“Bağışlayın, sizin yaşadığınız ünvanda rəhmətə gedən var”
Səhər tezdən oyanıb axşam yatmadan öncə söndürdüyüm mobil telefonu işə saldım. Bir neçə saniyə sonra mesaj gəldi. Baxıram ki, gecə saat 02:04-də bir nömrə mənə arayıb, amma telefon bağlı olduğundan mesaj xidməti bu zəngi qeydə alıb. Adam məni düz 4 dəfə yığıb. Ürəyimdə dedim ki, gecəyarı kim olar mənimlə danışmaq istəyən? Özü də israrla məni yığıb. Sonu 07-07 ilə bitən nömrə əsla tanış gəlmirdi. Telefonum təmirdə olduğundan hazırda istifadə etdiyim cihaza zəng və mesaj gələndə ad-soyad çıxmır. Amma təxmin etdim ki, bu nömrədən mənə ilk dəfədir zəng gəlir.
Əl-üzümü yuduqdan sonra tərəddüd içində mesaj gələn nömrənin sahibinə zəng vurdum. Salamlaşdıqdan sonra mənə zəng etdiyini xatırlatdım. Və kimliyi ilə maraqlandım. Xəttin o başındakı şəxs özünü təqdim etdi: “Polisdəndi, Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsinin sahə müvəkkilidir.”
Ad-soyadını da ədəb-ərkanla söylədi. Xəbər aldım ki, məni niyə gecəyarı yığıb? Nə məsələ imiş? Polis zabiti ilə aramızda maraqlı və mənim üçün şokedici dialoq alındı. Həmin dialoq xırda ixtisarla aşağıdakı kimidir:
– Gecə sizin yaşadığınız ünvana gəlmişdik əməliyyatçılarla.
İlk cavab məni çox təəccübləndirdi. Dedim görəsən nə məsələdi ki, polislər gecə evimə gəlib. Sahə müvəkkilinə bizə gəlmələrinin səbəbini soruşdum.
– Sizin ünvanda adam rəhmətə gedib, ona görə.
– Nə??????
Artıq bu cavab məndə şok effekti yaratdı. Yaddaşımı ələk-vələk etdim ki, ötən gecə nə baş verib real həyatımda? Bunu kəsdirməyə sahə müvəkkilinin müdaxiləsi, daha doğrusu təsəllisi imkan vermədi:
– Allah rəhmət eləsin, qardaş.
– Dayan görüm, kim rəhmətə gedib?
– Almaz xanım adlı qadın. Başınız sağ olsun.
Sahə müvəkkili olduqca mədəni şəkildə başsağlığını və təsəllisini davam etdirirdi.
– Harda rəhmətə gedib? Bizdə?
– Sizin ünvanda. Gecə əməliyyatçılarla gəldik, telefonunuz bağlı idi.
– Hansı küçədə, hansı ünvanda, hansı rayon ərazisində olub hadisə?
Sahə müvəkkili ünvanı söylədi. Xəbərin təsirindən azca özümə gəlib diqqətlə qulaq asdım onun dediklərinə. Yavaş-yavaş anlamağa başladım ki, ortada ciddi yanlışlıq var:
– Siz deyəsən məni səhv salmısınız axı.
Bu dəfə sahə müvəkkili tərəddüdə girdi:
– Siz Yasamal rayonunda yaşamırsınız? (Küçənin adını, binanın və mənzilin nömrəsini dedi)
– Xeyr.
– Siz Allah bağışlayın, görünür növbətçi hissə nömrəni səhv verib bizə.
– Mənim nömrəmin növbətçi hissədə nə işi var?
– Bilmirəm vallah, qardaş. Bağışlayın də, sizi narahat etdim.
Bax, belə, səhər-səhər bu cür sürprizlə qarşılaşdım. Sonra ağlıma nə gəldi, bilirsiniz? Telefonu söndürməsəydim, gecə yuxudan bu zəngə ayılıb hansı vəziyyətə düşərdik ailəcə. Polisin zənginə cavab versəm yəqin deyəcəkdi ki, dur qapını aç, Almaz xanım rəhmətə gedib, şahidləri dindirməliyik…
Bir şey də mənim üçün təəccüblü və anlaşılmazdır: axı mənim mobil nömrəmin Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsində nə işi var? Yəni bu qədər təsadüf, yanlışlıq baş verərmi ki?
Bu əhvalat “Evləri köndələn yar” teletamaşasında elçilik səhnəsinə də oxşadı bir az. Amma bəzi istisnalar var. Birincisi, bizim binamız köndələn deyil. İkincisi, o tamaşadakı yanlışlığa dözmək olar. Xeyir işin yanlışlığıdır. Mənim üzləşdiyim isə, iraq olsun, ölüm-itim məsələsidir… Yəni xoşagələn yanlışlıq deyil əsla.
Hələ yaxşı ki, növbətçi hissədən evimizin ünvanını səhv verməyiblər. İndi gəl polislərə gecəyarı sübut elə ki, burda ölən-zad yoxdu, sizə səhv məlumat veriblər.