“Palmali”nin sahibi ölkənin ikinci soyadı ilə anlaşması sayəsində yerli oliqarxiyanın təqibindən qurtulub
“Türkiyədə yaşayan nüfuzlu iş adamı, ”Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun yap.org.az saytına açıqlamasında seçkilərdə YAP-ın namizədi İlham Əliyevi dəstəkləyəcəyini bildirməsi tam qanunsuzdur. Çünki Mübariz Mənsimov Türkiyə vətəndaşıdır və mövcud qanunlara əsasən seçkidə nə namizəd kimi, nə də seçici kimi iştirak edə bilməz. Bu sadəcə oliqarxla hakimiyyətin münasibətlərinin istiləşməsinin təzahürü idi”. Bu barədə “Yeni Müsavat”a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.
Mənbənin sözlərinə görə, əslində M.Mənsimovun bu bəyanatına MSK rəsmi münasibət bildirməli idi. Çünki M.Məsimovun xarici ölkə vətəndaşı kimi seçkiyə müdaxilə etməsi qanunla tam qadağandı. Ancaq hakim partiyanın xeyrinə danışdığı üçün MSK bu faktın üstündən sükutla keçdi.
Mənbənin iddiasına görə, M.Mənsimov son vaxtlar yerli oliqarxların təqibinə məruz qalmışdı və biznesini Azərbaycandan çıxarmaq istəyirdi. Ancaq sonradan ölkənin ikinci soyadı ilə ünsiyyət quran M.Mənsimova yaşıl işıq yandırıldı və buradakı layihələrinin təhlükəsizliyinə qarantiya verildi. Hətta ola bilsin ki, Mənsimov yeni layihələrə start versin.
Yada salaq ki, bir qədər öncə M.Mənsimovun Azərbaycandakı biznesinin çökdürülməsi barədə məlumat yayılmışdı. İş adamına məxsus, brendə çevrilən “Palsüd” MMC-nin məhsullarının topdan və pərakəndə satışına qadağa qoyulması, ona qarşı süni problemlərin yaradılması barədə məlumatlar qısa müddət ərzində xeyli tirajlandı.
Azərbaycanda M.Məsimovun biznesinin təqib olunması barədə məlumatlar çoxdan dolaşırdı. 2009-cu ildə “Palmali” Şirkətlər Qrupu Azərbaycanda irimiqyaslı biznes planlarını gerçəkləşdirməyə start verdi. Öncə “Palbank” təsis edilir, İçərişəhərdə bankın fəaliyyət göstərməsi üçün ofis icarəyə götürülür, peşəkar bank işçilərindən ibarət komanda yaradılır və lisenziya almaq üçün Mərkəzi Banka müraciət edilir. Ardınca başqa biznes layihələrinin icrasına da hazırlıq görülür. Sonda M.Mənsimova yalnız süd zavodu açmağa icazə verilir (“Palsüd”ün Lənkərandakı zavodunun tikintisi 6 milyon avroya başa gəlmişdi. Müasir avadanlıqlarla təchiz olunmuş zavod qısa zaman kəsiyində işə başlayır və bazarda oturuşur. Zavodun 100-dən çox işçisi var. Eyni zamanda minlərlə kiçik fermer əldə etdiyi südü müəssisəyə satır – red.). Mərkəzi Bank isə ona lisenziya verməkdən imtina edir. Gözəgörünməz əl ona lisenziya verilməsinə imkan vermədi.
Əslində burada təəccüblü heç nə yoxdur. M.Mənsimov rəqabətə davamlı biznesin təmsilçisidir. O, biznesini sıfır variantından sərt rəqabət şəraitində qurub və bu gün sahib olduğu milyardları da rəqabət nəticəsində əldə edib, inzibati resurslardan faydalanmayıb. Bu baxımdan onunla rəqabət aparmaq mümkün deyil. İnzibati resursları çıxsaq, M.Mənsimov rəqabət şəraitində Azərbaycanın istənilən oliqarxını diz çökdürə bilər. Ona görə də yerli oliqarxiyanın M.Mənsimova soyuq münasibəti var idi.
Eyni münasibət rəqabətə davamlı biznesin başqa təmsilçiləri – Rusiyada yaşayan “Crocus Group”un prezidenti Araz Ağalarov, AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılov, “İSR” Şirkətlər Qrupunun prezidenti İsgəndər Xəlilova da göstərilib. Biznes dünyasının nəhəngləri ilə rəqabətin iflasa aparmasının fərqində olan yerli oliqarxlar yaxşı anlayır ki, inzibati resurslar belə bu rəqabətdə üstün mövqeyə çıxmağa kömək etmir.
Mənbənin iddiasına görə, hakimiyyət Rusiyada yaşayan oliqarxlarla münasibətlərin sərinləşməsi fonunda (məşhur “Milyarderlər İttifaqı”nın yaranmasından sonra münasibətlər xeyli sərinləşib, hazırda onlara əvvəlki etimad yoxdur) hakim çevrələr M.Mənsimovla münasibətlərin yaxşılaşdırılmasına qərar verib. Bu missiyanı ölkənin ikinci soyadı öz üzərinə götürüb və M.Mənsimovla anlaşıblar. Onun biznesinin təhlükəsizliyinə təminat veriblər. Eyni zamanda bunun qarşılığında siyasi dəstək şərtini qoyublar. Biznes maraqlarından çıxış edən M.Mənsimov bir şərtlə məmnuniyyətlə razılaşıb.
Mənbənin sözlərinə görə, gələn ildən “Palbank” da fəaliyyətə başlaya bilər. Onsuz da ilin sonuna kimi 20-yə yaxın bankın bağlanacağı gözlənilir. Minimum nizamnamə kapitalının 50 milyon manata qaldırılması zəif bankların sıradan çıxarılmasına səbəb olacaq. Belə bir şəraitdə onların yerini nəhəng maliyyə resurslarına sahib olan “Palbank”ın tutması tamamilə realdır. M.Mənsimovun İ.Əliyevə “səs verəcəyi” ilə bağlı bəyanatına bu kontekstdən baxmaq lazımdır.
musavat.com