“Milli Şuranı beynəlxalq ictimaiyyətə təqdim etmək üçün müxtəlif güc mərkəzlərinin təmsilçiləri ilə təmaslar gərəklidir”
Qubad İbadoğlu: “Hazırkı siyasət Azərbaycanın inkişafı üçün böyük əngəllər yaradır”
Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyəti Forumunun (VCF) Idarə Heyətinin Brüsseldə keçirilmiş toplantısında iştirak edən Azərbaycan üzrə Milli Əlaqələndiricisi, Ictimai Təşəbbüslər Mərkəzinin sədri Qubad Ibadoğlu Milli Şura adına da mühüm təşəbbüslərə imza atıb. Səfər proqramı çərçivəsində Avropa Birliyinin komissarı Ştefan Füle ilə görüşən Q.Ibadoğlu Demokratik Qüvvələrin Milli Şurasının Bəyannaməsini və beynəlxalq ictimaiyyətə müraciətini ona təqdim edib. Q.Ibadoğlu ilə müsahibəmizə də məhz görüşün təfərrüatına varmaqla başlamaq qərarına gəldik.
– Mən ikinci ildir ki, Azərbaycanı Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyəti Forumunun Idarə Heyətində təmsil edirəm. Ştefan Füle ilə görüşdə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təmsilçisi Anar Məmmədli də iştirak edirdi. Görüşdə biz Şərq Tərəfdaşı olan ölkələrdə Avrointeqrasiya ilə bağlı söhbət apardıq. Bununla əlaqəli olaraq asossasiya müqavilə çərçivəsində ölkəmizdə görülən işlərə toxundu. Eyni zamanda hazırda mövcud vəziyyət, siyasi azadlıqların məhdudlaşdırılması, vətəndaş cəmiyyətinin fəaliyyətinə maneələrin yaradılması, həbslərin çoxalması ilə bağlı narahatlıq ifadə olundu. Əsas rəy ondan ibarət oldu ki, Azərbaycanda seçkiqabağı siyasi məkan getdikcə daralır və bu da ölkəmizdə azad və ədalətli seçkilər keçirilməsi üçün çətinliklər yaradır. Mən eyni zamanda görüşdə fürsətdən istifadə edərək Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının Bəyannaməsini və beynəlxalq ictimaiyyətə müraciətini Ştefan Fülenin diqqətinə təqdim etdim. Bu, növbəti müzakirələr üçün müəyyən əsaslar yaradır. Ümumilikdə qeyd etmək istəyirəm ki, Avropa Birliyinin komissarı Ştefan Füle vətəndaş cəmiyyətini özünə başlıca partnyor kimi görür və onlar Azərbaycan kimi ölkələrdə vətəndaş cəmiyyətinin gücləndirilməsində maraqlıdırlar. Bu prosesə onlar dəstək olmağa da hazırdırlar. Bu ayın 21-də Azərbaycanın dövlət başçısının da Avropaya səfəri gözlənilir. Bu səfər çərçivəsində o bir sıra görüşlər keçirəcək. O cümlədən gözlənilir ki, Avropa Birliyinin komissarı ilə görüş keçirilsin. Azərbaycanda insan haqlarının durumu, demokratiyaya olan basqılar təkcə Füle ilə görüşdə deyil, digər təmaslarımızda da ən çox müzakirə olunan məsələ idi. Biz Azərbaycanda hazırkı vəziyyətin yaxşılaşdırılması istiqamətində Avropa institutlarının görə biləcəyi işlər barədə müzakirə apardıq. Onların durumun dəyişməsi, demokratiyanın inkişafı üçün hansı töhfələr verə biləcəyi diskussiya mövzusu oldu. Əsas məqsədimiz də elə bundan ibarət idi.
“Qərb Azərbaycana yönəlik səylərini artıracaq”
– Bir neçə gün qabaq Avropa Parlamentinin Azərbaycanla bağlı sərt qətnaməsi oldu. Qətnamədə Azərbaycanda insan haqları və demokratiya ilə bağlı durumun acınacaqlı vəziyyətdə olduğu dilə gətirilməklə yanaşı, baş verənlərlə bağlı narahatlığın Borrozonun Ilham Əliyevlə görüşündə qaldırmasıyla bağlı da ayrıca müraciət qəbul olunub. Baş verənləri necə dəyərləndirərdiniz?
