Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradovayla müsahibə
– Bahar xanım, Sizin qeyri-adi adınız var: Bahar. Elə müsahibəmiz də bahar fəslinə təsadüf edir. Bahar xanım özünü baharda necə hiss edir?
– Adının «Bahar» olub-olmamasından asılı olmayaraq, hər bir insan bu fəsildə özünü fəslin əlamətlərinə uyğun hiss etməyə çalışır. İnsanlar bu fəslin gəlişini arzulayır, ruhunun təzələnəcəyinə, uğurlarının artacağına, növbəti fəsillərdə də əhval-ruhiyyəsinin yazdakı kimi olacağına inanır. Bahar fəslində dünyaya gəldiyim üçün adımı “Bahar” adlandırıb valideynlərim. Adın insan həyatına təsirinə də müəyyən inamım var və bunu öz həyatımda hiss edirəm.
– Siz Azərbaycanda tanınmış xanım siyasətçilərdən birisiniz və çox ciddi siyasi bir yol kecmisiniz. Qadın olaraq bu yolda hansı çətinliklərlə üzləşmisiniz?
– Çətinliklər hər kəsin qarşısına çıxır və o çətinliklərin qarşımıza çıxmamasını arzulamaq yox, əksinə, onları ləyaqətlə qarşılamaq, onu dəf etməyə çalışmaq lazımdır. O zaman onlar sənin ücün bir sınağa cevrilir. Sən gücünü yoxlayırsan: “nə dərəcədə bu sınaqlardan çıxa bilərsən” – deyə. İnsan hər sınaqdan çıxdıqca, hər çətinliyi dəf etdikcə, özünü təsdiqləyir. Çətinliklər hamı kimi, mənim də qarşıma çıxıb, amma mən onları öz əhatəmlə, çevrəmlə birlikdə dəf etmişəm. Bilirsiz ki, mən Yeni Azərbaycan Partiyası kimi möhtəşəm bir siyasi qurumun üzvüyəm. Bu partiya yarandığı ilk günlərdən onun sırasındayam və bundan sonrakı həyatımın da bu siyasi çətir altında keçəcəyinə əminəm. Sevinirəm ki, zamanında mən də Azərbaycanın inkişaf yolunun məhz Heydər Əliyev siyasətindən kecdiyini dərk etmişəm. Mənim yeganə və ən böyük uğurum budur! Qalanları partiyamızın və onun üzvlərinin birlikdə əldə etdiyi uğurlardır ki, onlardan mənə də pay düşür. Yeni Azərbaycan Partiyasının yüz minlərlə üzvü kimi, əldə edilən nailiyyətlərdə azacıq da olsa iştirakımın olduğundan qürur duyuram və hesab edirəm ki, qazanılan uğurlar üçün yalnız bu partiyaya, onun yaradıcısına, Heydər Əliyev dühasına borcluyuq. Vəzifəmiz, borcumuz da ondan ibarətdir ki, bu siyasət Azərbaycanda uzun illər aparıcı siyasət olsun! Mənim buna qəti və dərin inamım var!
– Çox zaman deyirlər ki, siyasət kişi işidir…
– Mən bu suala qəti şəkildə “yox!” – cavabı verirəm. Siyasət insanın hansı cinsə mənsubluğundan asılı deyil, bu peşənin tələblərinə nə dərəcədə cavab verməsindən, xarakterindən asılıdır. Qadın da tanınmış siyasətçi ola bilər, kişi də. Stereotiplər, adət-ənənə bəhanələri, qadağalar qadınların bu peşəyə gəlişinin qarşısını almaq istəyənlərin uydur¬duğu fikirdir. Dünyada gedən ictimai-siyasi proseslər sübut edir ki, siyasət qadınların imkanlarını reallaşdıra biləcəyi bir sahədir. Bu gün Azərbaycan qadınları siyasətə yalnız Azərbaycan daxilində deyil, eyni zamanda, dünyada gedən proseslərdə iştirak etmək üçün gəlirlər və yüksək tribunalardan öz sözlərini deməkdədirlər.
