Məşhur azərbaycanlı iş adamı, “Crocus Group” şirkətlər qrupunun prezidenti Araz Ağalarov Rusiyada büdcədən maliyyələşən daha bir meqa tikinti layihəsini almaq üçün tenderə qatılıb.
Virtualaz.org saytı Rusiya qaynaqlarına istinadən xəbər verir ki, iş adamı Moskvada Mərkəzi Dairəvi Avtomobil Yolunun tikintisi layihəsini almaq istəyir. Bu tenderdə onun rəqibləri prezident Vladimir Putinin dostu, Rusiya neftinin dünya bazarlarında satışını həyata keçirən “Gunvor” treyder şirkətinin prezidenti Gennadi Timçenko və ərəb əsilli milyarder Ziyad Manasirdir.
Araz Ağalarovun “Crocus Group” şirkəti, Ziyad Manasirin “Stroyqazkonsaltinq” şirkəti və Gennadi Timçenkonun ARKS şirkəti yol tikintisi layihəsi ilə bağlı təkliflərini tender komissiyasına təqdim ediblər.
Layihəyə əsasən Mərkəzi Dairəvi Avtomobil Yolunun birinci mərhələsi – 49,5 kilometrlik hissəsi Yeni Moskva, Podolsk və Naro-Fominsk rayonlarından keçməlidir. Tenderin nəticələri ötən ilin dekabrında elan edilməli idi. Lakin son məqamda baş nazirin müavini Arkadi Dvorkoviç konvertlərin açılmasını 2014-cü ilin aprelinə təxirə salıb. O, layihənin texniki və maliyyə auditini keçirməyi tapşırıb.
http://s001.radikal.ru/i194/1402/a8/fa619f83a7e8.jpg
Tenderi “Avtodor” Dövlət Konserni keçirir. Layihənin ilkin dəyəri 52,4 milyard rubldur (təqribən 1,6 milyard dollar). Bu məbləğin 45,6 milyard rublunu dövlət qoyacaq, qalan hissəsini isə özəl investorlar yatıracaq.
Layihənin müddəti 23 ildir. Tikinti bu il başlamalıdır. Tikintini aparan şirkətlər yatırdıqları investisiyaları dövlətin ayırdığı vəsaitlər hesabına geri qaytara biləcək.
Qeyd edək ki, Araz Ağalarovun Rusiyada indiyədək dövlət sifarişi ilə həyata keçirdiyi ilk tikinti layihəsi Vladivostokda, Rus adasında Uzaq Şərq Universiteti kompleksi olub. 2 milyard dollara başa gələn bu tikinti layihəsini vaxtında həyata keçirən iş adamı sonradan müsahibələrində demişdi ki, kompleksin tikintisindən ciddi gəlir əldə edə bilməyib. Çünki tikinti prosesində xərcləri artıran çoxsaylı çətinliklər ortaya çıxıb.
A.Ağalarov demişdi ki, bundan sonra dövlət layihələrində iştirak etmək fikri yoxdur və özəl investisiyalar hesabına layihələr həyata keçirəcək.