Doktor Mircəlal Kazımi: “100 xəstənin 20-si mütləq ölür”
Əslində ondan sadəcə ötən il nə qədər xəstəyə orqan transplantasiya olunması ilə bağlı rəqəmləri alacaqdım. Amma işinin peşəkarı olduğundan söhbətin uzun çəkəcəyini təxmin edib canlı görüşməyi təklif etdi. Beləcə, yolandım Mərkəzi Neftçilər Xəstəxanasına. Həmsöhbətimin təxmini özünü doğrultdu. Tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi təkcə rəqəmlərlə kifayətlənmədi. O, orqan köçürülməsinin ən incə detallarına kimi Modern.az-a danışdı.
Ötən il 55 böyrək, 19 qaraciyər
-Azərbaycanda orqan transplantasiyasına 2008-ci ildə dekabr ayında start verilib. Həmin ildə Qafqazda, regionda ilk dəfə olaraq canlıdan canlıya qaraciyərin transplantasiyası həyata keçirildi. Ondan sonrakı illər ərzində müraciət edən xəstələrin sayının artması görülən işin müvəffəqiyyətinə bağlı oldu. 2009-cu ildə artıq əməliyyatların sayı artmağa başladı. 2008-ci ildə bir xəstə əməliyyat olunmuşdusa, artıq 2013-cü ildə 55 böyrək, 19 qaraciyər köçürülməsi əməliyyatı həyata keçirildi. Təbii ki, bu real rəqəm deyil. Yəni bu göstəricilər əməliyyat olunmuş xəstələrin sayıdır. Lakin əməliyyat olunmaq üçün növbə gözləyən xəstələrin sayı 4-5 dəfə çoxdur. Onların əksəriyyəti isə əməliyyat oluna bilmirlər. Bəzilərinin donor problemi, əksəriyyətinin isə maddi imkanı çatmır.
Son 3 ayda 32 böyrək, 11 qaraciyər
-2014-cü ilin ilk üç ayı ərzində Mərkəzimiz tərəfindən 32 böyrək, 11 qaraciyər transplantasiyası həyata keçirilib. Amma ilin sonuna kimi bu rəqəmin artım səviyyəsi nə qədər olacaq onu demək çətindir. Son günlər mediadan oxuduğumuz, tanış olduğumuz sığorta haqqında məsələlər var. Ölkə başçısının göstərişi ilə 2015-ci ildən icbari sığortaya keçid haqqında müzakirələr başlayıb. Lakin bu gün sığorta sistemi olmadığı üçün xəstələrin hamısı pullu xidmətdən istifadə edir. Buna görə də əməliyyat olunmaq istəyən xəstələrin sayı 4-5 dəfə azdır. Ümidvarıq ki, 2015-ci ildə sığorta sistemi işlək vəziyyətə gətirilər. O zaman pasientlərin sayı təbii ki, artacaq.
İldən-ilə əməliyyat olunmalı xəstələrin sayı artmaqdadır. Bütün dünyada belədir. Lakin bizə müraciət edən xəstələrin 10%-ini ancaq əməliyyat edə bilirik.
Onu da deyim ki, Mərkəzin həyata keçirdiyi əməliyyat dünya standartlarına cavab verir. Avropa Transplantant Reysteri (http://www.eltr.org/spip.php?page=centers-tous, http://www.eltr.org/spip.php?article152 ) ildə iki dəfə qaraciyər və böyrək köçürmə əməliyyatları yerinə yetirən ölkələrin nəticələrini açıqlayır. Həmin nəticələrə görə, Azərbaycan və Mərkəzimiz Avropada transplantant edən mərkəzlər sırasındadır. Statistikaya bölünəndə 1, 3, 5 illik və ondan sonrakı illərin statistikası aparılır. Mərkəzimizin bir illik statistikası 92%-dir, yəni 100 əməliyyat olunmuş xəstənin 92-si normal yaşayır. Üç illik 82%, beşillik 76%-dir. Orqan köçürülmüş xəstələrin demək olar ki, 80-85%-i köçürülmüş oranın yarıtmazlığından yox, başqa səbəblərdən, ürək xəstəliyindən, təzyiqdən və ya digər xəstəliklərdən dünyasını dəyişirlər. İnkişaf etmiş ölkələrdə əməliyyat olunan insan dünyasını dəyişdiyi zaman autopsiya aparılır, ölüm səbəbi müəyyənləşdirilir. Xəstələrin 80-85%-ində aparılan autopsiyalarda onların köçürülən orqanlardan dünyasını dəyişmədiyi məlum olub. Amma bizdə hələ ki, bu prosesi apara bilmirik. Lakin nəticələr qənaətbəxşdir.