Əgər insan peşəsindən asılı olmayaraq, gördüyü işə məsuliyyətlə yanaşırsa, özünü üzvü olduğu cəmiyyətin, vətəndaşı olduğu dövlətin bir hissəsi hesab edirsə, problemləri özününkü sayırsa və öz potensialından istifadə edərək, bu problemləri aradan qaldırmağa gücünün çatacağına inanırsa, o, hansı peşənin sahibi olursa-olsun, mütləq uğur qazanacaq və bu gün uğur qazanan siyasətçi qadınlarımız öz işləri ilə bunu sübut edirlər.
Azərbaycan dövlətinin yeritdiyi qadın siyasəti və bu siyəsətin söykəndiyi milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, həyat tərzimiz, qadının ailədə və cəmiyyətdə, dövlətdə roluna verdiyimiz önəm, bir də üzvü olduğumuz beynəlxalq təşkilatların bu sahədəki vəziyyəti daha da yaxşılaşdırmaq üçün qarşımıza qoyduğu tələblər, üzərimizə götürdüyümüz öhdəliklər qadınlar üçün yeni imkanlar açır. Azərbaycan qadınları getdikcə öz potensiallarını daha çox reallaşdırmaq imkanı əldə edirlər və bu imkandan da gözəl bəhrələnirlər. Ona görə də hər hansı bir məhdudiyyət qoymadan qabiliyyəti, bacarığı, imkanları və həvəsi olan qadınlar siyasətə gəlirlər və gəlməlidirlər.
– Ölkə əhəmiyyətli siyasi məsələlərlə bağlı qətiyyətli mövqeyinizə və təmsil olunduğunuz beynəlxalq parlament təşkilatlarındakı prinsipial cıxışlarınıza görə sizi “Dəmir ledi” də adlandırırlar. Bu epitetə münasibətiniz necədir?
– Düzü, bunu birinci dəfə sizdən eşidirəm. Hər halda, belə düşünən şəxslərə təşəkkür edirəm və inanın ki, mənim heç zaman belə bir iddiam olmayıb. Təəssüf ki, dünya Marqaret Tetçerin simasında “Dəmir ledi”sini itirdi və mənə elə gəlir ki, bu ifadə Marqaret Tetçerin adı ilə tarixdə qalacaq. Kimin necə adlandırmasından asılı olmayaraq, məşğul olduğum sahədə peşəmin tələblərinə maksimum ciddi yanaşmağa calışıram. Mənə elə gəlir ki, bacardığın və sevdiyin işin qulpundan yapışmalı, qarşında dayanan vəzifələrə məsuliyyətlə yanaşmalısan ki, ən azı sənin bu sahədə təsadüfi adam olmadığın hiss olunsun . Mən gənc yaşlarımdan ictimai-siyasi proseslərlə ciddi maraqlanmışam və bu marağın ardınca da getmişəm, o gediş mənim siyasi taleyimi həll edib.
– Azərbaycanda həm qanunverici, həm icraedici, həm də məhkəmə sistemində çalışan xanımlarımızın fəalliyyət və təmsilçilik səviyyəsi sizi qane edirmi?
– Təmsilçiliyin səviyyəsi, əlbəttə, ürəyimizcə olmasa da, qadınlarımızın fəaliyyəti qane edir. Bizim general qadınlarımız var, böyük vəzifə tutan və böyük səlahiyyətləri yerinə yetirən xanımlarımız olub, var və gələcəkdə də olacaq. Çünki hər nəsil özündən sonrakı nəsli yetişdirməkdədir. Bu gün hüquq mühafizə, müdafiə sistemində, sərhəd qoşunlarında çoxsaylı gənc qadınlarımız işləyirlər və inanıram ki, gələcəkdə onların böyük bir nəsli öz layiqli yerlərini tutacaqdır.
