Gürcüstan ərazisində Cənubi Qafqaz boru kəmərinin nəql imkanlarının genişləndirilməsi üzrə işlərə başlanması haqqında qərar qəbul edilib.
Bu barədə Gürcüstanın baş naziri Bidzina İvanişvili KİV və QHT nümayəndələri ilə brifinq zamanı bildirib.
Baş nazirin sözlərinə görə, BP şirkətinin dünyada ən iri layihələrindən biri olan “Şahdəniz-2” 40 milyard dollar həcmində sərmayə tələb edir.
“Gürcüstan ərazisində inşaat işlərinə 2 milyard dollar vəsait yatırılacaq. Bizim ölkə üçün bu yaxşıdır, çünki yeni iş yerlərinin açılmasına kömək olacaq. Mən qeyd etmək istəyirəm ki, “Şahdəniz” qazı bizim digər boru kəmərlərindən aldığımız qazın qiyməti ilə müqayisədə ucuz olacaq”, – deyə B.İvanişvili qeyd edib.
Qeyd edək ki, sistemin nəql gücünün artırılması ildə 16 mlrd. kubmetr qaz nəql etmək məqsədi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində aparılır. Bu qazın 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya ixrac olunacaq.
“Şahdəniz-2” layihəsi çərçivəsində ilk qazın 2018-ci ildə alınması planlaşdırılır. “Şahdəniz” layihəsində hasilatın pay bölgüsünə dair saziş iştirakçıları – BP (operator – 25,5%),“Statoil” (25,5%), SOCAR (10%), LukOIL (10%), NICO (10%),“Total” (10%) və TPAO (9%).
Xatırladaq ki, 28 iyun 2013-cü il tarixində Bakıda “Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsi çərçivəsində qaz ixracı üzrə marşrutu açıqlayıb. Konsorsium “TransAdriatik” boru kəmərinin məqbul marşrut olduğu qənaətinə gəlib.