102-ci bazanın ərazisi genişləndirildi, 3 min əsgərdən sonra yeni vertolyot eskadrilyası də Ermənistanda yerləşdirilir 

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisi genişləndirilib.

“Azadlıq” radiosu erməni xidmətinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirinin müavini David Tonoyan İrəvan yaxınlığındakı istifadəsiz hərbi aerodromun 102-ci bazaya verilməsi məsələsinə aydınlıq gətirib.

Nazir müavini deyib ki, Ermənistan ərazisindəki Rusiya hərbi bazası müxtəlif nöqtələrdə – hərbi şəhərciklərdə yerləşdirilib və bu siyahı zərurət yarananda dəyişdirilə bilər. Xatırladaq ki, Ermənistan hökuməti Rusiya hərbi bazasına əlavə ərazi vermək barədə noyabrın 21-də qərar çıxarıb.

D.Tonoyan deyib ki, 102-ci bazaya əlavə ərazinin verilməsi Ermənistanın təhlükəsizliyinin təmin olunması zərurətindən irəli gəlir. Onun sözlərinə görə, məhz bu zərurətlə bağlı Rusiya hərbi bazası gücləndirilir. D.Tonoyan 102-ci bazada əlavə olaraq 18 vertolyotdan ibarət eskadrilyanın yerləşdiriləcəyini açıqlayıb.

“Ermənistanın təhlükəsizliyinin təmin olunması üzrə döyüş vəzifəsini yerinə yetirmək üçün bazanın hərbi-hava qüvvələri əlavə vertolyot eskadrilyası ilə güzləndiriləcək” – deyə o bildirib.

Müdafiə nazirinin müavini deyib ki, Ermənistan ordusu “Erebuni” aeroportunun Rusiya hərbi bazasına verilmiş ərazisindən istifadə etmirdi. D.Toroyan 102-ci bazanın hansı səbəblərdən gücləndirildiyinə dair suala cavabında bildirib ki, bu, daha çox regionda təhlükəsizliyin təmin olunması üçün atılan preventiv addımdır.

“Lakin digər tərəfdən, Rusiya bazası daha müasir şərtlərə uyğunlaşdırılır” – deyə D.Toroyan bildirib.

Xəbər verildiyi kimi, bundan əvvəl 102-ci hərbi bazaya 3 min yeni rus əsgərinin gətirildiyi açıqlanıb. Bazada bundan əvvəl bir qırıcı eskadrilyası, vertolyot eskadrilyası, desant, tank və kəşfiyyat batalyonları və 3 minə qədər əsgər var idi.

Rusiya 102-ci bazanı ötən ildən gücləndirməkdədir. Bazanın ərazisinə hava-desant batalyonu yerləşdirilib və rəsmi Bakıya məlum olub ki, bu qüvvələr Gürcüstan üzərindən daşınıb.

Maraqlıdır ki, Ermənistan ərazisindəki Rusiya hərbi bazasına yeni vertolyot eskadrilyasının və minlərlə əsgərin yerləşdirilməsi Rusiya prezidenti Vladimir Putinin İrəvana dekabrın 2-nə təyin edilmiş rəsmi səfəri ərəfəsində baş verir. Bundan əvvəl açıqlanmışdı ki, Putinin səfəri zamanı Rusiyanın Ermənistana “Smerç” yaylım atəşi sistemləri yerləşdirməsi məsələsi də həllini tapacaq.

Putinin İrəvana çoxdan gözlənilən səfəri Ermənistanın Avropaya inteqrasiyadan imtina edib Gömrük İttifaqına qoşulmaq qərarının ardınca reallaşır. Serj Sərkisyan Moskvada təslim aktına razılaşdıqdan sonra erməni ictimaiyyətini sakitləşdirmək üçün nəsə almalıdır. Belə görünür ki, onun Gömrük İttifaqına qoşulmaq qərarının əvəzində Rusiya Ermənistanın hərbi baxımdan gücləndirilməsinə yönəlmiş addımlar atmağa başlayıb.

Amma Ermənistan Rusiyadan güzəştli şərtlərlə, yaxud havayı silahlar alsa da Azərbaycanın güclənən hərbi imkanları ilə ayaqlaşa bilmir və artıq rəsmən etiraf edildiyi kimi, öz təhlükəsizliyini tamamilə rusların öhdəsinə buraxır.

Digər tərəfdən, Rusiya əvvəlcə Azərbaycana milyardlarla dollarlıq hücum silahlarını satmaqla Ermənistanı Gömrük İttifaqına üzvlüyə məcbur edə bildi. İndi isə Putinin silahlandırma növbəsi Ermənistana çatır. Bu taktika Azərbaycana da təzyiq yaratmağa imkan verə bilər. İstisna deyil ki, Putin İrəvana səfəri zamanı Ermənistanla hərbi əməkdaşlıq barədə yeni qərarlar versin və bu ölkənin ərazisində hərbi balansı dəyişməyə, yaxud qüvvələr nisbətini tarazlamağa imkan yaradan güclü silah sistemlərinin yerləşdirilməsini həyata keçirsin. Belə təzyiq Ermənistan və Ukraynanın ardınca Azərbaycanı da Gömrük İttifaqına çəkməyə hesablana bilər. Tamamilə aydındır ki, Rusiya 102-ci bazanı məhz Azərbaycana görə gücləndirir və Bakıya təzyiq elementi formalaşdırmaq üçün rus ordusunu Ermənistana yığır.