Mən qadınları inandırmaq istəyirəm ki, əgər hər hansı bir məqsədə çatmaq istəyirsənsə, bir yox, bir neçə dəfə sınağa, yarışa girmək lazımdır. Onun birincisini uduzacaqsansa, bundan qorxub geri çəkilmək lazım deyil, ardıcıl olaraq, bu prosesə qoşulmaq lazımdır. Necə ki bunu bizim kişilər edirlər: istənilən vəzifəni istənilən kişiyə təklif et, “bacarmaram” sözünü eşitməzsən. Bəlkə kimsə istisna ola bilər, amma əksər hallarda kişilər özlərini bütün vəzifələrə layiq bilirlər və hesab edirlər ki, onlar bunu daha yaxşı bacararlar. Qadınlarımızın əksəriyyəti isə təklifə dərhal müsbət cavab vermirlər, məsləhətləşirlər, “bacararammı, öhdəsindən gələrəmmi?” – deyə götür-qoy edirlər və öz güclərinə inamsızlıqlarını ortaya qoyurlar. Buna görə də cəmiyyətdə olan nümunələr, müsbət nəticələr daim təbliğ olunmalıdır. Mənə elə gəlir ki, maariflənməyə, müsbət nümunələri yaymağa, mətbuatın rolundan istifadə etməyə ehtiyac var. Belə olduğu təqdirdə mütləq bu səviyyədə təmsilçiliyin çərcivəsi də genişlənəcək və rəqabətə davamlı xanımlarımız yetişəcək, onlar özlərini vəzifələrə layiq bilərək, irəliyə gedəcəklər. Mən qadınlarımızın qərar qəbulu prosesində bizi qane edəcək qədər olmamasını heç də onların cəmiyyət həyatından geri qalması ilə əlaqələndirmirəm: elm, səhiyyə, təhsil, sosial, mədəniyyət sahəsində, ictimai sektorda işləyənlərin və bu sahələri inkişaf etdirənlərin əksəriyyəti qadınlarlardır. Peşəkar kadrları yetişdirən, onları savadlandıran, sağlamlığının keşiyində dayanan qadınlardır, ailənin də yükünü bunun üzərinə gəlsək, cəmiyyətin əsas yükü qadınların çiynindədir. Qərar qəbulunda kişilərin payı çox olsa da, əsas iş qadınlara aiddir. Həmin vəzifəli şəxslər də işlərin icrasını daha cox qadınlara həvalə edirlər, ona görə də qadınlarımızın təmsilçiliyi zahirən zəif görünsə də, kişilərlə müqayisədə az görünsə də, işi yerinə yetirmə baxımından qadınların çiyinlərinə düşür.
– Qadın liderliyi siyasətə və ümumilikdə cəmiyyətə nə verir?
– Tamhüquqlu ailə həm qadının, həm də kişinin bərabər rola malik olduğu zaman mümkündür. Ailədə bu balans vacib və lazımlı faktordursa, cəmiy¬yətdə niyə olmasın? Qadınların təmsilçiliyi harmoniyanın yaranmasına gətirib çıxarır. Qadın və kişi yanaşmaları özlüyündə eyni məsələyə eyni nöqtədən baxış olsa belə, çox fərqlidir və bu fərqlənmə bir-birini inkar etməli deyil, bir-birini şərtləndirməlidir. Lider qadınların sayı artdıqca, dövlət siyasətinin formalaşmasına, qərarların qəbuluna öz müsbət təsirini göstərir, məhz bu baxımdan qadın liderlərin daha çox yetişməsinə və daha çox səlahiyyətli yerlərə gəlməsinə ehtiyac yaradır.
