Mayda Region TV-də “Sənətkarın izi ilə” adlı mədəniyyət layihəsi təqdim olunacaq. Layihə haqqında aparıcı Günay İskəndərova danışır:
Mən və televiziya: 2012-ci ildən Region TV-də çalışıram. Bura mənim üçün ilk təcrübə, ilk sınaq oldu. İndi anlayıram ki, özümü televiziyadan başqa sahədə təsəvvür etmirəm. Çünki TV mənim üçün inkişafa gedən yoldur. Bu sahədə istedadlı olmaq bəs etmir. Öz üzərində işləməli və daim mütaliə etməlisən. Bundan başqa televiziya dinamik həyat tərzi deməkdir. Bu isə mənim üçün çox vacib amildir.
Efirə hazırlıq: Region TV qarşısına məqsəd qoyub. Biz güclü komanda və yaradıcı heyətlə regionların güzgüsünə çevriləcəyik. Aparıcı qismində ilk dəfə efirə çıxmaq mənim üçün çox məsuliyyətli bir işdir. İnanıram ki, bu işin öhdəsindən gələcəm. Hazırlıqları bitirməyə çox az vaxtımız qalıb. Qısa müddətdə böyük işin öhdəsindən gəlməyə çalışırıq.
Biz efirdəyik: Tamaşaçılara “Sənətkarın izi ilə” adlı mədəniyyət layihəsi təqdim edəcəyik. “Sənətkarın izi ilə” Azərbaycanın mədəniyyət xadimlərini sizə yaxından tanıdacaq. Təqdim edəcəyimiz portretlərdə ölkə mədəniyyətini zənginləşdirən simaları görəcək, onların keçdikləri yaradıcı yolu, xatirələrini və məsləhətlərini eşidəcəksiz. “Sənətkar” verilişi artıq bu missiyanı regionlarda həyata keçirib. Sıra Bakıdadır. Qəhrəmanlarımız arasında görkəmli bəstəkarlar Sərdar Fərəcov, Tahir Əkbər , Cahangir Zülfüqarov, tanınmış rəssam Arif Hüseynov, aktrisa Həmidə Ömərova, ölkəmizdə və dünyada məşhur olan dirijor Əyyub Quliyev, peşəkar qaboy ustası Kamil Cəlilov və digər görkəmli şəxslər var. Biz sənətə və sənətkarlara qiymət veririk. Məqsədimiz əsl sənət ustalarını tamaşaçılara tanıtmaqdır. “Sənətkarın izi ilə” hər çərşənbə axşamı, saat 19:00-da efirə çıxacaq.
http://s018.radikal.ru/i523/1404/b7/dd0310c0a64f.jpg
http://s019.radikal.ru/i635/1404/31/e8a6ecda1d19.jpg