Psixoloq və Bakı Yol Polisinin sözçüsü qəzaların sayının artmasından danışdılar
Bakı-Qusar yolunda baş verən qəzada 20 yaşlı Fərid Dadaşov və 1993-cü il təvəllüdlü Emin Oqtay oğlu Məmmədlinin faciəli ölümü nəqliyyat qəzalarına cəmiyyətin diqqətini yenidən gündəmə gətirdi.
Baş vermiş qəza iki önəmli məqamla bağlı müzakirələrə yol açıb. Bunlardan biri yüksək sürət, nəqliyyat hadisələrinin faciəvi sonluğudur. Digəri isə bu kimi ölüm hallarının kökündə dayanan fundamental səbəblərdir. Mətbuatda yayımlanan xəbərə görə, mərhum F.Dadaşovun atası iş adamı Nazim Dadaşovdur. Fəridin atasının böyük tikinti şirkətlərindən birinin sahibi olduğu bildirilir.
F.Dadaşovun ölümündən sonra facebook və instagram sosial şəbəkələrində yayılmış fotoları da sübut edir ki, gənc lüks həyat tərzi keçirdib.
Fəridin timsalında belə hallarla müasir dönəmdə tez-tez rastlaşırıq. Valideynlərinin övladlarına yaratdığı şərait bir çox hallarda onların inkişafına, xoş gününə deyil, ölümünə gətirib çıxarır. Bu durumun psixoloji aspektlərini şərh edən İstanbuldakı Doğan Xəstəxanasının psixoloqu Xatirə Səfərova bunları dedi:
“İnsanların fərdi tipləri olduğu kimi onların yaşam kodları da özlərinəməxsusdur. Öz həyat seçimlərini edən kəslər buna müvafiq həyat ssenarilərini də müəyyənləşdirirlər. Məsələn, qipertimtiplər yüksək aktivliyə malik şəxslərdir. Onların daxillərində daim aqressiya, qığılcım olur. Həmin şəxslər elə maşın idarə etmələrindən də təyin oluna bilir. Maşını idarə edəndə çox əsəbi olurlar. Qapını açıb, örtəndə sərt olurlar. O cümlədən təhlükəsiz tiplər də var. Hansı ki, onlar daim ehtiyatlı olurlar və qəza halları az baş verir. Melanxoliklər də ehtiyatlıdırlar. Xoleriklər isə qipertimtiplər kimi səbirsizdirlər. Bir sözlə, insan tiplərinə görə maşın idarəetməsi müəyyən mənada bəlli olur.
İndiki dövrdə insanların maşına maraq göstərməsi, özlərini maddi əsaslarla, əşyaları, brend geyimləri və sairlə təsdiqləmə cəhdləri çoxdur. Bu da insanların aktiv həyatlarının az olmasından irəli gəlir. Tənbəlliyə meyllənmiş insanlarda bu kimi hallar müşahidə olunur. Bu faktorlar həm də insanların daxili natamamlıq kompleksidir.
O ki qaldı sözügedən gəncimizə… Allah rəhmət eləsin, heyf oldu. Bu hadisə bir daha təsdiqlədi ki, uşaq yaşlarından, o cümlədən gənclik dönəmində imkanlı ailələr övladlarını lüksə alışdırmamalıdır. Bu geniş imkanlar onların ziyanınadır. Çünki gənc yaşında hər istəyinə çatmış insanda motivasiya olmur. Nəticədə anormal istəklər, adrenalin dadmaq istəyi yaranır. Belə olduqda isə insan pis vərdişlərə yiyələnir. Narkotik vasitələrə qurşanma, adrenalin dolu oyunlar və sair kimi mənfi hallara insan özünə icazə verir. Çünki o kəsin maraq dairəsi aşağı düşdüyü üçün pis vərdişlərə yiyələnməsi adi hal olur. Odur ki, valideynlər belə məsələlərdə diqqətli olmalıdırlar”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun açıqlamasına görə, son illər “Yol hərəkəti haqqında” Qanuna edilən əlavə və dəyişikliklər öz bəhrəsini verib:
“Artıq qəzaların sayı aşağı düşüb. Ötən ilin yanvar ayı ilə müqayisədə indi vəziyyət daha qənaətbəxşdir. Bu ay ərzində nəqliyyat qəzaları zamanı 30 nəfər həlak olub ki, onlardan da 16-sı piyada olub. Hadisələr əsas etibarı ilə sürət həddinin aşması, təyin olunmayan yerlərdən piyadaların keçməsi, ötmə əməliyyatının düzgün baş tutmaması zamanı baş verir.