– Sağlam bədəndə sağlam ruh olur, deyirlər. İstərdik ki, qadınlarımız həm fiziki, həm də mənəvi baxımdan sağlam olsunlar. Sizin buna münasibətinizi öyrənmək istərdik: axı sağlam qadın – sağlam ailə, sağlam cəmiyyət deməkdir…
– Hər bir insan həm fiziki, həm mənəvi cəhətdən sağlam olmalıdır, ən azı bunu istəməlidir. Təbii ki, tam sağlam olmaq bizdən asılı olmasa da, buna calışmaq bizdən asılıdır, istər qadın, istər kişi bunun üçün lazım olan bütün işləri zamanında görməlidir. İnsan sevdiyi bir peşə ilə məşğul olmaq üçün, ömrünü sevdiyi insanlara həsr etmək üçün, gözəl həyat qurmaq üçün… fiziki cəhətdən hazır, mənəvi cəhətdən sağlam olmalıdır. Bu gün regionlarda yaşayan qadınların bir sıra ciddi problemləri var. Bəzən fiziki sağlamlıqları imkan vermədiyindən, analar öz vəzifələrini yerinə yetirməkdən məhrum olurlar, öz ailəsinə diqqət yetirə bilmirlər. Başları yalnız öz xəstəliklərinə qarışır, o xəstəlikləri aşkar edəndə belə, ləyaqətlə qarşılıyıb, onunla yaşamağı öyrənməkdənsə, tamamilə ümidlərini itirirlər. Mənə elə gəlir ki, bu sahədə ciddi maariflənməyə ehtiyac var. Bəzən gigiyena qaydalarına əməl etməmək nə qədər ciddi xəstəliklərə gətirir çıxarır. Elə sadə səbəbdən elə ciddi problemlə üzləşirlər ki, bu barədə məlumat alanda belə buna inanmaq istəmirlər.
– Sizcə, bu gün parlament ana və uşaqlarımızın sağlamlığının qorunması ilə bağlı kifayət qədər qanun qəbul edibmi?
– Bilirsiz, bu gün Azərbaycan parlamenti həyatın ən müxtəlif sahələrini tənzimləyən və idarə edən qanunverici bazanı demək olar ki, formalaşdırıb. Bu və ya digər sahədə çatışmazlıqlar həyatın özündən diktə olunursa, bəzən problemlər də qanunlarımızdakı bəzi boşluqlardan qaynaqlanır. Mövcud qanunvericiliyə tam əməl etmiş olsaq, yerlərdə icra etsək, qanuna riayət etsək, problemləri daha tez dəf edərik. Qanunvericilik bazamız imkan verir ki, biz bu sahələrdə olan mövcud problemləri müəyyən edək və onları aradan qaldırmaq üçün daha hansı addımlar atılması barədə qərar qəbul edək. Həyat inkişafdadır, biz nə qədər inkişaf ediriksə, tələbatımız bir o qədər çox artır, nə qədər çox nailiyyət əldə ediriksə, bir o qədər çox işlər görməli olduğumuzu müəyyən edirik; həyat inkişaf etdikcə, biz öz dəyişikliklərimizi, öz korrektələrimizi etməliyik.
– Bahar xanım, heç asudə vaxtınız olurmu və bu zaman nə ilə məşğul olursunuz, – təbii ki, əgər sirr deyilsə?
– Əgər desəm ki, mənim asudə vaxtım olmur, düz olmaz. “Mənim asudə vaxtım olmur”, – deyən adamlara tam mənasında inanmayın. Bəzən elə görüntü yaradılır ki, sanki bütün həyatımızı işə həsr etmişik, elə bil, bununla bir növ cəmiyyətdən özümüzə əlavə bir qiymət istəyirik, bəzi hallarda buna görə kimlərsə özünə bəzi güzəştlər gözləyir. Hesab edirəm ki, bu düzgün deyil. Səmimi olmaq lazımdır. Bütün hallarda, boş vaxtımız olur. Sadəcə o boş vaxtdan səmərəli istifadə etmirik. Elə mənim özüm də. Bəzi vaxtlar olur ki, hansısa bir tədbirə, konsertə və yaxud premyeraya gedirsən, filmə baxırsan, kitab vərəqləyirsən, elə sizin jurnal kimi jurnallar əlimizə düşəndə, oradakı məqalələr, mətbəx, xalq təbabəti, maraqlı insanların həyatı ilə bağlı yazıları oxuyursan, bu insana yeni güc, yeni qüvvə verir. Bəzən bir bənd şeirdən aldığın zövq daha böyük işlər görməyə ruhlandıra bilir. Günün sənə təqdim etdiyi anlardan səmərəli istifadə etməyi bacarmaq lazımdır. Mən asudə vaxta anların əhval-ruhiyyəsi kimi baxıram. Asudə vaxt üçün məxsusi bir dövr planlaşdırmıram və asudə vaxta mənim baxışım fərqlidir.