Xəstələr baxımsız qalır
-Xəstələrin əməliyyatdan sonra baxımsız qalmaları faktları da həqiqətdir. Ölkədən kənarda xəstələtə orqan köçürülür. Ölkəyə qayıtdıqda isə həmin insanlar nəzarətsiz və baxımsız qalırlar. Bu xəstələr hər an nəzarətdə olmalıdırlar. Böyrək və ya qaraciyər köçürülən adam hətta diş həkiminə getdiyində bizimlə məsləhətləşir. Lakin xarici ölkələrdə bu prosesi keçənlər ölkəyə qayıdarkən həkimlərlə əlaqəsi itir. Təbii ki, hər dəfə xarici ölkəyə getmək mümkün deyil.
Böyrək 12, qaraciyər 45 min manat
-Azərbaycanda əməliyyatların qiyməti istənilən xarici ölkələrdən 2-4 qat ucuzdur. Böyrək köçürmə əməliyyatı 12 min, qaraciyər köçürməsi isə 45 min manatdır. Amma bu, bir əməliyyat deyil. Çünki böyrək köçürülməsində iki əməliyyat yerinə yetirilir. Bu qiymətə donorun və resipientin əməliyyatları daxildir. Qaraciyərin köçürülməsi zamanı isə 3 əməliyyat yerinə yetirilir. Xəstənin qaraciyəri tamamilə çıxarılır, donorun qaraciyərinin bir hissəsi alınır və üçüncü hissədə donordan alınmış orqan xəstəyə nəql olunur. Xəstələr bizə müraciət edən zaman çox ağır vəziyyətdə olurlar. Yəni son həddə əməliyyata müraciət edirlər.
ARDNŞ-nin şöbə müdiri yeganə adamdır
-Bir xəstəmiz var ki, ona iki canlıdan həm qaraciyər, həm də böyrək köçürülüb. Həmin əməliyyatın üzərindən iki il vaxt keçib. Dövlət Neft Şirkətində şöbə müdirinin müavini işləyən Mehman Eyyubov hazırda normal həyat tərzi keçirir, işləyir. Bundan başqa azyaşlıya qaraciyər köçürülüb. Əməliyyat etdiyimiz 3 xəstə hazırda rayonda müəllim işləyir. Xəstələrimiz arasında iş adamı, tələbə, azyaşlı da var. Azyaşlılardan 5 nəfərə böyrək, 6 nəfərə isə qaraciyər köçürülməsi həyata keçirilib. Onlar arasında 4, 6, 5, 10, 13 yaşlı uşaqlar var.
100 xəstənin 20-si mütləq ölür
-Qaraciyər və böyrək çatışmazlığı olan xəstələr cəmiyyətdən təcrid olunmuş, ailələsinə faydası olmayan fərdlərə çevrilirlər. Qaraciyər çatışmazlığı olanlar tam şanssızdırlar, çünki onlar qısa zaman ərzində dünyasını dəyişir. Amma böyrək çatışmazlığı olanlar ailələrindən tam asılı hala düşürlər. Onlar dializə girirlər. Amerika Birləşmiş Ştatlarında belə bir araşdırma aparılıb. 5 illik müddətdə transplantasiya olunmuş xəstə qrupu ilə dializə girmiş xəstə qrupu qarşılaşdırılıb. Dializə girən xəstələrin 70%-i dünyasını dəyişib. Transplantasiya olunmuş xəstələrin isə 15%-i dünyasını dəyişib. Hazırda Azərbaycanda 2100 xəstə dövlətin hesabına dializ olunur.
Dünyanın qəbul etdiyi bir nəticə var. Qaraciyər transplantasiyasında ölüm nisbəti 20%-dir. Nə edirsinizsə edin, əməliyyat olunmuş 100 xəstənin 20-si öləcək. Böyrək köçürülməsində isə bu rəqəm 15%-dir. Amma ölüm hallarının böyük əksəriyyətini həkimlərin üzərinə atırlar. Halbuki əməliyyatda insanlar və həkimlər iştirak edir. Qısqanclıqdan, savadsızlıqdan hər hansı bir səbəbdən deyirlər ki, xəstə getdi Türkiyədə əməliyyat olundu öldü. Əməliyyat olunmasa nə olacaqdı? Hər 100 xəstənin 20%-də fəsadlaşma olur. Əməliyyat olunmayan xəstələrin isə 100%-i ölür.