Onu da nəzərinizə çatdırım ki, yol-nəqliyyat hadisələri zamanı xəta törətmiş şəxs məsuliyyətə cəlb olunur. Həmin məsuliyyət insanlara yetirilən xətadan asılı olaraq müəyyənləşir.
Əvvəldə də qeyd etdiyim kimi, cəzaların sərtləşdirilməsi artıq öz bəhrəsini verir. Bədbəxt halların qarşısı xeyli alınıb. Əvvəl kəmər taxmamağa görə cəza 15-20 manat idisə, indi 40 manatdır. Telefonla danışmaq 20 manat idisə, indi 50 manatdır.
Əgər ölkə üzrə təhlil aparsaq görərik ki, bütün göstəricilər üzrə hadisələrin azalması müşahidə olunur. Onu da bildirim ki, respublika üzrə yol qəzalarının 35 faizi Bakının payına düşür.
Bütün bunlardan çıxış yolu isə heç şübhəsiz insanlarımızda yol hərəkəti ilə bağlı mədəniyyətin yüksəldilməsidir. Bu işdə bizlərə KİV nümayəndələri də dəstək olmalıdır. Gərək deyil ki, hansısa faciə baş versin, insan fəlakəti olsun, sonra yazasınız. Hər zaman əməkdaşlıq edin, maarifləndirici yazılar yazın”.
Baş verən qəzalarda mental xüsusiyyətlərin də rolunun olduğunu bildirən V.Əsədov maraqlı məqamlara toxundu:
“Təəssüf ki, bizim insanların bəzi qismi anlamır ki, qanun hər kəs üçündür. Bir də görürsən deyir ki, qırmızı işığı görmədim keçdim. Mən tələsirəm, ya filankəsəm. Bunların heç biri o şəxsə bəraət qazandırmır. Bunları aşılamaq üçün də tək yol polisi deyil, hər kəs səfərbər olmalıdır.
Bizdə son illərdə yaradılmış texniki baza, şərait heç şübhəsiz fəaliyyət sferasının yüksək keyfiyyətli təmini baxımdan tamdır. Sadəcə olaraq, şüur, mentalitet məsələsində problem var. Misal üçün, İsveçrənin ərazisi də, sürücülərin sayı da bizimkinə bərabərdir. Lakin orada illik qəzaların sayı 300-dürsə bizdə ondan 3 qat çoxdur. Buna səbəb isə şüurda, təfəkkürdə fərqlərin olmasıdır.
Sonda onu da bildirmək istəyirəm ki, bu gün bəzi müğənnilər klip çəkdirir. Çoxunda da sükan arxasında kəmər taxmırlar. Bir xaricilərə baxıb örnək götürsünlər, çünki bütün bunların insanlara təsiri var.
Bu gün hamı bilir ki, səs siqnalından yersiz istifadə, əlavə aparaturanın quraşdırılması olmaz. Amma yenə də istifadə edirik. Ailə quranlarımız səs siqnalı ilə evlənir, siqnalla salamlaşıb, onunla sağollaşırıq. Bunlar yolverilməzdir”.
Yekunda maraqlı bir faktı da nəzərinizə çatdıraq ki, “Gangnam Style” klipi ilə qısa müddətdə dünyada məşhurlaşan cənubi koreyalı PSY-nin klipinə öz ölkəsində qadağa qoyulmuşdu. Buna səbəb ekran işində ifaçının yol hərəkəti qaydaları nişanına təpik vurması olmuşdu. Odur ki, V.Əsədovun sözlərindəki həqiqət payı danılmazdır.