– Dediyiniz bir bənd şeiri necə təsəvvür edirsiz: sevgi nəğməsi, yaxud?
– Bilirsiz, şeir, musiqi, sənət əsəri insanın əhval-ruhiyyəsini dəyişmir, fikrimcə, hansı əhvala maliksənsə, onu qüvvətləndirməyə xidmət edir. Qəmgin, kədərlisənsə, əlbəttə, sənə lirik şeir daha yaxşı təsir edəcək. Yaxud insanın qəmgin əhvalına “Segah” daha uyğundur… Amma nədənsə təsirlənmisənsə, bir gündəlik hadisədən əhval-ruhiyyən yüksəlibsə, səndə vətən, torpaq, ana kimi müqəddəs hisslər oyanıbsa, həmin an sənin ruhuna “Heyratı” uyğun gəlir, “Segah”ı dinləyə bilməzsən. Yəni belə anlarda nəyi oxumağı, nəyi dinləməyi insanın ruhu müəyyən edir, onun ruhu qərar verir. Bəzən elə olur ki, muğama qulaq asa bilmirsən, estrada janrında olan, o qədər də dərin məna ifadə etməyən, sadəcə, üzdən insanın əhvalını sərin bir meh kimi oxşayıb keçən bir mahnı səni qane edir. Kimlərsə deyə bilər ki, mən klassik, estrada və ya başqa bəstəkar mahnılarını daha çox xoşlayıram. Məncə onların arasında kəskin sərhəd qoymaq mümkün deyil və bu daha çox ovqata bağlı bir məsələdir.
– “Şöhrət” ordenli Bahar xanımın lider olmaq istəyən qadınlara məsləhəti…
– Adətən lider deyəndə, onu çox geniş bir çərçivədə düşünürük. Bəzən öz ailəsi içərisində lider olmağı bacarmayanlar var. Söz sahibi olan çox sadə insanlar da var ki, məsləhətə hər kəs onun yanına gəlir. Qadınlarımız çox zaman “lider” sözündən çəkinirlər və hesab edirlər ki, lider olmaq yalnız beş, on qadının bəxtinə düşə bilən bir xoşbəxtlikdir. Mənə görə lider özünə, tutduğu yola, əqidəsinə, siyasi xəttinə ürəkdən inanmalıdır, səmimi olmalıdır… Səmimi deyilsə, görüntü xatirinə, hamı burdadır, mən də burda olmalıyam fikrindədirsə, əlbəttə, o, lider ola bilməyəcək. İnsanın dəyişməyən mövqeyi həyata, dəyərlərə, insanlığa, yaxşılığa, ədalətə olan münasibətidir. Ədalətli və səmimi münasibət varsa, ətrafda olan dəyişikliyi də rahat qəbul edə bilirsən.
Bütün qadınlara tövsiyəm ondan ibarət olar ki, qadın haqqında formalaşdırılan stereotiplərdən uzaq¬laşmağı bacarsınlar; öz güclərinə inansınlar, hər bir işin qulpundan səmimiyyətlə yapışsınlar. İnanaraq, istəyərək və tutduğun yolun həqiqiliyinə əminliklə yapışsınlar, onda mütləq hansısa bir məqama gəlib çıxacaqlar. Məqsədyönlü şəkildə hədəfə doğru irəli getmək lazımdır, əlbəttə ki, dönüb hərdənbir geriyə də baxmaq lazımdır.
