“Heç bir siyasi qüvvənin proyekti deyilik”
“125-lər siyasi klubunda təmsil olunan hər kəs parlament seçkilərində namizədliyini irəli sürəcək”.
Bu sözləri klubun təsisçilərindən olan Könül Quliyeva bildirib.
Onun sözlərinə görə, kluba ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən, vətəndaş cəmiyyəti institutları ilə bağlı olan intellektual insanlar toplaşıb: “Qurumun məqsədi yekdilliklə qəbul etdiyimiz bəyannaməmizdə öz əksini tapıb. Biz hüquq və azadlıqların təmin edilməsində iştirakçı olmaq və gələcək parlament seçkilərində öz siyasi platformamızla qatılmaq niyyətindəyik. 125-lər klubunun Ümid Partiyası ilə bağlı olduğunu iddia edirlər. Lakin Ümid sırf siyasi təşkilatdır, 125-lər isə ictimai-siyasi platformadır. Klubumuz heç bir siyasi qüvvənin proyekti deyil”.
O, kluba bu adın seçilməsini parlamentdə 125 mandatın olması ilə izah etdi: “Günbəgün sıralarımıza yeni insanlar qoşulur. Klubun sədri İlhamiyyə Rzayeva qeydiyyat aparır. Bəyannamədə 3 aydan bir toplanmaq nəzərdə tutulub, lakin klubun rəhbərliyindəki şəxslər ayda bir dəfə müzakirələr aparacaq”.
K.Quliyeva əlavə edib ki, klub ölkə qarşısında dayanan problemlərin həlli istiqamətində daha çox insanı proseslərə cəlb etməyə çalışır: “Passiv vətəndaşların ictimai-siyasi hadisələrin mərkəzində yer almasına, ictimai nəzarət mexanizminin hərəkətə gətirilməsinin tərəfdarıyıq. Demokratikləşmə, hüquqi dövlət quruculuğu prosesində fəal vətəndaşlarımız nə qədər çox iştirak edərsə, uğurlarımız da bir o qədər çox olar”.
teleqraf.com