Orqan köçürülməsindən sonra fəsadlaşmaların 20%-dir. Donor hər nə qədər yaxın, qohum olsa da, köçürülən orqan bədənə yad cisimdir. Orqanizm tərəfindən onun qəbulu uzun vaxt və əmək sərf edir. Bədənin orqanı qəbul etməsi üçün, yəni onu rədd etməmək üçün həmin şəxslərə immuniteti aşağı salan xüsusi immundepresantlar verilir. Həmin dərmanlar olmazsa orqan bədən tərəfindən rədd edilir. Bu dərman preparatları orqanizmin müqavimətini aşağı saldığı üçün təsir göstərir, onların müəyyən infeksion xəstəliklərə açıq edir, nəticədə orqanizm daha həssas olur. Bu səbəbdən də əməliyyat olunmuş xəstələrə hər hansı bir infeksiyanın düşməsi nəticəsində ciddi problemlər yarana bilir. Digər tərəfdən hər şey həkim, əməliyyat və ya tibb müəssisəsi ilə bitmir. Bu bir zəncirdir, halqalar tam oturmalıdır ki, zəncir tam olsun. Əgər xəstə yüksək səviyyədə əməliyyat olunursa və əməliyyat sonrası keyfiyyətli xidmətlə təmin olunursa, lakin evə getdikdə dərmanını qəbul etmirsə, orqanda sözsüz problem yaranır. O zaman belə bir sual ortaya çıxır bu həkimin problemidir, yoxsa xəstənin? Təəssüflər olsun ki, bu kimi hallar da həkimin üstünə yazılır.
Bir xəstəmiz var, 15 gün dərmanını içməyib. Bu səbəbdən böyrək imtina verdi. O, yenidən dializə qayıtdı. Ailənin çəkdiyi maddi, mənəvi əziyyət, kollektivin gördüyü bu qədər zəhmət heç oldu. Bu kimi xəstələr ömür boyu nəzarətdə olurlar.
Azərbaycanda donor qıtlığı
-Bütün dünyada xəstələrin sayı artır. Xəstələrin sayı artdıqca donorların sayı tərs nisbətdə artır. Təbii ki, ehtiyac daha çoxdur, amma dünyanın heç bir ölkəsi bu tələbatı tam ödəyə bilmir. Bu gün dünyada ən çox donor çıxan ölkə İspaniyadır, lakin orada da donor qıtlığı mövcuddur. Donorun ən çox çıxdığı ölkədə belə bir qıtlıq varsa, bu qıtlıq bizdə də var. Amma digər dövlətlər bu problemi alternativ donor hovuzu yaradaraq qismən də olsa həll ediblər. Dünyanın bir çox ölkələrində canlı orqandan əlavə, beyin ölümü keçirmiş insanların orqanlarından istifadə olunaraq transplantasiya edilir. Hazırda Azərbaycanda iki orqanın, böyrək və qaraciyərin köçürülməsini həyata keçirmək mümkündür. Niyə? Çünki canlı donor şansı var. Amma elə orqanlar var: ürək, mədəaltı vəzi, bağırsaqlar bunların canlı donor şansı yoxdur. Onların transplantasiyası üçün yalnız meyit orqanı olmalıdır. Beyin ölümü keçirmiş insanın böyrək və qaraciyərindən də istifadə etmək mümkündür. Yəni bir insan dünyasını dəyişdiyi zaman ürək, gözün buynuz qişası, ağciyərlər, iki böyrək, qaraciyər ikiyə bölünsə iki, mədəaltı vəzi, bağırsaqların köçürülməsi ilə ortalama 11 insana həyat verə bilər.
O şəxsləri əməliyyat etmirik
-Bəzən internet üzərindən orqanını satan və ya bağışlayanlara rast gəlinir. Həmin şəxslər insanların hissləri ilə oynayaraq onların maddiyyatına göz dikirlər. Amma sizin vasitənizlə də demək istəyirəm ki, inanmasınlar. Bizim Mərkəz tərəfindən bu günə kimi 200-ə yaxın transplantasiya əməliyyatı olunub. Bütün donorlar xəstənin qohumu olmalıdır. Kimsə desə ki, internet üzərindən donor tapacağam, Mərkəzi Nefçilər Xəstəxanasına əməliyyat etdirəcəyəm. Yalandır. Biz bunu etmirik. Hətta bilsək ki, xəstə ilə donor qohum deyil, qohum olsalar belə, onlar arasında maddi sövdələşmə var qəti şəkildə əməliyyatı icra etmirik.