– Bu istiqamətdə belə müzakirələr seçki ilində davam edəcək. Avropa Parlamenti bu müzakirələrlə Azərbaycandakı mövcud vəziyyəti dövlət başçısının səfəri zamanı bir daha gündəmə gətirməyə və Ilham Əliyevlə görüşəcək şəxsləri məlumatlandırmağa, onların məsuliyyətini artırmağa çalışır. Təbii ki, bu istiqamətdəki təşəbbüslər və baş verənlər Azərbaycanda demokratiyaya, insan haqlarına hörmətin təminatı məqsədi ilə keçirilir. Məqsəd Azərbaycandakı vəziyyətlə bağlı xüsusi narahatlığı ifadə etməkdir. Düşünürəm ki, yaxın günlərdə də belə müzakirələr yenə təşkil olunacaq. Çünki Avropa institutlarının bu istiqamətdə müəyyən fəaliyyət planı var və Azərbaycandan azad, ədalətli seçki gözləyirlər. Seçkiöncəsi mühitin normal və hər bir şəxs üçün bərabər olması üçün çalışırlar. Təkcə fundamental azadlıqlar deyil, media, fərdi azadlıqların, sərbəst toplaşmaq və birləşmə hüquqlarının da təmin olunması məsələsi də gündəmdədir.
– Azərbaycan rəsmiləri adətən vətəndaş cəmiyyəti təmsilçilərini, müxalifət nümayəndələrini beynəlxalq tədbirlərdə ölkənin adını bədnam çıxarmaqda ittiham edirlər. Amma bu ittihamların əksinə olaraq siz iştirak etdiyiniz toplantıda Qarabağ problemini dilə gətirərək, ermənilərin tədbirlə bağlı hazırladığı məkrli planın reallaşmasının qarşısını almısınız.
– Biz Azərbaycanın ərazi bütövlüyü ilə bağlı probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində vətəndaş forumu olaraq çox işlər görürük. Vətəndaş Cəmiyyəti Forumuna Dağlıq Qarabağ ermənilərinin QHT-ləri müraciət edərək orada iştirak etmək niyyətində idilər. Biz etirazımızı bildirərək, qeyd etdik ki, Qarabağ ermənilərinin QHT-ləri yalnız Azərbaycan nümayəndə heyətinin tərkibində tədbirlərdə iştirak edə bilərlər. Bu da yalnız ermənilərin Azərbaycanın ərazi bütövlüyünə hörmətlərini nümayiş etdirəcəkləri halda mümkündür. Eyni zamanda təmsilçilik Azərbaycanla erməni icmasının bərabər sayı ilə həyata keçirilsin. Vətəndaş Cəmiyyəti Forumunun Idarə Heyətinin növbəti toplantısında bu ilin oktyabr ayının 4-5-də Moldovada keçirilməsi nəzərdə tutulur. Qarabağ erməniləri bu tədbirə qatılmaq istəsələr də məhz bizim təşəbbüsümüzlə onların ərizələri heç səsverməyə çıxarılmadı. Vətəndaş Cəmiyyəti Forumunun Idarə Heyətinin üzvləri bizim mövqeyə hörmətlə yanaşdılar. Nəticədə qərar qəbul olundu ki, Qarabağ və başqa münaqişə zonasından olan təmsilçilər Vətəndaş Cəmiyyəti Forumunun 5-ci toplantısına qatılmayacaqlar. Biz Azərbaycanın maraqları üçün çalışırıq. Amma təəssüflər olsun ki, biz başqaları kimi bu istiqamətdə etdiklərimizlə bağlı müzakirə açmırıq. Çünki hesab edirik ki, harada olmağımızdan asılı olmayaraq bu, bizim vətəndaş borcumuzdur.
