Müxalifətin başı seçkisonrası daxili çəkişmələrə qarışmışkən, hakimiyyət də vəziyyətdən yararlanıb dayaqlarını möhkəmlətməkdə, seçkilər nəticəsində sistemin boşalan “qaykaları”nı bərkitməkdə, onun “yağı”nı, “antifriz”ini dəyişməkdədir.
Fürsətdən yararlanıb həm də şişirdilən büdcənin kəm-kəsirini, bir az da “seçki xərcləri”ni kasıb əhalinin cibi hesabına kompensasiya eləməyə çalışır iqtidarımız. İctimai narazılıqdan savayı hökumətə qarşı heç bir ciddi rıçaqı olmayan müxalif düşərgə isə kəmfürsət iqtidardan fərqli olaraq hələ də toparlanmaqla, dost və müttəfiqləri yenidən qruplaşdırmaqla məşğuldur.
Heç bir sosial sifarişin olmadığı bu lüzumsuz postseçki götür-qoyunun nəticədir ki, siyasi opponentlər benzinin bahalaşmasına sanballı ictimai etirazı yalnız 12 gün sonraya – dekabrın 15-ə təyin edə bildilər. Bununla da fürsət xeyli qaçırılmış oldu, aksiyanın effektliliyi bəri-başdan əhəmiyyətli ölçüdə azaldıldı…
Demokratik qüvvələrin seçkidən sonrası astagəlliyinin, özünə yeni problemlər axtarmasının və pərakəndəliyinin başqa bir sonucu da odur ki, Azərbaycanda siyasi sifarişli məhkəmələr hakim qüvvənin hazırladığı ənənəvi ssenari üzrə “uğurla” davam etdirilir.
Yenə onun nəticəsidir ki, Gülər Əhmədovanın istintaq və məhkəmə işi heyrətamiz qısa müddətdə yekunlaşdığı halda, şərlənib tutuqlanan tanımış müxalifətçilərin, NİDA-çı gənclərin, başqa aktiv gənclərin məhkəməsi, istintaqı aylardır uzadılır.
Hərçənd tam əksinə olmalı, məhz ikincilərin işi tezliklə yekunlaşmalı, Gülər Əhmədovla bağlı proses isə “Əsrin məhkəməsi” kimi aylarla sürməli idi – ta böyük həqiqət öz yerini tapana, xalqın halal seçiminə haram qatanlar, onun iradəsini zorlayanlar cəzalana, hakim komanda iqtidardan gedənə kimi.
Süni surətdə uzadılan siyasi məhkəmələr əlbəttə ki, müxalifəti, fəal gəncliyi qorxudub təzyiq altında saxlamağa, eyni zamanda cəmiyyətdə xof mühitini gücləndirməyə hesablanıb.
O həqiqətdir ki, 20 ildir bitməyən bu şou-tamaşalar hakim qüvvə ilə yanaşı, Azərbaycanı da rüsvayı-cahan etməkdə, nüfuzlu təşkilatların növbəti hesabatlarındakı “qara siyahılar”da ölkəmizin yerini “etibarlı şəkildə” bronlamaqdadır.
Hərgah, hakimiyyətin son davranışları, gənclər arasında siyasi həbsləri davam etdirməsi, Bakıda sosial tələblərlə adicə piketin keçirilməsinə belə qadağanın saxlaması, ölkə başçısının KİV rəhbərləri ilə məlum görüşündəki çıxışının cəmiyyətdə yaratdığı pozitiv ab-havaya qətiyyən uyğun gəlmir.
Sual ortaya çıxır yenə: kimdir bu kövrək müsbət auranı israrla sabotaj edən – məmurlar, yoxsa sifariş daha yuxarıdan gəlir?
Axı həmin çıxışdakı qiymətli mesajlar diktə edirdi ki, Gülər Əhmədovanın deyil, ən əvvəl siyasi dustaqların, müxalifətçilərin, gənclərin qondarma məhkəmə işləri tez bir zamanda yekunlaşsın və günahsız insanlar, suçsuz ilahiyyatçılar, hicab məhbusları uzağı, ilin sonunadək prezidentin fərmanı ilə azadlığa buraxılsın. Ən əsası, Azərbaycanda bir daha belə sifarişli həbslər və onların labüd sonucu kimi siyasi-vicdan məhbusları olmasın. Hanı? Hiss olunmur axı?
Heç kim yaxasını qırağa çəkməsin, ölkədə haqq-ədalətin bərqərar edilməsində, hər cür zalımlığın, vətəndaşa kafir, allahsız münasibətin kökünün kəsilməsində azsaylı müstəqil ziyalılarımızın, özünü “bütün Qafqazın şeyxi” sayan Hacı Allahşükür Paşazadənin üzərinə də tarixi məsuliyyət düşür.
Yeri gəlmişkən, prezidentə müraciət edən Şeyx «Təzəpir» məscidinin yerləşdiyi küçənin adını dəyişdirməyə nail oldu. Bunu savab iş kimi təqdim elədi. Olsun. Ancaq deməli, Şeyxin sözü ölkənin birinci şəxsinin yanında keçir.
Elə isə nə əcəb o, günahsız insanların – Azərbaycanın 17-20 yaşlı perspektivli gənclərinin, gənc ataların, öz dindaşlarının zindanda çürüdülməsinə qarşı səsini qaldırmır, ölkə rəhbərinə səslənmir, haqsız tutuqlamaları pisləmir, allahsızlığa qarşı çıxmır?!
Şeyx üçün ən savab, ən böyük tarixi xidmət, ehsanat (yəni yaxşılıq) bəlkə də elə bu olardı, nəinki hansısa küçə adı dəyişdirtmək. Yaxşılıqların bu qədər defisit, pisliklərin bunca bol olduğu bir məmləkətdə ehsanatdan gözəl nə ola bilər ki?..