Generalın qatilləri və qətlin sifarişçiləri hələ də tapılmayıb; Baş Prokurorluqdan bildirilib ki, istintaq davam edir
Bu gün, fevralın 11-də sabiq müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin öldürülməsinin 5-ci ili tamam olur. 5 il əvvəl R.Rzayev qətlə yetiriləndə Səfər Əbiyevin Bakıda olmadığı haqda rəsmi məlumat yayıldı. Amma sabiq naziri öz müavininin 3 mərasimində də görən olmadı.
Sonradan R.Rzayevin 7 mərasimi və 40 mərasimi də beləcə keçdi. Səfər Əbiyev müavininin yasına getmədi, heç onun qətlinin üstünün açılması üçün də hansısa addımlar atmadı. Hər halda, Səfər Əbiyevin belə bir təşəbbüslə çıxış etməsini eşidən olmayıb.
Qayıdaq R.Rzayevin öldürüldüyü günə. Həmin gün nazir müavini səhər 07:30-da işə gedərkən evinin yaxınlığında, xidməti avtomobilində başına açılan atəşlə öldürüldü. R.Rzayevin qətlinin istintaqı da akademik Ziya Bünyadovun, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətllərinin istintaqı kimi, imitasiya olundu. Günahsız insanlar istintaqa cəlb edildi, əsas cinayət işinin ətrafında “var-gəl” edən istintaqçılar ili-ilə satmaqla ictimai rəyi aldatdılar. Beləcə 5 il ötdü.
Əvvəlki illərdə yazmışdıq, bir də yada salaq. Generalı həmin gün tələm-tələsik dəfn etdilər. Bunun ardınca da xəbər yayıldı ki, R.Rzayevin qəbri hələ o öldürülməzdən əvvəl qazılıb. Onun dəfn mərasiminə nazirlərdən heç kim qatılmadı. Dəfndən sonra xəbər yayıldı ki, R.Rzayev ölümündən az müddət əvvəl II Fəxri Xiyabana gedərək özünə qəbir yeri sifariş verib. Təsadüfdən də həmin yer 2005-ci ildə sifarişlə qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarı yaxınlığında yerləşirmiş.
Qətl baş verən gün prezident yanında hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə cinayətin tezliklə açılması üçün xüsusi əməliyyat-istintaq qrupunun yaradılması, ən peşəkar əməliyyatçı və istintaqçıların ora daxil edilməsi tapşırığı verildi. Qətl Beynəlxalq Bankın İnşaatçılar prospektindəki ofisinin arxasında, binanın təhlükəsizlik videokameralarının əhatə dairəsində törədilsə də istintaq qrupu bu günə kimi yerində sayır. Cinayətdən 2 ay ötəndən sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov “Zerkalo” qəzetinə müsahibəsində generalın qətli ilə bağlı 4 versiya üzərində iş getdiyini açıqlamışdı. O, versiyaları konkretləşdirməsə də, ehtimallar sonradan mətbuatda dərc olundu. İlkin versiya bu idi ki, general tikinti biznesi ilə bağlı öldürülüb. Bu versiyanın tərəfdarları deyirdi ki, Rzayevin tikinti sektorundakı fəaliyyəti bu sahəni monopoliyaya alan qüvvənin planları ilə üst-üstə düşməyib. İkinci versiya bu idi ki, general şimal qonşumuzun geosiyasi maraqlarının qurbanı olub. Sonradan da bu versiyanı dəstəkləyən bir neçə xəbər yayıldı. Qətldən 20 gün sonra generalın ailə münaqişəsi zəminində öldürülməsi xəbəri də yayılmışdı. Bu xəbərləri dəstəkləyən fakt isə Rzayevin əmlakı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qətli araşdıran istintaq qrupu tərəfindən sorğu göndərilməsi olmuşdu.
İstintaqın generalın ikinci həyat yoldaşının yaxını tərəfindən öldürülməsi versiyasını əsas götürməsi ilə bağlı xəbərlər də mediaya gəlirdi. Orada deyilirdi ki, Rzayevin iki ailəsi olub. General birinci ailəsini ölümündən xeyli əvvəl İsrailə göndərib. Özü də ora getmək fikrində olub. Hətta qətlindən sonra istintaqçılar Rzayevin iş yerində sənədləri yoxlayarkən onun adına rəsmiləşdirilmiş İsrailə aviabilet də tapıb. Biletin üzərindəki tarix fevralın 12-si olub.
Digər versiya isə generalın hakimiyyətdə təmsil olunan generallarla mübahisəsinin nəticəsində aradan götürülməsidir. Şərti olaraq sonuncu versiya isə Rzayevin silah alveri ilə bağlı öldürülməsinə bağlanırdı. Bu versiyaya görə, silah alverindən əldə olunan gəlirin bir hissəsi yoxa çıxıb. Bunun hesabını isə Rzayevdən soracaqlarmış. Bu alverdə əli olanlar generalı aradan götürüb özlərini sorğu-sualdan yayındıra bilərdilər.
Versiyaları araşdırmaq istintaqın işidir. Amma görünür, istintaqçıların öz işini görmək üçün kifayət qədər vaxtları olsa da, generalın qətlini açmaqda nədənsə aciz qalıblar.
Belə xəbərlər də vardı ki, bu acizlik heç də istintaqçıların qeyri-professionallığı ilə bağlı deyil.
Bu səs-küylü qətlin 5-ci il dönümündə Baş Prokurorluğun mətbuat xidmətinə telefon açdıq. İstintaqın nə yerdə olması ilə maraqlandıq. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov R.Rzayevin qətli ilə bağlı “Yeni Müsavat”ın sorğusuna yazılı şəkildə cavab verib: “Xəbər verildiyi kimi, həmin iş üzrə Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılmışdır. Respublikanın hüquq-mühafizə orqanlarının rəhbərliyi tərəfindən nəzarətə götürülmüş həmin iş üzrə cinayətin açılması və onu törədənlərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Baş Prokurorluğun cavabından bəlli olur ki, istintaq davam edir. Amma konkret nəticə isə yoxdur.
musavat.com