“Assoşieyted press” agentliyinin fotoqrafı David Qoldman Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimi zamanı maraqlı detalın şahidi olub.
Virtualaz.org saytı xəbər verir ki, fotoqrafın mərasimdə izlədiklərinə “The Washington Post” qəzeti yer verib.
“Fevralın 7-də Soçidə olimpiya stadionunda təntənəli açılış mərasiminin başlaması ərəfəsində mərasimə qatılan prezidentlər, baş nazirlər və digər yüksək vəzifəli qonaqlar “Prezident zalı”na toplaşmışdılar. Zalda gözləyənlər arasında Ukrayna prezidenti Viktor Yanukoviç, olimpiadanın ölkəsi üçün böyük əhəmiyyətini nəzərə alan və təntənəli nitqinə hazırlaşan ev sahibi Vladimir Putin də olub.
Fotojurnalist zaldakı barın qarşısında bir fincan qəhvə götürmək üçün növbəyə dayanan Əfqanıstan prezidenti Həmid Karzayı da lentə alır. Hansı ki, Putinin ölkəsi 1979-cu ildə onun ölkəsinə müdaxilə etmişdi” – deyə qəzet yazır.
Fotojurnalist qeyd edir ki, zalda çoxsaylı qonaqların olmasına baxmayaraq Həmid Karzay söhbət etməyə heç kimi tapa bilmirdi və otaqda tənha idi. “Assoşieyted press”in fotoqrafı David Qoldman H.Karzayın barın qarşısında tək dayanıb kofe götürmək üçün gözlədiyini lentə alıb: “Mən gördüm ki, o, barın qarşısında tək dayanıb gözləyir. O, səbirlə gözlədi, gözlədi ki, qalanları onu diqqətə alsınlar. İstənilən adi şəxs kimi o, kofe almaq üçün növbədə gözləyirdi. Bu, məni heyrətə saldı”.
Bir qədər sonra H.Karzay kofeni götürüb bardan ayrılır. David Qoldman danışır ki, o, yenə də tək idi: danışmağa heç kim yox idi, özü isə kiməsə yaxınlaşmaqdan çəkinirdi. Nəhayət, Karzayın gözləri Azərbaycan prezidentinə sataşır. Onlar bir-birlərinə tərəf dönürlər və söhbətə başlayırlar.