İctimai Televiziya və Radio Yayımları Şirkətində hər 3 aydan bir başlayan “işdənqovma” aksiyasının qurbanları artmaqdadır.
İTV-dəki mənbəmizin verdiyi məlumata görə, martın 3-ü İnformasiya və Analitik Proqramlar Departamentinin direktoru Mehparə Quliyeva nəinki vəzifəsindən, ümumiyyətlə şirkətdən kənarlaşdırılıb. Buna səbəb kimi müqavilə müddətinin bitməsi göstərilir.
Mənbənin verdiyi məlumata görə, M.Quliyevanın işdən qovulmasının əsl səbəbləri başqadır. Ötən il sentyabrın 3-də İnformasiya Departamentinin (bu il yanvarın 1-dən “İnformasiya və Analitik Proqramlar Departamenti” adlanır) direktoru təyin olunan M. Quliyeva ilə elə həmin gün şirkətin baş direktorunun müavini kreslosuna əyləşən Şaiq Məmmədov arasında “soyuq müharibə” başladı.
Deyilənlərə görə, M. Quliyevaya bu vəzifə İTV-də baş direktorun əvvəlki müavini Oqtay Bayramovdan şirkətin rəhbərinə “donos” çatdırmasının mükafatı olaraq verilmişdi. Onun baş direktorun yeni müavini Şaiq Məmmədovla bir neçə dəfə söz davasına çıxdığı da bildirilir.
Kurasiyasında olan departamentlərin direktorlarının səlahiyyətlərini dondurmaqda həvəsli olan Ş.Məmmədov adı çəkilən qadını bir həftəyə neytrallaşdırdı. M. Quliyevanın kabinetindən faks aparatı götürüldü, xidməti maşını əlindən alındı, xəbər buraxılışlarına yayımdan əvvəl nəzarət qadağan edildi, müxbirləri çəkilişlərə göndərmək və göndərişləri imzalamaq səlahiyyətləri donduruldu.
Əslində şirkət rəhbərliyinin belə addım atması başa düşülən idi. Çünki xəbər sistemindən başı çıxmayan direktorun “xidmətləri” sayəsində efirdə kobud səhvlər getdi.
Mənbənin dediyinə görə, M.Quliyeva vəzifəyə təyin olunan gündən müxbirləri işdən qovacağı ilə hədələyib, hətta səlahiyyətlərini aşaraq bəzi əməkdaşların şirkətə buraxılmaması barədə mühafizəçilərə göstəriş verib.
M.Quliyevanın işdən qovulması xəbərini dəqiqləşdirmək üçün özü ilə əlaqə saxladıq. O, “hələ dəqiq deyil, dəqiq olan kimi sizə deyəcəm”-cavabını verdi.
Qeyd edək ki, ötən ilin aprelində şirkətə baş direktor seçilən Cəmil Quliyev əməkdaşlarla bağlanan müqavilələri 3 aylıq müddətə endirərək hər kvartalda köhnə əməkdaşları işdən çıxarır.
İnterpress.az