Mənimsəmələr dəmiryolu sistemini çökdürüb; 1 milyard dollar dövlət investisiyası, 2 milyard dollar xarici kredit, yük və sərnişin daşımalardan əldə edilən böyük gəlirlər havaya sovrulub və sovrulmaqdadır
Yaxın keçmişdə dəmiryolu vasitəsi ilə sərnişin daşınması alternativ nəqliyyat vasitələri ilə müqayisədə ucuz başa gəlirdi. Ancaq indi vəziyyət tam əksinədir. Azərbaycan qatarlarında tariflər çox bahadır. Bəzi hallarda hətta biletin qiyməti təyyarə qiyməti ilə belə rəqabət aparır və “qalib” gəlir. Məsələn, Bakıdan Moskvaya biletin qiyməti 150, Sank-Peterburqa 144, Kiyevə 131, Tumenə 245 manata başa gəlir (söhbət KP tipli vaqonlardan gedir, qiymətlər Dəmiryolu İdarəsinin rəsmi məlumatlarından götürülüb).
Müqayisə üçün deyək ki, Gəncə-Moskva təyyarə reysinin gediş-dönüş qiyməti cəmi 270 manatdır. Yəni bir tərəfin qiyməti 135 manat. Bu da Azərbaycan Dəmiryolu İdarəsinin “çox ağıllı” qiymət siyasəti. Adamlar pullarına və vaxtına qənaət etmək üçün Bakıdan Gəncəyə gedib, oradan Moskvaya getməyə üstünlük verirlər.
Yerli qatarlara da qiymət çox bahadır. Burada qiymətlər 5-25 manat arasında dəyişir. Ona görə qatarla yola çıxmaq əksər sərnişinlər üçün əlverişli sayılmır. Onlar avtomobil nəqliyyatı ilə hərəkət etməyə daha çox üstünlük verirlər. Məsələn, Lənkərana kupe vaqonunun qiyməti 10 manatdır. Yüngül yol avtomobilləri də sərnişini eyni qiymətə Lənkərana daşıyır. 10-11 saat çirkli, heç bir komfortu olmayan vaqonda yol getməkdənsə, 3-4 saata rahat avtomobildə səfərə çıxmaq daha əlverişli sayılır. Elə buna görə də əvvəllər Bakı-Astara qatarına 18-20 vaqon qoşulurdusa, indi 4-5 vaqon qoşulur. Azərbaycan Dəmir Yolları QSC-nin idarə heyətinin sədri Arif Əsgərovun yarıtmaz siyasəti ona gətirib çıxarıb ki, dəmir yolu sərnişinlər üçün maraqsız və sərf etməyən nəqliyyat vasitəsinə çevrilməkdədir.
Məsələnin o biri tərəfi isə budur ki, qiymətlər artdıqca dəmiryolunda sərnişinlərin daşınma keyfiyyəti və onlara xidmət daha da pisləşir. Bu yaxınlarda Bakı-Balakən qatarı ilə səfərə çıxmış qəzetimizin əməkdaşı deyir ki, yolboyu antisanitariyadan əziyyət çəkiblər. Müxbirimizə həmin qatarda deyiblər ki, hələlik Tiflis və Moskva istiqamətlərinə işləyən qatarlar təzələnib. Daxili marşrutlarda işləyən qatarlar, ola bilər, 2015-ci ildən sonra dəyişilə. Belə çıxır ki, Dəmiryol İdarəsi qatarları yeniləşdirməyə vəsait tapa bilmir. Bəs xaricə sərnişin və yük daşınmasından əldə edilən fantastik gəlirlər hara gedir? Bəs dövlət investisiyaları hara buxarlanır? Bəs beynəlxalq təşkilatların kreditləri hara axır?
Dövlət büdcəsindən son 7 ildə bu sahəyə 800 milyon manata yaxın vəsait (1 milyard dollar) ayrılsa da, infrastrukturun, texnikanın bu cür bərbad durumda olması irimiqyaslı korrupsiyanın təzahüründən başqa bir şey deyil. Belə məlum olur ki, ölkəyə daxil olan böyük neft gəlirlərinə, üstəlik, dəmiryol sektorunun kifayət qədər rentabelli olmasına baxmayaraq, vaqon-elektrovoz parkını yeniləmək istiqamətində heç bir iş görülməyib. Latviya mediasında gedən məlumata görə, Azərbaycanın xaricdən aldığı vaqon və elektrovozlar Latviyanın istismar müddətini başa vurmuş “metallom”luq texnikasıdır.
Ötən il “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov “Azərbaycanda dəmir yolu nəqliyyatı sisteminin bütün sahələrinin müasirləşdirilməsi” haqqında əmr imzalayıb. Əmrə əsasən vaqon-lokomotiv parkı tam yenilənməli, hərəkətin idarə edilməsi üçün müasir avadanlıqlar alınmalıdır. Görünür, A.Əsgərov Latviyadan alınan “metallom”luq vaqon və elektrovozları müasir texnika kimi sənədləşdirir. Bu, artıq korrupsiya da deyil. Bu, açıq-aşkar soyğunçuluqdur – dövlətin pulu hamının gözü qarşısında havaya sovrulur.
“Azərbaycan Dəmir Yolları” QSC-yə təkcə dövlət büdcəsi hesabına yox, həm də xarici mənbələr hesabına iri həcmli investisiyalar yatırılır. Məsələn, Çexiyanın ixrac bankından Bakı-Böyük Kəsik marşrutu üzrə dəmir yolunun 317 kilometrlik hissəsinin əsaslı yenidən qurulması üçün 215 milyon avro kredit alınıb. Ümumilikdə Bakı-Qazax marşrutu boyu dəmir yolunun yenidən qurulmasına milyardlarla dollar xərcləmək planları var. Dəmir yollarının yenidən qurulmasına dair dövlət proqramının ilkin maliyyə dəyəri 2 milyard dollardır. Bu qədər investisiyalara baxmayaraq korrupsiya Azərbaycanın dəmir yolunu çökdürüb.
Dəmiryolundakı mənbənin məlumatına görə, sovet vaxtından qalma vaqonları təmir edilməklə yeni vaqon kimi qeydiyyata alınıb: “Bu ”əməliyyat” zamanı nəhəng məbləğlər silinib. Ümumiyyətlə, Azərbaycanın vaqon parkı olduqca bərbad vəziyyətdədir. Azərbaycana məxsus olan yük vaqonları, demək olar, su qiymətinə Rusiyaya icarəyə verilir. Azərbaycan lokomotivləri Gürcüstandan icarəyə götürmək məcburiyyətindədir. Çünki bizim lokomotivlər İran və Türkiyəyə metallom kimi satılıb. Köhnə və yararsız vaqon və lokomotivlər tez-tez qəzaların yaranmasına səbəb olur”.
Yada salaq ki, ildə bir neçə dəfə məhz keyfiyyətsiz dəmir yolu və nasaz texnika ucbatından dəmiryolunda qəza baş verir.
Beləliklə, aydın olur ki, korrupsiya dəmiryolu sistemini sözün həqiqi mənasında çökdürüb. Üfunət qoxuyan köhnə vaqonlar, lokomotivlər, normal xidmət göstərilməyən relslər ciddi təhlükə mənbəyi olaraq qalır. Sovet dövründə ən sərfəli və rahat nəqliyyat növü sayılan dəmiryol indi böhran dövrünü yaşayır. Dəmiryolunda böhran dərinləşdikcə isə Arif Əsgərovun biznesi daha da çiçəklənir – villalarının, özəl biznes strukturlarının sayının artması ilə bağlı məlumatlar intensivləşir.