Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski yenidən öz avantürist bəyanatları ilə gündəmə gəlib.
Virtualaz.org saytı xəbər verir ki, Jirinovski bazar günü aprelin 13-də “Exo Moskva” radiostansiyasının “Dorojnaya karta” proqramında efirə çıxıb və canlı yayımda aparıcı A.Narışkinin suallarına cavab verib.
Bundan əvvəl bir neçə dəfə Dağlıq Qarabağın Rusiyaya birləşdiriləcəyi barədə danışan Jirinovski bu dəfə daha da irəli gedərək “Azərbaycanın da Rusiyaya birləşmək istədiyini” deyib.
Jirinovski ilə müsahibənin stenqoramından seçmələri təqdim edirik:
A.Narışkin: Gəlin dərhal birbaşa sual verək: Ukraynanın cənub-şərqi Rusiyanın tərkibində olmalıdır?
V.Jirinovski: Mütləq. O, Rusiyanın bir hissəsidir.
A.Narışkin: Axı bu necə olur, başqa ölkənin ərazisi deyil?
V.Jirinovski: Lazım deyil, belə şeylər danışmaq nəyə lazımdır? O, Rusiya imperiyasıdır, Sovet İttifaqıdır. Və 1991-ci ildə bütün bu əməliyyat qanunsuz həyata keçirilmişdi. Hətta Yeltsin Belovejsk meşəsindən ata-Buşa zəng edəndə o, söhbətin nədən getdiyini anlamayıb. Deyib: bu necə ola bilər, necə yəni Sovet İttifaqı artıq yoxdur? Uşaqlar, bu nədir, sizin başınız xarab olub nədir? Yaxşı eybi yox, bir halda ki, belə qərar vermisiniz. Yəni tamamilə qanunsuz, fırıldaqçı, cinayətkar sxem olub. Üç nəfər meşədə yığışasan və deyəsən: bəs biz qərara gəlmişik ki, SSRİ artıq yoxdur.
A.Narışkin:Bir halda ki, siz deyirsiniz belə olacaq, o zaman başqa ölkənin bir hissəsinin bizim ölkənin tərkibinə nə vat qatılacağı sizə məlumdurmu?
V.Jirinovski: Proses buna doğru gedir, onlar özləri bunu edirlər. Artıq qan tökməyə başlayıblar.
A.Narışkin: Dayanın, axı onlar özləri bunu necə edir? Administrasiya binalarının ələ keçirilməsi faktı var…
V.Jirinovski: Bəli, xalq qalxıb, üsyandır.
Söhbətə aparıcı A.Solomin qoşulur: Bu gün Aleksandr Turçinov, prezident səlahiyyətlərini icra edən şəxs silahlı qüvvələrin cəlb olunması ilə əməliyyat aparılacağını bildirib. Bəs onda necə olacaq?
V.Jirinovski: Bu, səhvdir. Bu qərara görə o özü, Avakov, müdafiə naziri, bütün güc bloku Rostov qarnizon hərbi tribunalında mühakimə ediləcəklər, ömürlük həbs cəzası alacaqlar. Bütün Kiyev “verxuşkası” qanunsuzdur, hamısı hərbi xuntadır. O, hökumət deyil, xuntadır.
A.Solomin: Deməli müharibə olacaq.
V.Jirinovski: Yox, olmayacaq.
A.Solomin:Bəs onda tribunal necə olsun?
V.Jirinovski: Tribunal ona görə olacaq ki, Ukraynada baş verənlərə adi məhkəmələr baxa bilməz, çünki söhbət hərbi cinayətlərdən gedir. Onları Moskvaya gətirəsi deyilik, Rostov Donetksin yaxınlığındadır, qoy orada mühakimə olunsunlar.
A.Solomin:Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç elə indicə bəyanat yayıb, deyib ki, Ukrayna vətəndaş müharibəsinə bir addım atıb. Onun indiki hadisələrdə rolu var?
V.Jirinovski: Bəli, bəli. O, tamamilə prosesləri legitimləşdirə və Ukraynanı sakitləşdirə bilər. Tutaq ki, o, heç olmasa bir-iki aylıq Kiyevə hakimiyyətə qayıdır, gecə müəyyən qüvvələr onu Kiyevə aparır. Səhər o, rezidensiyasında elan edir ki, Ali Radanı buraxır, 25 may prezident seçkilərini ləğv edir. Həmin gün referendum keçirir və təbii ki, Ukraynanın bütün cənub-şərq regionları Rusiyaya birləşməyə səs verir.