Bəzən kiminsə donorluq etməsi ilə bağlı insanlar aldadılır. Bütün dünyada olduğu kimi bizdə də orqan ticarəti, alış-verişi qanunla qadağanadır və Cinayət Məcəlləsində cinayət məsuliyyəti daşıyır. Donor ola bilən şəxs 18 yaşından böyük, sağlam, könüllü olmalı, heç bir təzyiq, maddi asılılıq altında qalmadan bunu etməlidir. Əvvəllər kimsə orqanını satmaqla bağlı müraciət edirdisə artıq belə hallara rast gəlinmir. Müraciət olunsa belə, insanlar bilir ki, biz onları rədd edirik. Bu səbəbdən də heç müraciət də edilmir.
Orqanını bağışlayan vəzifəlilər
Bir müddət əvvəl millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı ölümlərindən sonra orqanlarını bağışlamaq haqqında fikirlərini bəyan etdilər. Amma onların bu fikirləri işin həlli məsələsi deyil. Siz əgər orqanınızı bağışlayırsınızsa o orqanın alıb istifadə etmə mexanizmi olmalıdır. Birincisi xəstəxanaların reanimasiya şöbələrində beyin ölümü diaqnozu qoyulmalıdır. Beyin ölümü diaqnozu 3 və ya 4 mütəxəssisin iştirakı ilə aparılan prosedurdur. Diaqnoz qoyulduqdan sonra xəstəxanalarda orqan transplantasiyası üzrə koordinatorlar olmalıdır ki, həmin şəxslər qeyri-həkim də ola bilər. Onlar cərrahiyyə əməliyyatı aparan həkim komandasının içində olmamalıdırlar. Xəstəxananın reanimasiya şöbəsinin həkimi koordinatorlara məlumat verir ki, bizim xəstəxanamızda beyin ölümü diaqnozu qoyulan xəstə var. Tibbi işləmlər bitib. Sonrakı mərhələdə onun ailə üzvləri ilə söhbət edilir. Ailə beyin ölümü keçirmiş xəstənin orqan bağışlanmasında həmfikir olduqda, “biz xəstəmizin orqanını bağışlayırıq dedikdən sonra” üçüncü mərhələ başlayır. Koordinatorlar bizimlə əlaqə saxlayır və bütün mərhələlərin bitdiyini deyəndən, hüquqi sənədlər tam hazır olandan sonra orqanın alınması həyata keçirilir. Bu günə kimi beyin ölümü keçirib yenidən həyata qayıdan insan olmayıb. Odur ki, hazırda Səhiyyə Nazirliyində bununla bağlı iş gedir. Qənirə Paşayevanın orqanlarını bağışlaması ilə bağlı çıxışından sonra bizə müraciət edənlər oldu. Lakin sadaladığım iki mexanizm hazır olmadığı üçün buna başlaya bilməmişik.
Din yox demir
-Ən müasir, ən demokratik, ən ədalətli din İslamdır. Quranın bir surəsində də qeyd olunur ki, bir insana həyat bəxş etmək, bütün insanlığa həyat bəxş etmək qədər savabdır. İslam dini də orqan transplantasiyasına icazə verir. 1988-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Ölkələri Konfransının toplantısında meyitdən və canlıdan orqan transplantasiyasına şəri qanunlara görə icazə verilib. Bütün müsəlman dövlətləri, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Sinqapur da həm meyitdən, həm də canlıdan orqan köçürülməsi həyata keçirilir. İslam buna qarşı deyil, əksinə bunu dəstəkləyir.
Xaricdə müayinə
-Bütün zamanlarda, dünyanın hər yerində başqa dövlətlərə müalicə və müayinə üçün getmək kimi trend var. Hər bir insan həkim, xəstəxana, ölkə seçməkdə azaddır. Müayinə, müalicə üçün xaricə gedənlərin kütləviliyi ilə razıyam. Amma onu bilmirik ki, bu inamsızlıqdandır, ya başqa bir şeydən. Son illər yalnız müayinə üçün yox, həm də şoppinqə, turizm üçün də xaricə gedirlər. Onu da deyim ki, son illərdə xaricə müayinə və müalicə üçün gedənlərin sayında azalma var. Əldə etdiyimiz nəticələr də bunu edməyə əsas verir. Yəni 2008-ci ildə bir əməliyyat keçirilmişdisə sonrakı illərdə bu rəqəm 70-ə kimi artıb. Əməliyyat etdiyimiz xəstələrin 55%-i xaricdə müayinə olunub və sonradan Azərbaycana qayıdaraq burada əməliyyat olunublar.
Mircəlal Kaziminin təbirincə, xaricdə müayinə olunanların əksəriyyəti uğurlu əməliyyat keçiriblər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda tibbi xidmətin aşağı olması bütün hallarda özünü doğrultmur.
Modern.az