Azad İsazadə: “Olimpiadadan sonra Rusiya Ukrayna və Moldovada, Cənubi Qafqazda, Suriyada vəziyyəti gərginləşdirəcək”
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyin davam etməsi şəraitində Milli Ordumuz son günlərin sayca üçüncü itkisini verdi. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, fevralın 6-da saat 18.40-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutması nəticəsində Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Quliyev Eşqin Firəddin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Məlumatda o da bildirilir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə əsgər Quliyev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan Eşqin Quliyev kəndin qəbristanlığında dəfn edilib. İşğalçı Ermənistan hər hansı razılaşmaya, sazişə əməl etmədiyini sonuncu terror aktı ilə bir daha nümayiş etdirdi. Məsələ burasındadır ki, Soçi Olimpiadası günlərində atəşkəsə əməl edilməsi barədə Rusiyanın tərəflərə ünvanladığı mesaj var idi və ilk növbədə bu tövsiyəyə Moskvanın əlaltısı olan Ermənistan əməl etməli olduğu halda növbəti dəfə məkrli niyyətini nümayiş etdirdi. Bəzi dairələr bunu Ermənistanın Rusiyaya hörmətsizliyi və ya özfəaliyyəti kimi dəyərləndirsə də, əksər ekspertlər fərqli düşünür. Hesab olunur ki, Rusiya Qarabağ cəbhəsindəki gərginliyin yaranmasında “rolunun olmadığını” sübut etmək üçün Soçi Olimpiadası günlərində də gərginliyin qalmasında maraqlıdır.
Hərbi ekspert Azad İsazadənin sözlərinə görə, təxribatın Ermənistanın özfəaliyyəti nəticəsində baş verdiyini dəqiq demək çətindir: “Aydındır ki, həmsədrlər atəşkəsi bərpa etməyə çalışır və səbəb kimi olimpiadanın keçirilməsini də ortaya atdılar. Halbuki olimpiadasız da atəşkəsi bərpa etməli idilər. Görünən budur ki, hansısa qüvvələr atəşkəsin pozulmasında maraqlıdır. İstisna etmirəm ki, Rusiya olimpiada vaxtı genişmiqyaslı hərbi əməliyyatların keçirilməsini istəməz”. Amma ekspert hesab edir ki, Moskva eyni zamanda gərginliyi saxlamaqda maraqlı ola bilər: “Çünki olimpiadadan sonra gözlənilir ki, Rusiya istər Ukrayna və Moldovada, istər Cənubi Qafqazda, o cümlədən Suriyada vəziyyəti gərginləşdirəcək. Olimpiada dövründə sakitlik olmasında maraqlı idisə, olimpiada bitəndən sonra gərginliyi artırmaqda maraqlı olacaq. Ona görə bəlkə də Rusiya hardasa gərginlik ocağını tam söndürməkdə maraqlı deyil”. A.İsazadə deyir ki, Azərbaycan Soçi olimpiadasından sonra gərginliyin artacağına hərtərəfli hazır olmalıdır.
Erməni tərəf həyasızcasına snayper gülləsi ilə qətlə yetirdiyi Azərbaycan əsgərinin ölümündə suçlu olmadığını iddia edir. “Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiya həqiqəti əks etdirmir”-deyə, Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Arçrun Ovanisyan çıxış edib.
O, Azərbaycan əsgərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən öldürülmədiyini qeyd edib: “Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiya həqiqəti əks etdirmir. Biz heç kimi öldürməmişik”.
Bu arada rəsmi Bakı da məsələyə reaksiya verib. Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov Soçi olimpiadası kimi belə xoşməramlı idman oyunları zamanı da insanların terrora məruz qaldığına təəssüfləndiyini bildirib. Soçiyə, Qış Olimpiadasının açılışına gedən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tvitter səhifəsində Ermənistanın Rusiyanın atəşkəs təklifinə əməl etməməsinə münasibət bildirib: “Olimpiya oyunları insanlardakı saflıq və alicənablığı üzə çıxarır. Olimpiada ilə bağlı hətta Suriyada da atəşkəs elan olunduğu halda, erməni snayperi azərbaycanlı əsgəri öldürdü. Görünür, hamı bu Olimpiadanın prinsiplərinə əməl etsə də, Ermənistan bunu qəbul etmir”.
Azərbaycan əsgəri məhz həmsədrlərin bölgəyə səfəri zamanı, hətta diplomatların Qarabağ separatçılarının lideri ilə görüşdüyü gün qətlə yetirilib. Bu, isə faktiki olaraq ermənilərin Qarabağ danışıqlarına tüpürməsi deməkdir. Lakin hələ ki, ermənilərə sərt təpkini müşahidə etmirik. ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlik Olimpiada zamanı barışıq dövründə azərbaycanlı əsgərin həlak olması ilə bağlı yenə də “narahatlığını” ifadə edib. Trend-in məlumatına görə, bu barədə amerikalı diplomat özünün “Twitter” sosial şəbəkəsindəki rəsmi akkauntunda yazıb. Uorlik yazır: “Qoşunların təmas xəttində azərbaycanlı əsgərin ölümü ilə bağlı KİV-də məlumat var. Olimpiya barışığı ilə nə baş verir?”
musavat.com