«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 11.15-ci maddəsi rəhbər tutulmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2014-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim edilib.
Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Maliyyə naziri Samir Şərifovun bildirdiyinə görə, «Büdcə sistemi haqqında» Qanuna uyğun olaraq 2014-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsinə və şaxələnməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, vergi və rüsumlar hesabına büdcəyə daxilolmaların artırılmasına, habelə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflərə nail olunmasına diqqət yetirilib.
Növbəti ildə xərclərin əsas prioritetlərindən olan sosial siyasətin davam etdirilməsi, əhalinin rifahının və yaşayış səviyyəsinin, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, ölkənin enerji potensialının gücləndirilməsi, içməli su və qaz təchizatı, kanalizasiya və meliorasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, kənd yollarının tikintisi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial və investisiya proqramları üçün maliyyə təminatının yaradılması nəzərdə tutulur.