Gürcüstan vətəndaşlarının Azərbaycanda müvəqqəti yaşamaq müddəti 3 aydır.
Bu müddətdən 1 gün artıq Azərbaycan sərhədini keçənlər isə 400 manat cərimə olunur. Soydaşlarımız isə bundan narazıdır. Onlar bu müddətin daha çox olmasını, yaxud da cərimənin aşağı salınmasını istəyirlər.
Soydaşlarımızın bu narazılığına öz münasibətini bildirən Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Qənirə Paşayeva AzNews.az-a açıqlamasında deyib ki, Gürcüstandakı soydaşlarımızın Azərbaycana gediş-gəlişi zamanı miqrasiya ilə bağlı ortaya çıxan problemlərinin həlli istiqamətində ilk növbədə bizim müvaffiq dövlət qurumları sıx şəkildə fəaliyyət göstərməlidirlər.
Q. Paşayeva bildirib ki, miqrasiya problemi ilə qarşılaşan azərbaycanlılardan ona daim müraciətlər daxil olur:
“Miqrasiya ilə bağlı müvafiq qanunvericilik bazası da formalaşıb. Parlamentdə Gürcüstandakı soydaşlarımızın Azərbaycana gəliş-gedişi zaman miqrasiya məsələləri ilə əlaqədar qarşılaşdıqları problemlərin həlli məqsədilə müxtəlif səpkidə təkliflərim də olub.
Ümumiyyətlə bununla bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Həmin məsələyə dair geniş müzakirələr də aparılıb. Sonda qanunda hər hansı istisnanın mümkünsüzlüyü qənaətinə gəlindi”.
Q. Paşayeva əlavə edib ki, Gürcüstandakı soydaşlarımızın probleminin həlli Azərbaycan dövləti üçün çox önəmlidir:
“Hesab edirik ki, soydaşlarımız da problemlərlə üzləşməmək üçün ehtiyatlı olmalıdırlar”.