“Dünyanın hər yerində belə bir qanun var. Müsəlman ölkələrinin dini qurumları da bununla bağlı fətvalar veriblər. Yəni qanunun müddəası dinimizə də zidd deyil. Həyat yoldaşlarının birgə qərarı, razılığı ilə ailələr süni mayalanma üçün müraciət edir. Sadəcə, təbii proses tibbi texnologiyalardan istifadə edilərək həyata keçir”. 

Xatırladaq ki, Milli Məclisin sonuncu plenar iclasında Qənirə Paşayeva qalımaqallı “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin müzakirəyə çıxarılması təklifi ilə çıxış edib. O, bu qanunun qəbuluna ehtiyac olduğunu düşünür: “Bu qanun layihəsinin müzakirə olunması çox önəmlidir. Mən təklif etdim ki, bu qanun layihəsini qısa zamanda müzakirəyə çıxarıb qəbul etməyimiz gərəkdir. Orada hər hansı ziddiyyətli bir məqam varsa, o məqama görə bu qanun layihəsinin müzakirəsi və qəbulu ləngiməsin. Qanunlar hər zaman belədir ki, onlarda dəyişiklik gedir, əlavələr gedir və gələcəkdə də bu qanun ətrafında əlavə, dəyişiklik oluna bilər. Amma bu qanunun qəbul olunaraq həyat keçməsi çox önəmli məsələlərdən biridir. Bilirsiniz, nə qədər boşanan ailələrimizin içərisində xeyli sayda övladsızlığa görə ayrılanlar var. Bu gün də boşanma həddində olan, çox ciddi gərginliklər, problemlər yaşayan ailələr var. Uzun illər ailədə övladın dünyaya gəlməməsi üzündən problem yaşayan ailələr var. Bir neçə gün bundan əvvəl mənim yanıma belə bir ailə gəlmişdi: Artıq 8 ildən çoxdur övladları olmur. Həkim müayinələrindən keçiblər və ailəyə deyilib ki, süni mayalanma yolu ilə sizin övladınız dünyaya gələ bilər. Amma bu ailənin həm bunu qarşılayacaq imkanı yoxdur, həm də dövlət tərəfindən bu istiqamətdə qanun yoxdur. Amma məsələn, o qanunu komitələr səviyyəsində müzakirə etdiyimiz zaman bəzi maddələrdə uzun müddət övladı olmayan ailələrə bir dəfə dövlət tərəfindən pulsuz şəkildə süni mayalanma əməliyyatının keçirilməsi məsələsi öz əksini tapırdı. Hətta, mən orada çıxışımda da vurğulamışdım ki, ailələr dağılmasın deyə bu problemli ailələrə kömək etmək istiqamətində o maddələri bir az da gücləndirmək daha da yaxşı olar. Bu çox önəmlidir. Çünki bu təkcə süni mayalanma məsələsi də deyil. “Reproduktiv sağlamlıq haqqında” Qanunun qəbul edilməsi istiqamətində işlərin görülməsi ilə institutumuz, ailələrin sağlamlığı üçün çox önəmli bir məsələdir”.

Q. Paşayeva tezliklə “Reproduktiv sağlamlıq haqqında” Qanunun qəbul olacağını düşünür: “Mili Məclis sədri Oqtay Əsədov da vurğuladı ki, ziddiyyətli məqamlar artıq qanun layihəsindən çıxarılıb. Ona görə mən düşünürəm ki, inşallah yaxın zamanlarda bu qanun layihəsi müzakirəyə gələr və bunu parlamentdə cəmiyyətimizlə birgə müzakirə edib, qəbul edərik”.

modern.az