Azərbaycanda benzinin bahalaşması günün əsas müzakirə mövzularından biridir. Qiymətlərin qalxması tək siravi vətəndaşları deyil, imkanlıları da düşündürən, narahat edən məsələrdəndir. Modern.az saytı bahalaşma ilə əlaqədar bəzi tanınmışlardan münasibət öyrənib.
Qeyd edək ki, sorğuya çəkdiyimiz tanınmışların şəxsi avtomobilləri var və hər gün ondan istifadə edirlər. Bahalaşma onların büdcəsinə mənfi təsirini göstərəcək?
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Təbii ki, benzinin artımı ümumi büdcəmizə mənfi təsir göstərir. Məcburən maşından istifadə edirik. Tədbirlərə, redaksiyanın işləri ilə əlaqədar müəyyən yerlərə getməliyik. Hesab edirəm ki, ümumilikdə, Azərbaycan əhalisinə, özəl nəqliyyat vasitəsi olan hər bir insana bahalaşmanın mənfi təsiri oldu. Benzinin qiymətinin artmasından sonra ərzaq, kənd təsərrüfatı məhsullarının da bahalaşacağı deyilir, bu olsa, lap çıxılmaz bir vəziyyət yarana bilər”.
Deputat Vahid Əhmədov: “Benzinin bahalaşması əlbəttə mənə də təsir edəcək. Mən rayona gedib-gələn adamam, seçicilərlə görüşürəm. Burdan Qubaya 170 km-dir. Büdcəyə də, hər şeyə də təsir edəcək. Qiymət artımı özü də bir benzinlə demək olar ki, qurtarmır axı. Qida məhsullarına nəzarət etmək lazımdır ki, onlar bahalaşmasın”.
ATV-də çalışan telejurnalist İradə İsaq: “Təbii ki, arzu olunan hal deyil. Əvvəl 10 manata maşınımıza 18 litr benzin vururduqdsa, indi bu qiymət xeyli artıb. Amma bir şey aydın olmalıdır. Benzinin qiymətinin artması yalnız yanacaq bahalaşması deyil. Bu, tezliklə digər vacib ərzaq məhsulları və əşyaların qiymətinin artımının gözlənilməsi deməkdir. Bahalaşma təbii ki, əhali arasında haqlı narazılıq yaradır”.
“Qafqazinfo” saytının baş redaktoru Elbrus Ərud: “Xeyr, mənə heç cür təsir etməyib. Ancaq fikirləşirəm ki, gələcəkdə daha az benzin işlədən avtomobilə keçim. Bir də motosiklet almağı düşünürəm. Ancaq təəssüf ki, Bakıda yollar buna imkan vermir. Sən motosikletlə getdiyin yerdə kimsə arxadan gəlib sənin üstündən keçə bilər. Azərbaycan xalqı, ümumiyyətlə, qənaət nədir bilmir. Bəlkə də, benzinin qiyməti ən azı 5 dollar olmalıdır ki, bu milləti qənaətə öyrətmək mümkün olsun. Yəni, adamalar avtomobili lazım olanda sürməli, elektriki lazım olanda yandırmalı, çaydanı doldurub qazın üstünə qoyub sonra cəmi bir stəkan içməməlidir. Məsələn, o düşüncədəyəm ki, bir stəkan çay içəcək adam yekə bir çaydanı ağzına qədər doldurub qaynatdığına görə, qazın qiyməti indikindən 10 dəfə də baha olsa, şəxsən mən yenə uf demərəm”.
Yazıçı Seyran Səxavət: “Vallah, elə mən güclə çatdırırdım maşın sürməyi. İndi yəqin ki, bundan sonra ancaq vacib məqamlarda, Allah uzaq eləsin, kimsə öləndə, xəstə olanda sürə biləcəyik. Bu artım dəhşətli bir şey oldu. Mən heç gözləmirdim. Özü də yanacaq bahalaşanda bütün ölkədə hər şey bahalaşır. Yəqin ki, indi dövlət başçısı öz ixtiyarından, iqtidarından istifadə edib bu məsələyə yenidən baxar. Çünki belə getsə, ölkə iflic vəziyyətinə düşəcək. Xeyir olsun, bu nə artımdı? Deyirlər, Avropa Şurasına yaxınlaşırlar. Avropa Şurasına yaxınlaşıb yanacağın qiymətini qaldıranda, Avropa Şurasının maaşları da var axı, ona da baxsınlar. Eşidən, bilən hamı qan ağlayır. Dəhşətli bir xəbər oldu, çox dəhşətli”.
Bahalı maşınları ilə tanınmış əməkdar artist, müğənni Ədalət Şükürov: “Qlobal miqyasda götürəndə benzinin bahalaşmasının təsiri var. Ancaq şəxsən mənim üçün böyük təsiri yoxdur. Əvvəl necə sürürdüm, elə də sürürəm”.
Azərbaycan Respublikası Tarif Şurasının qərarı ilə dekabrın 3-dən Azərbaycanda benzinin qiyməti qaldırılıb. Şuranın dekabrın 2-də axşam verdiyi qərarla qiymətlər belə qalxıb:
Bir litr benzin:
Aİ-80 və Aİ-92 markalı benzin – 55 qəpikdən 70 qəpiyə,
Aİ-95 markalı benzin – 60 qəpikdən 80 qəpiyə,
Dizel yanacağı – 45 qəpikdən 60 qəpiyə.