Maydanda atışma və partlayış səsləri dayanıb, gecə sakit keçib. Aksiya iştirakçılarının sosial şəbəkələrdə yaydıqları məlumata görə, güc strukturları ilə qarşıdurma səngiyib. İki gün ərzində snayper atəşi ilə öldürülən 75 nəfər bu gün torpağa tapşırılacaq. Meyitlər Maydandan Ukraynanın dövlət himninin sədaları altında aparılıb. Öldürülən şəxslərin siyahısı artıq açıqlanıb, onlardan 11 nəfəri milis əməkdaşı, 68 nəfəri aksiya iştirakçısıdır.
Böhranın nizamlanmasına dair danışıqlar isə hələ də davam edir. Viktor Yanukoviçin Almaniya, Fransa və Polşa xarici işlər nazirləri ilə 8 saat davam edən görüşü başa çatsa da, iştirakçılar danışıqların mahiyyəti barədə məlumat verməyiblər. Polşa xarici siyasət idarəsinin rəhbəri Radoslav Sikorski yalnız onu bildirib ki, danışıqlar bu gün davam etdiriləcək. Prezidentlə görüşdə iştirak edən müxalifət liderləri Yatsenyuk, Tyaqbinok və Kliçko da danışıqların mahiyyətini açıqlamayıblar. Danışıqlarda Rusiya səfiri Mixail Zurabov və Putinin Kiyevə göndərdiyi insan haqları üzrə müvəkkil Vladimir Lukin də iştirak edib. Prezident administrasiyasını son tərk edən də Rusiya səfiri olub.