“iqtidar Azərbaycanın fürsətlərini qaçırdı”
– Artıq 20 ildir ki, hazırkı hakimiyyət fəaliyyətdədir. Normal dövlətlərdə siyasi hakimiyyətlər bir seçki dönəminə seçicilərə verdiyi vədləri reallaşdırır. Iyirmi illik zaman kəsiyi zəruri iqtisadi və siyasi islahatları aparmaq üçün kifayət idimi?
– Azərbaycanın son yeddi ilini – 2006-cı ildən başlayaraq “qızıl dövr” adlandırmaq olar. Azərbaycan son yeddi ildə sahib olduğu imkanları bundan sonra qazana bilməyəcək. Təəssüf ki, Azərbaycanın bu uğurlu fürsətini iqtidar dəyərləndirə bilmədi. Azərbaycanın maliyyə imkanları, neftdən əldə olunan gəlirlər, Azərbaycanın bütövlükdə götürəndə həm sosial, həm də iqtisadi inkişafı üçün əhəmiyyətli, münbit zəmin yaradırdı. Bu qədər imkan daxilində Azərbaycanın əzəli problemlərini həll edə bilməyən, əksinə, gəlirlər artdıqca korrupsiyanın miqyasını daha da böyüdən, gizli iqtisadiyyatın səviyyəsini genişləndirən iqtidarın növbəti dövrdə inkişafa gətirə biləcək islahatlar həyata keçirəcəyinə inanmıram. Reformalar üçün bir tərəfdən geniş imkanlar, digər tərəfdən iqtidarın əlində olan imkanlardan düzgün istifadə etməsi zəruri şərtlərdəndir. Hazırkı siyasət Azərbaycanın gələcəkdə inkişafı üçün böyük əngəllər yaradır.
– Hakimiyyət təmsilçiləri bəyan edir ki, keçirilən sorğularda cəmiyyətin onlardan razı olduğu ortaya çıxır və toplum hazırkı iqtidarın siyasətini bəyənir. Bu açıqlamalarda reallıq hissi nə qədərdir?
– Ayda 150 manat pensiya alan təqaüdçü, 200 manat əmək haqqı alan müəllim, həkim bu vəziyyətdən necə razı ola bilər?! Türkiyədə də aparılan sorğular, dəyərləndirmələr göstərirdi ki, mövcud hakimiyyətin iqtisadi və sosial siyasətindən əhalinin böyük əksəriyyəti razıdır. Amma baş verənlər göstərdi ki, cəmiyyətdə kifayət qədər narazı qüvvələr var. Bu narazılıqların da bir səbəbi siyasi azadlıqlarla bağlıdır. Bu mənada Azərbaycandakı vəziyyət Türkiyədə olduğundan daha mürəkkəbdir. Təəssüflər olsun ki, iqtidar işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün imkanlardan yararlana bilmədi. Işsizlik və yoxsulluq əsas problemlərdən biri olaraq qalır. Və reallıq ondan xəbər verir ki, ölkədə vəziyyət bir prospektdəki gözqamaşdırıcı durum qədər yaxşı deyil. Ölkədəki problemlərin həll olunmadığı, siyasi azadlıqların məhdudlaşdırıldığı halda əhali hakimiyyətdən razı qala bilməz. Təsəvvür edin, ötən ilin büdcəsini parlament müzakirəsiz qəbul edir. Bu onu göstərir ki, ölkədə büdcə və dövlətin digər maliyyəsi ilə bağlı müzakirələrə ehtiyac olduğu halda hakimiyyət bunu hətta parlamentdə etmir. Açıq müzakirələr olarsa, Azərbaycandakı narazılığın səviyyəsi hiss oluna bilər. Digər tərəfdən, cəmiyyətdə baş verənlərə münasibət yalnız sosial durumla ölçülmür. Insanlar daha sərbəst yaşamaq, öz fikirlərini, ideyalarını reallaşdırmaq istəyirlər. Azərbaycanda isə bu mühit yoxdur. Belə olan halda cəmiyyət necə iqtidarın siyasətindən razı qala bilər?!
