Azərbaycanın ən istedadlı və perspektivli futbolçularından olan Araz Abdullayevin başına gələn qəzavü-qədər çoxdandır, məni düşündürən fikirləri qələmə almağıma səbəb oldu.
Artıq bütün ölkənin xəbəri var ki, Araz avtomobillə Bakının nəqliyyatın hərəkətinin intensiv olduğu prospektlərindən birində – Nobel prospektində yol təmizliyi ilə məşğul olan iki qadını vurub, qadınlardan biri yerindəcə ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Amma mən istəyirəm ki, bu faciədən Bakı və paytaxt rayonlarının rəhbərlərinin də xəbəri olsun. Çünki bu məsələnin onlara birbaşa aidiyyəti var.
Mən bu yaşımadək iki şəhərdə yaşamışam – Xankəndi və Bakıda. Xankəndinin hələ Stepanakert olan vaxtlarında mənim oxuduğum orta məktəb evimizdən uzaqda olduğundan səhər yuxudan erkən oyanardıq – 6-da, 7-yə işləmiş. Saat 8-də başlayan dərsə çatmaq üçün…
Mənə həmişə təəccüblü gəlirdi ki, səhərin o saatında küçəyə çıxanda hər tərəfi tərtəmiz görərdim – ətrafda bir süpürgəçi, bir təmizlikçi olmadığı halda… Sonra öyrəndim ki, kommunal təsərrüfatın işçiləri nəqliyyatın intensiv hərəkəti başlayanadək bütün şəhərdə təmizlik işlərini başa çatdırırmışlar. Sonra onu da öyrəndim ki, SSRİ-nin bütün şəhərlərində təmizlik işləri məhz bu cür qurulurmuş.
Amma SSRİ dağılanda yaxşı-pis hər şeyi alt-üst elədiyimiz kimi bu ənənəni də sıradan çıxardıq – küçələri, yolları, prospektləri səhər tezdən yox, maşınlar gur-gur şütüyən vaxt, həyatımızı təhlükəyə ata-ata təmizləməyə başladıq.
Hər səhər işə paytaxtın baş prospekti ilə – Heydər Əliyev prospekti ilə gəlirəm. İşə çatana qədər bir əlim sükanda, bir əlim ürəyimin üstündə olur. Bütün yol boyu əyinlərində sarı jiletlər, kürəklərinə “Sabunçu MKTB”, “Nizami MKTB”, “Nərimanov MKTB” yazılmış, əllərində süpürgə və sarı vedrələr olan “süpürgəçi-kamikadzelər” hər an maşının altına düşə biləcəyinə görə…
Bir müddət əvvəl elə aeroport yolunda “süpürgəçi-kamikadze” qadınlardan biri avtomobilin vurması nəticəsində parça-parça olmuşdu. Daha bir neçə oxşar hadisə də baş verib. Amma nə paytaxt təsərrüfatının başında dayananlar, nə də elə həyatı hər an təhlükə qarşısında olan MKTB işçiləri bundan narahatdırlar.
Paytaxt rəhbərliyi hansısa tədbir görmək barədə düşünmür, “süpürgəçi-kamikadzelər”in isə heç vecinə də deyil, rahatca öz işləri ilə məşğul olurlar, yanlarından keçən təhlükəni, “ölüm maşınlarını” saya salmırlar. Hərdən mənə elə gəlir ki, həyatlarından bezib onlar…
Arazın bu hadisədə günahının olub-olmadığı başqa məsələ. Biz vəziyyətin bu yerə gəlməməsi üçün nə etmək barədə düşünək. Bunun üçün sadəcə, işi düzgün qurmaq, ən əsası isə insanların taleyinə, vətəndaşların həyatına laqeyd olmamaq yetərlidir. Bu qədər bəsit…