Türkiyəni sarsıdan “Böyük rüşvət” əməliyyatında istintaq materiallarında baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın idarə heyətinin üzvü olduğu “Türkiyə Gənclik və Təhsilə Xidmət Vəqfi”nin (TÜRGEV) də adı keçir. 

Modern.az saytı Türkiyə mətbuatına istinadən bildirir ki, istintaq materaillarındakı “rüşvət siyahısında” TÜRGEV-in adı var. İddiaya görə, siyahıda adı iki dəfə keçən TÜRGEV-ə cəmi 3 milyon türki lirəsi köçürülüb.

Pulları 2013-cü ilin iyul ayında iki dəfəyə vəqfə verildiyi bildirilir. Bilal Ərdoğanın idarə heyəti üzvü olduğu vəqfin ümumi təşkilat üzvləri arasında istintaqın nəzarətə aldığı hakim Ədalət və İnkişaf Partiyasının üzvü, Fateh bələdiyyə başçısı Mustafa Dəmir də iştirak edir. 

İstintaqda Dəmirə ünvanlanan ittihamlardan biri də “Fateh bələdiyyəsinin sit sahəsindəki ərazilərin nazirliyin gücündən istifadə edərək qeyri-qanuni olaraq abadlıq və inşaata açılması” iddiasıdır. Köçürülən pullar xaricində bu iddia da baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanı yaxından maraqlandırır. Çünki Fateh bələdiyyəsi Bilal Ərdoğanın idarə heyəti üzvü olduğu TÜRGEV-in sit sahəsində tikilən şagird yurdunu tamamilə bələdiyyə büdcəsi hesabına inşa edib və keçən ay heç bir ödəniş tələb etmədən vəqfə “25 illiyinə ödənişsiz” təhvil verib. Yurdun bələdiyyəyə olan xərcinin isə təxminən 5 milyon lirə olduğu öyrənilib. İstintaqı icra edən prokurorlar “kimlərin əmri ilə pulların vəqfə verildiyini; əvəzsiz bir şəkildə edilən yurd təsisini” araşdırır. Bilal Ərdoğan istintaq zamanı oğlu nəzarətə alınan və rüşvət iddialarında adı tez-tez keçən daxili işlər naziri Məammar Gülərlə birlikdə iki ay əvvəl birlikdə torpağa baxıb.

TÜRGEVin ümumi təsisçiləri isə Ərdoğan ailəsinin üzvləridir:

 

Necmeddin Bilal Ərdoğan (Baş nazir Ərdoğanın oğlu)

Əsərə Albayrak (Baş nazir Ərdoğanın qızı)

Sərhəd Albayrak (Baş nazir Ərdoğanın kürəkəninin böyük qardaşı)

Reyhan Uzuner (Baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanın qayınanası)

Ziya İlgen (Baş nazir Ərdoğanın qaynı)

Şölə Albayrak (Baş nazir Ərdoğanın qızı Əsərə Albayrakın gəlini)

Əhməd Ergün (Baş nazir Ərdoğanın ən yaxın yoldaşlarından)

Bülent Turan (AKP İstanbul millət vəkili)

Həsən Can (AKP-li Ümraniye bələdiyyə başçısı)

Mevlüt İtaətli (AKP-li Başakşehir bələdiyyə başçısı)

Mustafa Dəmir (AKP-li Fateh bələdiyyə başçısı)

Məmməd Doğan Kubat (AKP İstanbul millət vəkili)

Mustafa Ataş (AKP İstanbul millət vəkili)

Jasmin Solmaz (Ərdoğana yaxınlığı ilə bilinən iş adamı Remzi Gurun qızı)

Zeynəb Bolluğa Əkər Ayxan (Kənd təsərrüfatı naziri Mehdi Əkərin qızı)

 

Məlumatda qeyd edilir ki, Ərdoğanın İstanbul Böyükşəhər bələdiyyə başçılığı dövründə qurulan İSEGEV məhkəmə qərarı ilə 2012-ci ildə ad dəyişikliyinə gedib və TÜRGEV adını alıb.