“Ermənipərəst, ölkəmizin uğurlu inkişafını qəbul edə bilməyən qüvvələr fəaliyyətlərini gücləndiriblər” 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.

 İclası dövlət başçısı giriş nitqi ilə açıb.

 İlin altı ayının göstəricilərinin müsbət olduğunu, qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini deyən prezident İlham Əliyev bildirdi ki, bu göstəricilər ilin sonuna qədər müsbət dinamikanın qorunacağını deməyə əsas verir. İlin birinci yarısında ümumi daxili məhsul 5 faiz , qeyri–neft sektoru təxminən 11 faiz artmışdır. Əsas hədəfin qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarət olduğunu qeyd edən dövlət başçısı bu istiqamətdə çox ciddi nailiyyətlərin qazanıldığını, qeyri-neft sektorunda gedən proseslərin iqtisadiyyatın ümumi inkişafının təzahürü olduğunu vurğuladı. İlin birinci yarısında kənd təsərrüfatı sahəsində təxminən 5 faiz səviyyəsində artım olub, ölkə iqtisadiyyatına qoyulan sərmayələr xeyli artıb. İlham Əliyev qeyd edib ki, xarici investorların Azərbaycana inamı ölkənin ümumi inkişafını əks etdirir. “12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir. Əgər bu temp saxlanıla bilsə, ilin sonuna kimi bu sərmayələrin səviyyəsi 25 milyard dollara çatacaq”, – deyən prezident bildirib ki, hər qoyulan vəsait ölkə iqtisadiyyatına xidmət göstərir, yeni iş yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır. Bu gün Azərbaycan artıq başqa ölkələrin iqtisadiyyatına sərmayələr qoyur.

İlham Əliyev diqqətə çatdırdı ki, valyuta ehtiyatlarımız ildən-ilə artır və bu gün 48 milyard dollardan çoxdur. Ölkədə həyata keçirilən islahatların dünyanın aparıcı maliyyə qurumları tərəfindən də təqdir edildiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, bu islahatlar güclü sosial siyasətlə tamamlanır. Ona görə də hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artır, manatın məzənnəsi sabit qalır. Altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artıb, inflyasiya isə cəmi 2 faiz olub. Maaşlarda artım qeydə alınıb, orta maaş 520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir.

Prezident bildirib ki, ölkəmizin bölgələri də sürətli inkişaf dövrünü yaşayır, rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır, işsizliyin səviyyəsi azalır. Bu ilin sonunda başa çatacaq regionların inkişafı üzrə ikinci Dövlət proqramı, eyni zamanda, Bakı və ətraf qəsəbələrin inkişafı proqramı uğurla icra edilir.

Xarici siyasətdə atılan uğurlu addımlardan danışan İlham Əliyev son altı ay ərzində beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük diqqət yetirildiyini söylədi. Dövlətimizin başçısı müxtəlif beynəlxalq tədbirlərdə iştirakı və görüşlərini xatırlatdı və bildirdi ki, son bir il ərzində anti-Azərbaycan, ermənipərəst, ölkəmizin uğurlu inkişafını qəbul edə bilməyən qüvvələr fəaliyyətlərini gücləndiriblər və bu da təbiidir. Çünki ölkənin müstəqil siyasəti, daxildəki sabitlik, xoş əhval-ruhiyyə heç də onları qane edə bilməz. Ona görə Avropa İttifaqına səfərinin xüsusi əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı bu səfərin müsbət nəticələrini, səfər zamanı bir çox məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yarandığını diqqətə çatdırdı.

İlham Əliyev ötən yarım ildə Azərbaycanın enerji siyasətini də uğurla davam etdirdiyini bildirdi. Dövlətimizin başçısı ötən ay Bakıda keçirilən hərbi parada da toxundu və vurğuladı ki, bu parad ordu quruculuğu sahəsində görülən işlərin hesabatı olmaqla yanaşı, Azərbaycan Ordusunun qüdrətini bir daha göstərdi.

Sonra maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abasov, nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək ilin birinci yarısında görülmüş işlər barədə dövlətimizin başçısına məlumat veriblər.

İclasa yekun vuran Prezident İlham Əliyev ölkədə maaş və pensiyaların artımı nəzərə alınaraq makroiqtisadi sabitliyə böyük diqqət yetirilməsinin vacibliyini bildirdi. Azərbaycan Prezidenti dövlət büdcə xərclərinin, sosial ödəmələrin, maaşların, pensiyaların artması, investisiya layihələrinin icrası, sovet dövründən banklarda qalan əmanətlərin qaytarılması fonunda inflyasiyanın aşağı səviyyədə saxlanılmasını böyük uğur adlandırıb. Regionların inkişafı üzrə ikinci Dövlət Proqramının, həmçinin Bakı və ətraf qəsəbələrin inkişafı proqramının uğurla icra olunduğunu diqqətə çatdıran İlham Əliyev növbəti aylarda regionlarda kənd yollarının tikintisinin davam etdirilməsinə böyük diqqət göstəriləcəyini vurğulayıb. Dövlətimizin başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun, Xəzərdə ən böyük dəniz limanının tikintisinin də uğurla davam etdirildiyini söylədi. Prezident İlham Əliyev sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, meliorasiya, sənayeləşmə, içməli su, kanalizasiya, enerji, qazlaşdırma layihələrinin icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrdən də danışıb.

Prezident  Azərbaycan əhalisinin korrupsiyaya qarşı mübarizə ilə bağlı atılan addımları dəstəklədiyini bildirdı. “ASAN xidmət”in fəaliyyətini xüsusi vurğulayan dövlətimizin başçısı əhali arasında qısa zaman ərzində rəğbət qazanan bu xidmətin şəbəkəsinin genişlənəcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev növbəti aylarda qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün tapşırıqlarını verib.

 

 

 

 

 

 

http://www.youtube.com/watch?v=FTGug3Z8XVo