bir zəli 2-3 qram qan çəkir və ağız suyundakı maddələri birbaşa qana ötürür. Eyni zamanda sorulmuş qanın yerində təzə qan hüceyrələri yaranır ki, bu da orqanizmin immun sistemini artırır. Yəni hər hansı xəstəliyə tutulma ehtimalı azalır və bədənin müqaviməti çoxalır.
Dünyada 400-ə qədər növü olan zəlinin Azərbaycanda 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibbdə istifadə edilir. Zəlinin insan və başqa canlılar üçün təhlükəli növləri var. Məsələn, daha çox Ermənistanda yayılan at zəlisi var. Bu zəli hər hansı canlıya yapışıb, qanını sorur və öldürür. Bütün dünyada zəlinin ən yaxşı növləri Azərbaycandadır. Ölkəmizdə zəlilər təbii surətdə artıb-çoxalır. Onları göllərdən tutub istifadə edirlər.
Sankt-Peterburqda zəlini süni yolla artırmaq üçün xüsusi biofabriklər fəaliyyət göstərir. Bizdə isə zəli artırmaq üçün biofabrika yoxdur. Hazırda Bakıda apteklərdə satılan və xəstəxanalarda istifadə edilən zəlini Lənkərandan gətirirlər.
Əgər bu qədim müalicə üsulundan yararlanmaq istəyirsinizsə, o zaman diqqətli olun ki, sağlam zəlini tanıya biləsiniz. Zəlinin ən yaxşı növü olan Şərq zəlisinin qarınının altında yaşıl zolaqları olur. Xəstə zəli isə düyünlənir. İstifadə edilən zəli orta ölçüdə olmalıdır. Çünki iri zəli qanı daha çox sorub qan damarını zədələyər və qanaxmaya səbəb olar.
Dahi yazıçı Lev Tolstoy da zəliləri çox sevirmiş. Hətta deyilənlərə görə, o, bədəninə birdəfəyə 20-yə yaxın zəli qoydurumuş. Amma hirudioloqlar zəlini hər dəfə 2-dən 4-ə qədər və fasilələrlə 7-10 seans qoymağı məsləhət görürlər.
İstifadə etdiyiniz zəlini təkrar istifadə etməyin.
Onu da qeyd edək ki, zəli çox həssas canlıdır. Bu canlı otaqda hay-küy olanda, siqaret çəkiləndə narahat olur. Hətta parfüm və ya hansısa ətirli maddə vuranda zəli adama yapışmır. Zəlini xlorlu suda, həddən artıq isti və ya soyuq yerdə də saxlamaq olmaz.