Publika.Az-ın qonağı ola Şarm qrupu, Ofeliya və Flora bacılarıdır. Onlar buruq saçlarını necə qoruyub saxladığı və digər gözəllik sirlərini bizimlə bölüşüblər. Zahirən bir-birinə çox bənzəsələr də, fikirləri tamamilə fərqlidir.  Biri çılğın, şıltaq, digəri isə sərt və hökmüran xarakterə malikdir. Hansının necə olduğunu bilmək üçün müsahibəni axıra qədər oxumağı məsləhət görürəm.  

– İki sənətçinin birlikdə yola  getməsi çətindir. İki bacı arasında mübahisələr çox olur? 

– Flora: Uşaqlağımız bir yerdə keçdiyi üçün bir-birimizin kaprizlərinə, xasiyyətinə artıq öyrəşmişik. 

– Ofeliya: Mən, hətta Floranın bir baxışdan nə demək istədiyini bilirəm. Həm sənətdə, həm də həyatda sözün əsl mənasında, bir-birimizi çox yaxşı başa düşürük .

– Hər gün bir yerdə olmaqdan və eyni peşə ilə məşğul olmaqdan bezmirsiniz? 

– Ofeliya: Mən şəxsən öz adıma deyirəm ki, zövq alıram. Çünki tək əldən səs çıxmaz deyirlər. İkimiz birləşib istədiyimizi əldə edə bilirik. 

– Hər ikinizi müğənnilikdə maraq doğuran nədir və başqa sənətlə məşğul olmaq fikriniz varmı? 

– Ofeliya: Əslində, Flora müğənni olmaq istəmirdi, onu anamla biz razı salmışıq. Bacım incəsənətin digər sahələrinə maraq göstərirdi. 

– Flora: Əvvəllər müğənnilərə pərəstiş edirdim və onlar üçün geyimlər hazırlamağı, modelyerliklə məşğul olmağı arzu edirdim. Amma artıq öyrəşmişəm və oxumasam dayana bilmərəm. Arzularımı isə nə vaxtsa reallaşdıracağımı düşünürəm, yəni, hələ də qüvvədədir. 

– Düşünmürsünüz ki, hər dəfə cüt geyinməklə tamaşaçıları yora bilərsiniz? 

– Ofeliya: Anam bizi  uşaqlıqdan həmişə cüt geyindirdiyi üçün bundan kompleks keçirmirik və buxasiyyətimizi dəyişə bilmirik. Həm də bizə yaraşdığı üçün tamaşaçıları yorduğunu düşünmürəm.

– Qadınların demək olar ki, hamısı öz əynində olan geyimdən başqasında görəndə, onu qarderobunun bir kənarına atır. 

– Flora: Biz əkiz olmasaq da, əkizlərə də başqa-başqa paltarlar geyindirməyin daha məqsədəuyğun olduğunu eşitmişəm. Hər bir insan individual olmalıdır. Uşağın gələcəkdə şəxsiyyət kimi formalaşmasında bunun rolu böyükdür. Amma biz eyni paltarda olanda özümüzü narahat hiss etmirik. Geyimlər eyni olsa da, hər bir insan özünü geyimdə tapmağı bacarmalıdır. Çünki ona başqa cür, mənə isə başqa cür yaraşır. Eyni geyimdə tamamilə başqa-başqa insanlarıq.

– Ofeliya: Bizim eyni geyinməyimizin nə sənətlə, nə də ki, qrup olduğumuzla əlaqəsi yoxdur. Sadəcə eyni geyinməyi xoşlayırıq və bu, daxildən gələn bir şeydir. 

O qədər pul verməyə əlim gəlmir

– Marka xəstəliyiniz var və bütün pulları geyimlərə xəcləyənlərdənsiniz? 

– Flora: Ümumiyyətlə, mən geyimi əlimə tutub baxanda onun markasına fikir vermirəm. Geyimin brendi və qiyməti heç bir əhəmiyyət daşımır. Sırf mənim üçün tikilən geyim isə daha maraqlı olar. 