“Vahid namizədlə bağlı doğru qərarı verə biləcəyik”
– Milli Şuranın sədri Rüstəm Ibrahimbəyov Vaşinqtonda bir sıra mühüm görüşlər keçirib. Bu səfəri və görüşləri necə dəyərləndirirsiniz?
– Bu çox vacib görüşlərdir. Milli Şuranın beynəlxalq ictimaiyyətə təqdim etmək üçün müxtəlif güc mərkəzlərinin təmsilçiləri ilə müxtəlif məkanlarda, o cümlədən, Avropa və ABŞ-da belə təmaslar gərəklidir. Düşünürəm ki, bu görüşlər Azərbaycan həqiqətlərinin çatdırılması və Milli Şuranın elan olunması üçün gərəklidir. Beynəlxalq aləmdə Azərbaycanla bağlı xeyli suallar var və bu görüşlər vasitəsilə biz bu sualları cavablandırmaq imkanı qazanırıq. Hazırda Azərbaycanın demokratik düşərgənin nümayəndələri bu görüşlərlə dünya demokratik düşərgəsinin simaları ilə əlaqələr qurur.
– Bu ayın sonuna Milli Şuranın vahid namizədinin adının açıqlanması gözlənilir. Bu prosesdən gözləntiləriniz nədir?
– Milli Şurada bu istiqamətdə gedən danışıqlarla tanış deyləm. Azərbaycana yenicə dönmüşəm. Təbii ki, mən bu məsələ ilə bağlı keçiriləcək toplantıya qatılmaq və fikirlərimi bölüşmək niyyətindəyəm. Milli Şurada təmsil olunan siyasilər, ziyalılar, vətəndaş cəmiyyətinin təmsilçiləri bir araya gələrək yəqin ki, situasiyanın tələb etdiyi doğru və düzgün qərarlar verə biləcəklər. Milli Şuranın fəaliyyətinin gücləndirilməsi istiqamətində atılan hər bir addımın qəbulunda yaxından iştirak etmək niyyətindəyəm.
– Ötən seçkilərdən fərqli olaraq bu dəfə Azərbaycan hakimiyyəti demokratik seçkinin keçirilməsiylə bağlı islahatlar imitasiyasına getmədi. Əksinə, repressiyalar gücləndi. Qurban Məmmədov qondarma ittihamla həbs olunur. Həbsdə saxlanılan gənc Zaur Qurbanlının səhhətində ciddi problemlər yaşansa da, o, azadlığa buraxılmır. Internetin məhdudlaşdırılması ilə bağlı qanunvericilik sərtləşdirilir. Hakimiyyətin bu cür yanaşması iqtidara nə vəd edir?
– Beş il əvvəl hakimiyyət verdiyi bəyanatlarla, atdığı addımlarla beynlxalq ictimaiyyəti müəyyən mənada çaşdıra, inandıra bilirdi. Amma artıq imitasiya xarakterli qərarlara, nominal göstərişlərə son nəticədə nə daxili ictimaiyyət, nə də beynəlxalq birlik inanır. Ona görə dəfələrlə bu istiqamətdə Azərbaycan hakimiyyətinin səmimi olmadığı üzə çıxıb. Azərbaycan hakimiyyətində olanlar da açıq həqiqəti dərk edirlər. Ona görə bu seçkidə əvvəlki texnologiyadan istifadə olunmur. Bu dəfə hakimiyyət daha çox repressiya, siyasi basqılarla ölkədəki vəziyyəti nəzarətdə saxlamağa çalışırlar. Bu, artıq hakimiyyətin istifadə etdiyi ən son şansdır. Hakimiyyət çalışır ki, bu addımı ilə vəziyyəti müəyyən dövr üçün nəzarətdə saxlasın. Amma düşünmürəm ki, bu müsbət nəticə verəcək. Əksinə bu, situasiyanı nəzarətdə saxlamaq imkanlarını daraldır. Hakimiyyət hazırda cəmiyyətdəki aktivliyi mümkün dərəcədə aşağı salmaq istiqamətində səylər yürüdür.
azadliq.info