A.Solomin:Yeri gəlmişkən bu proseslər prezident seçkilərinin keçirilməsinə mane olur.
V.Jirinovski: Nə seçki? Seçki olmayacaq, ləğv olunacaq.
A.Narışkin: Kim bu seçkini ləğv edəcək?
V.Jirinovski: Yanukoviç edəcək. O, öz iqamətgahına qayıdacaq, çünki qanuni prezidentdir…
A.Narışkin: Dayanın, axı Yanukoviç Ukraynaya necə qayıda bilər? Bir halda ki, ona cinayət işi qaldırıblar? Sərhədi keçən kimi tutacaqlar…
V.Jirinovski: Heç kim onu tuta bilməyəcək. Yanukoviç bəyəm taksi ilə qayıdacaq? O, şəxsi mühafizəsi ilə qayıdacaq.
A.Narışkin: Mühafizəçilərini də tutacaqlar.
V.Jirinovski…Ukraynanın Cənub-Şərq ordusunun dəstəyi ilə qayıdacaq. Ukraynanın Cənub-Şərqində artıq ordu yaradılıb. Onların öz komandanları, qərargah rəisləri var. Kiyevdəki saxta pul alverçilərinin isə hamısı həbs olunacaq. Ancaq onlar qaçıb aradan çıxacaqlar, indidən təyyarələri hazır vəziyyətdə gözləyir. Turçinov, Yasenyuk, Nalivayçenko, Parubiy, qalanlar hamısı. 5-6 nəfərdirlər…
A.Solomin:Bəs Maydana çıxan yüz minlərlə insan necə olacaq?
V.Jirinovski: Onlar yeni hakimiyyət əldə edəcəklər. Onlar Yanukoviçin və Yuşşenkonun korrupsioner hakimiyyətlərindən bezmişdilər. Burası düzdür. Maydandakı insanların əksəriyyəti korrupsiyanın və saxta seçkilərin əleyhinə idi. Yəni bizdəki kimi. Bizdə tezliklə 1 may bayramıdır, insanlar növbəti dəfə küçəyə çıxacaqlar. Ukrayna ilə həmrəylik nümayiş etdirəcəklər. Həmin vaxta qədər Yanukoviç də Kiyevdə olacaq və biz onunla həmrəylik nümayiş etdirəcəyik.
A.Solomin: Bu gün artıq qan axıdıldı. Rusiya qoşun yeritməlidir?
V.Jirinovski: Yox, Rusiya heç vaxt heç bir ölkəyə qoşun yeritməyəcək.
A.Narışkin: Ancaq “yaşıl adamcıqlar” göndərəcək?
V.Jirinovski: Yox, indiki halda bütün cənub-şərqi Ukrayna ayağa qalxıb.
A.Solomin: Axı siz niyə istisna edirsiniz ki, binaları ələ keçirənlər arasında Rusiyadan olan mütəxəssislər yoxdur? QRU-da da belə bölmələr var, xüsusi təyinatlılar da var və s.
V.Jirinovski: Başa düşürsünüz, xarici kəşfiyyatların rezidentləri bütün paytaxtlarda var, onlar bizdə, Moskvada da doludur. Ancaq Ukraynada bizimkilər yoxdur. Biz hökumətdən tələb edirik ki, onlara kömək etsinlər, ancaq hökumət ləng davranır. Heç olmasa o adamlara dəbilqə, adi uniforma paylamaq olardı.
A.Narışkin: Bəs Rusiya özü regionlara referendum keçirib ölkənin tərkibindən çıxmaq imkanı verə bilər? Məsələn, Qafqaza verə bilər?
V.Jirinovski: Əlbətdə. Onlar istəmir axı. Mən onlara demişəm, ancaq istəmirlər. Deyirlər ki, yox, nə danışırsınız, biz Rusiyanın tərkibində qalırıq. Rusiyada heç kim Rusiyanın tərkibindən çıxmaq məsələsini qoymur. Ancaq hamı bizə, Rusiyaya birləşmək istəyir. Qırğızıstan da istəyir, Daşkəndə də istəyir, Aşqabadda, hamısı. Hamı, hamı, Tacikistan da. Moldova da. Hamı! Ermənistan, Azərbaycan, Gürcüstan.Bilirsiniz gürcülər bizi necə sevir? Onlar bizdən ötrü ölürlər.