– Ofeliya: Əslində, hansısa brendən geyinmək gözəldir. Çünki onlar az sayda buraxılır. Başqasında olmasın görə, brend nəsə ala bilərəm, amma verdiyim pula heyfim gəlmir. Hazırda brendləri əvəz edən o qədər gözəl geyimlər var ki, o qədər pul verməyə əlim gəlmir. Şəxsən mən özümə yaraşanı geyinirəm. 

– Stilinizdə nə ilə fərqlənməyə çalışırsınız?

– Ofeliya: Bizi fərqli edən əsas cəhət saçlarımızın təbii buruq olmasıdır. Hansısa, layihə üçün və klipdə imicimdə dəyişiklik edə bilərəm, amma onları heç vaxt kəsdirmərəm. 

– Saçlarınızın gözəlliyini və təbiiliyini qorumaq üçün nə edirsiniz? 

– Ofeliya: Saçlarımızı adi şampunla yuyuruq, maskalar etməyə də heç vaxtımız olmur. 

– Flora: Sadəcə, fendən mümkün qədər istifadə etməməyə çalışırıq. 

Makiyaj səhnə mədəniyyətinin bir hissəsidir

– Makiyaj etməyi xoşlayırsınız? 

– Ofeliya: Flora bu sahədə çox bacarıqlıdır və make-up ustası demək olar. Səhnədə olduğumuz üçün tez-tez makiyaj etməli oluruq. 

– Flora: Makiyajsız hansısa tədbirə getmək də düzgün deyil çünki makiyaj səhnə mədəniyyətinin bir hissəsidir. Gələcəkdə gözəllik salonu açmağı düşünürəm. Makiyaj etmək həmişə maraqlı olub, onu bütün dərinliklərinə qədər öyrənmək istərdim. 

– Dəriyə hansı qulluq edirsiniz? 

– Ofeliya: Bacımla mən bu barədə çox tənbəlik. Dərimin hansı yaşa qədər belə qalacağını bilmirəm. Hələ ki, təbiətin bəxş elədiyi gözəllikdən faydalanırıq. (Gülür) Qırışlar yarananda isə onun  tibbi yolla düzəltmək olar. 

Hətta zibil atanda da gözəl görünməyə çalışıram

– Kişilərin diqqəti, sevgisi sizi bezdirmir? 

– Ofeliya: Əskisinə, sevilməkdən, diqqətdən və qayğıdan zövq alıram. 

– Flora: Mən gözəl göründüyümü kimdən eşidə, yaxud yad insandan diqqət görə bilərəm. Ancaq mənim məqsədim istədiyim adamdan eşitməkdirsə və bunu eşidə bilmirəmsə, ürəyim partlayar. Buna görə həmişə, hətta zibil atanda da gözəl görünməyə çalışıram. 

Yumruğunu stola çırpanda sözə qulaq asa bilim

– Xəyalınızdakı kişi obarzı necə olmalıdır? 

– Flora: Ancaq daxili gözəlliyə qiymət verən insanları başa düşmürəm. Zahiri gözəlliyini görməsəm, daxili gözəlliyi mənim üçün heç bir əhəmiyyət daşımır. Məncə, bunların hər ikisi bir-birini tamamlamalıdır. Kişinin gözəlliyi olmamalıdır, xarizması, şarmı isə mütləqdir. Şıltaq insan olduğum üçün, sevdiyim insanın sərt xarakterə malik olmasını istərdim. Yumruğunu stola çırpanda sözə qulaq asa bilim. (Gülür)

– Ofeliya: Mən isə sərtliyi sevmirəm. Uşaqlıqdan bütün problemlərimi və evdə olan məsələləri özüm həll etdiyim üçün oğlan kimi böyümüşəm. Atamdan ayrı yaşadığımıza görə özümü evin kişisi hesab etmişəm. Kişi əsl centlmen olmalıdır. Qadın heç vaxt hiss etməməlidir ki, təkdir və onun problemi, sıxıntısı var. Kişi problemləri qadının xəbəri olmadan həll etməlidir. Təəssüflər  olsun ki, belə kişilər hazırda çox azdır. Ayrılıram deyəndə, “Özümü asacam, kəsəcəm” deyən, ağlayan və melanxolik kişiləri sevmirəm. “Acı həyat” serialındakı Mehmet obarızını çox bəyənirəm, nədənsə o mənim ideal kişi obrazıdır. 