– Çox maraqlıdır. Sizi Bahar xanım edən əsas xüsusiyyət hansıdır?
– Özünə inamım. Ümumiyyətlə, hər bir insanın çatdığı mərtəbə ki var, onu şərtləndirən əsas amil inamdır. İnam olmasa, hec bir işin öhdəsindən gəlmək mümkün deyil. Həyat daim hamar, düz deyil və bizim qarşımızda həmişə yaşıl işıq yanmır. Ən kiçicik təhlükədən, çətinliklərdən qorxaraq inamını itirəcəksənsə, nailiyyət əldə edə bilməyəcəksən. Ən pis halda ən yaxşıya inanaraq, hər şeyə sıfırdan başlamağa hazır olmalısan. Mənim valideynlərim, əsasən atam kicik yaşlarımdan özümə inamı formalaşdırıb. Uşağa etimad göstərilirsə, onun fikri ilə hesablaşılırsa, (əlbəttə, valideyn başqa qərarlar qəbul edə bilər), övladın hər bir fikrinə dəstək verilirsə, ona inandığını özünə söyləyirlərsə, bu insanın ilk gündən özünə inamla böyüməsinə gətirib çıxarır. Bəzən bizim tərbiyədə qüsurlarımız olur: uşağa – yalnız nəsihətlər verməklə məşğul oluruq. Belə olarsa, şəxsiyyət böyütmək mümkün deyil…
– Bahar xanım, kiçik yaşlarında uşaqlardan soruşurlar ki, nəçi olmaq istəyirsən? Sizdən soruşublar? Bahar xanımın cavabı nə olub?
– Bu cavablar kifayət qədər müxtəlif olub. Yeddi bacı, iki qardaş olmuşuq və çox sadə, zəhmətkeş bir ailəmiz olub. Bizim ailədə “sən filankəs olmalısan” fikirlərini eşitməmişik, sadəcə hər şeyin yaxşısına can atmağın, hər şeyi daha dərindən öyrənməyin vacibliyini vaxtaşırı eşitmişik.
Erkən yaşlarımda ingilis dili müəllimi olmaq istəyirdim. Orta məktəbdə mədəniyyət sahəsinə, in¬cəsənətə meylim var idi. 15-16 yaşlarında isə hüquq sahəsinə maraq əmələ gəldi. O yaşa qədər bütün uşaqlarda fikirlər bir neçə dəfə dəyişir. İkinci təhsil olaraq hüquq təhsilini almışam, amma birinci təhsilim filoloqdur. Filoloqluq mənə çox şey verdi.
– Qadınlar arasında dostunuz çoxdur, ya tərəfdaşınız?
– Tərəfdaşım çoxdur. Qadınların fikirlərini paylaşdığı bir qadın rəfiqəsi mütləq olmalıdır. Mənim qadın rəfiqəm – bacımdır və bəlkə də bu, onunla bir yerdə çox yaşadığımızdan, bir çox məsələlərə oxşar münasibətimiz olmağından irəli gəlir. Amma həyatda ən böyük dostum, ən böyük tərəfdaşım, sirdaşım həyat yoldaşımdır. Yəni onunla bütün məsələlərdə, məni narahat edən bütün problemlərlə bağlı söhbət eləyə bilərəm. Hər zaman mənə dayaq, kömək, arxadır. Onunla birlikdə özümü çox güclü hesab edirəm.
– Sevimli qızınızın siyasətə gəlməyini istərdiniz?
– Qızım özü artıq siyasətə gəlir.
– Anasından nümunə götürür?
– Hər halda mənə oxşamaq istəyi aydın sezilir. Mən onun siyasətçi olub-olmayacağını deyə bilmirəm. Amma bilirəm ki, ictimai-siyasi sferada mütləq olacaq, həyata, insanlara münasibəti bunu deməyə imkan verir. O, kifayət qədər məntiqlidir və həyata, ətraf aləmə açıq gözlə baxır, heç nədən çəkinmir, özü-özünü bütün mənalarda qorumağı, müdafiə etməyi bacarır, ətrafında olanlara da diqqət və qayğı göstərir.
