Özbəkistanda prezident İslam Kərimovun gözündən düşmüş qızı Gülnarə Kərimova ilə yaxın olan xalq artisti, məşhur müğənni Yulduz Usmanova toyda döyülüb.
İnsident Daşkənddəki dəbdəbəli “Osiyo Grand” restoranında baş verib.
Yulduz Usmanova toyda oxuyarkən 30-35 yaşlarında gənc rəqs edə-edə ona yaxınlaşıb və qulağına nəsə deyib, ona pul vermək istəyib. Ancaq Yulduz pulu götürməkdən imtina edib və həmin şəxsin əlini itələyib.
Qəzəblənən gənc müğənninin sifətinə bərk şillə vurub və xalq artisti döşəməyə yıxılıb. Müğənninin musiqi qrupunun üzvləri ona köməyə gəlsələr də həmin şəxs onlardan ikisini bərk döyüb.
Daha sonra dava böyüyüb, müğənninin musiqiçiləri və prodüseri restoranı tərk edərkən bəyin dostları tərəfindən döyülüblər. Toyu çəkən operatorlardan bütün lent alınıb.
Bununla belə şahidlərdən biri Yulduz Usmanovanın döyülməsindən sonrakı məqamı əks etdirən kadrları “Azadlıq” radiosuna təqdim edib.
Xəbərdə bildirilir ki, xalq artisti restoranı tərk edən kimi polisə yollanıb və şikayət ərizəsi yazıb. Lakin onu və musiqiçilərini döyənlər hələ tutulmayıb.
Y.Usmanova bir vaxtlar Özbəkistan telekanallarının efirinin bəzəyi idi və prezidentin qızı G.Kərimovanın təşkil etdiyi konsertlərdə, qala-gecələrdə səhnədə yer alırdı.
Lakin hakim ailənin gözündən düşəndən sonra Yulduza Özbəkistanda konsert vermək, televiziyalarda çıxış etmək qadağan olunub.
Bir neçə il Türkiyədə yaşadıqdan sonra Özbəkistana dönən Y.Usmanova G.Kərimovanın təşkil etdiyi gecələrin birində oxuyub və bundan sonra Mədəniyyət Nazirliyi onu yenidən “qara siyahı”ya salıb.