– Ailə qurmağı düşünürsünüz? 

– Ofeliya: Anam bizi məcbur etməsə də, ailə qurmağımız onun ən böyük arzusudur. Amma hələ ki, ailə qurmağı düşünmürəm. 

 Elə kişilər çox azdır, gözləyirlər ki, biz onlar üçün şərait gözəl yaradaq

– Hər bir qadının kişi qayğısına və sevgisinə ehtiyacı var. 

– Ofeliya: Vaxtında ailə qurmaq gözəldir, xanımlarımız cavan qalır. Ancaq lazım olan kişini tapmaq çətindir. Elə kişilər çox azdır, gözləyirlər ki, biz onlar üçün şərait gözəl yaradaq.

– Səhnə sizə ailə qurmağa mane olur? 

– Ofeliya: Sənəti atmağı heç vaxt düşünmədiyim üçün ailə quracağım insan da uyğun sahədə işləməlidir. İstisna da ola bilər. Ancaq həmin insan həyatımı o dərəcədə dəyişdirməlidir ki, səhnədən uzaqlaşmağa razı olum.

– Flora: Hansı sənətdə işləməyinin fərqi yoxdur. Əsas odur ki, iki insan bir-birini başa düşsün. 

Kişiləri həmişə mən rədd edirəm

– Bəyəndiyiniz kişi sizi rədd edib? 

– Ofeliya: Əslində, kişiləri mən həmişə rədd etmişəm. (Gülür) Bu, özündən razılıq əlaməti deyil. Nədənsə, sevmədiyim insanlar yenidən mənə qayıdır. Belə insanlar gözümdən tez düşür. 

– Flora: Əgər mən bir insana hörmət edir, diqqət göstərir, yüksək qiymətləndirirsəmsə və buna qarşılıq görmürəmsə, həmin insanı həyatımdan uzaqlaşdırıram. Bir-birimizi başa düşmürüksə, rədd etmirəm, sadəcə münasibətlərimizə son qoyuram. 

Heç bir kişidən ötrü dəli-divanə olmamışam

– Böyük eşq yaşayan insanlar heç kimi bəyənmir və həyatında heç kimə yer vermir. 

– Ofeliya: Floranın bir sirrini açım ki, həyatında böyük sevgi olub, qarşısına nə qədər insan çıxsa da, fikri həmişə onun yanındadır. Mən isə etiraf edirəm ki, çox istədiyim, hörmət etdiyim, qəlbimə yatan insanlar olsa da, bu vaxta qədər sevməmişəm. Heç bir kişidən ötrü dəli-divanə olmamışam. (Gülür)

Qarşımdakı mənim üçün əhəmiyyətsizdirsə, onun sevgisi maraqlı deyil

– Sevgisiz yaşamaq çətin deyil ki? 

– Sevgisiz yaşamaq çətindir, amma məni sevənlər çoxdur. Məni sevənlərin sevgisi ilə qidalanıram. 

– Flora: Qarşımdakı mənim üçün əhəmiyyətsizdirsə, onun sevgisi maraqlı deyil. 

– Qadını nə çirkin göstərir? 

– Ofeliya: Gündəlik məişət problemləri, maddi sıxıntılar, həyatında olan çatışmazlıqlar insanı həqiqətən də çirkinləşdirir. 

– Flora: Qadın zahirən nə qədər gözəl olsa da, mənfi xüsusiyyəti onu çirkin göstərə bilər.