– Qocalığınızı harda və necə keçirmək istəyərdiniz?
– Bəzən yanlış olaraq belə düşünürük ki, həyat qocalığın astanasınadəkdir. Bu düzgün deyil. Mənim buna yanaşmam fərqlidir. İnsan doğulan gündən ölənə qədər hər anı istədiyi kimi yaşamasa da, bacardığı kimi yaşayır. Mən onu belə kəskin hədləri olan mərhələlərə bölməzdim, çünki bu günkü axşam dünənki günün davamıdır. Bəzən 20-25 yaşında qocalmış insanlara rast gəlirsən, amma 70-80 yaşında çox müasir, həyat eşqi ilə alışıb yanan insanlar mövcuddur. Yaşlanmaq olar, amma qocalığı hansısa bir mərhələdə bir titul kimi, bu mərhələnin cətiri kimi qəbul etmirəm. Müəyyən mənada həyata münasibət dəyişə bilər, sənin hərəkətin məhdudlaşar, görünüşündə dəyişiklik olar. O mənada mənim üçün qocalıq yoxdur, yaşlanmaq var və günlərin bir günü ölmək var. Amma Tanrının qismət etdiyi ömür payını yaxınlarım, doğmalarımla birlikdə, ailəmin və dostlarımın əhatəsində, sevdiyim işin arxasında keçirmək istərdim.
– Ölümdən sonrakı həyata inanırsınız?
– Mən cox realistəm: mənim üçün real həyat və həyatı ləyaqətlə yaşamağı bacarmaq var… Ölüm bir andır. İnsan yarandığı gündən bilir ki, öləcək. Məni ölüm qorxutmur və bu haqda cox düşünmürəm. Hər hansı xəstəlik qarşısında da qorxu keçirmirəm, amma ciddi kataklizmlər, cəmiyyəti silkələyən, həyatımızı bütövlükdə dəyişəcək, nizamımızı pozacaq hadisələr qarşısında narahatlıq keçirirəm. Ölümdən sonrakı həyat isə yalnız xatirələr, bir də özündən sonra qoya biləcəyin izdir. O da qismət olsa.
– Bahar xanım, hansı rəngi sevirsiniz?
– Firuzəyi rəng xoşuma gəlir; tündməcaz rəngləri çox xoşlamıram, amma demirəm ki, onlar mənim həyatımda yoxdur. Gözəl təbii rəngləri təbiət qədər sevirəm. Qırmızı rəng də xoşuma gəlir… Doğrusu, həyatın bütün rənglərini qəbul edirəm, amma qaranın tündünü çox sevmirəm.
– Hansı çiçəkləri cox sevirsiniz?
– Ən cox xoşladığım bənövşədir, çünki o qədər zərif, incədir ki! Həm də çox gözəl ətri var…
– Qışdan sonra çıxan, soyuğa tab gətirən, yazı müjdələyən kövrək çiçək…
– Yadımdadır, uşaq vaxtı, Füzuli rayonunda – həyatımızın gözəl vaxtlarında – yazın ilk günlərində bənövşələrin qarın içindən necə çıxdığını, necə açıldığını hər gün seyr eləmək mənə zövq verirdi. 8 martqabağı hardan olsa, bənövşə dəstəsi tapmalı idim, ona görə məni evdə danlayıblar da. Şəhər kənarına bənövşə dərməyə getdiyimizə görə anam bizi cəzalandırıb da…
Əlbəttə, həmin yerlərdə yenə bənövşə dərəcəyimə çox böyük inamım var. O torpaqlara qələbə ilə qayıdacağımız gün uzaqda deyil.
– Cox sag olun, səmimi söhbətə görə…
– Siz sağ olun… Qoy hər bir qadının həyatı ətirli çiçək kimi olsun!
Aktual.az