Redaksiyamızın elektron ünvanına göndərilən məktubu olduğu kimi təqdim edirik.
“Medianews .az” saytının rəhbəri
Ələsgər Süleymanova
Hörmətli Ələsgər Süleymanov,
Medianews.az saytında 16.11.2013 tarixində “Azercell” və BP kimi şirkətlər əməkdaşlıq təklifini iqnor edir” başlığı altında məqalə yerləşdirilib. Məqalədə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru cənab Fərasət Qurbanov bildirib ki, Azərbaycanda kifayət qədər transmilli şirkətlər fəaliyyət göstərsə də, onların heç biri sosial layihəyə dəstək vermirlər. Fərasət Qurbanov bu şirkətlərin sırasında “Azercell Telekom” MMC-nin də adını çəkir. O, bildirib ki, Şura transmilli korporasiyalara sosial layihələrin həyata keçirilməsi üçün təkliflər irəli sürsə də, hələ ki, cavab verilməyib.
“Azercell Telekom” MMC sosial layihələrə 17 il ərzində təqribən 13.2 milyon manat həcmində vəsait sərf edib. Şirkətin xeyriyyəçilik və sosial fəaliyyətinin nə qədər geniş spektri əhatə etdiyini görmək üçün həyata keçirdiyi layihələrə diqqət yetirmək kifayətdir. “Azercell Telekom” MMC Mobil Diş Klinikası və Mobil Göz Klinikası, Uşaq Qaynar Xətt xidməti, “Onlar da hədiyyə gözləyirlər…”, “Xalq Kompüteri” , “Hər Uşağın Ailəyə Ehtiyacı Var!”, “Barama” kimi sosial layihələri həyata keçirmiş və bir çoxunun icrasına dəstək vermişdir. Əslində bu siyahını xeyli genişləndirmək olar. Azercell həmvətənlərimizin ölkəmizdən çox-çox uzaqda keçirdiyi müxtəlif mədəniyyət tədbirlərinə dəfələrlə dəstək vermişdir. Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalına da Azercell dəstək olmuşdur. Layihə çərçivəsində Azercellin sponsorluğu ilə Azərbaycanın görkəmli muğam ustalarının ifalarından ibarət disk işıq üzü gördü. Azercell Telekom ölkəmizdə keçirilən Eurovision 2012 müsabiqəsinin Baş Sponsoru qismində çıxış etmişdi. Tanınmış sənətçilərimizin yubiley gecələri, konsertlərinin təşkili – bunlar şirkətin incəsənət sahəsində davamlı dəstək siyasətinin kiçik bir hissəsidir.
Digər tərəfdən Azercell sosial layihələrini müəyyən strategiyaya əsasən həyata keçirir. Belə ki, 2013-cü ildə Azercellin Korporativ Sosial Məsuliyyət ilə bağlı layihələrinin əsas hissəsi təhsil, iqtisadi inkişaf və ətraf mühitin qorunması ilə bağlı olub. 2013-cü ildə də şirkət bir çox sosial layihələri həyata keçirib ki, onlardan bir qismini qeyd etmək istərdik.
•Elm və Texnologiya Sahibkarlığı Proqramı (BARAMA və İnnovasiya Mərkəzi, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun birgə layihəsi);
•“Karbon kalkulyatoru” proqramı (Atmosferə ifraz olunan karbon qazının miqdarını gündəlik hesablamağa imkan verən kalkulyator);
•Mobil Göz və Mobil Diş klinikalarının yaradılması;
•Uşaq Qaynar xətti ;
•Dünya startap müsabiqələr layihəsi;
•”Musiqi ilə birləşərək” layihəsi;
•Azərbaycan Diplomatik Akademiyasında “Azercell” otağının yaradılması;
•Biznes cəmiyyəti üzvləri üçün “Marketing Kingdom” konfransı;
•2013-2014-cü tədris ili üçün 4000 nəfər internat məktəblisi üçün dərs ləvazimatlı çantaların hədiyyə edilməsi.
Qeyd edək ki, adları yuxarıda sadalanan layihələrin bir hissəsi artıq neçə illərdir ki, davamlı şəkildə həyata keçirilir.
Bütün bunlar bir daha təsdiq edir ki, tədbirdə səsləndirilən fikirlərə istinadən yazılan məqalə reallığı əks etdirmir. Biz həmin məqalənin bizim mövqeyimizi öyrənmədən, səslənən fikirlərin doğru-olub olmadığını yoxlamadan dərc edilməsindən təəsüflənirik.
Ona görə də bu məktubu “Azercell Telekom” MMC-nin mövqeyi kimi qəbul edib, onun olduğu kimi saytınızda yerləşdirlməsini və gələcəkdə “Azercell Telekom” MMC-nin adı hallanan və onun fəaliyyətinə toxunan yazılar dərc olunmamışdan əvvəl mövqeyimizi öyrənməyi xahiş edirik.
Hörmətlə,
Azercell Telekom MMC-nin Prezidenti
Kiril Qaburiç
21.11.2013