Xəbər verdiyimiz kimi, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov toplantı keçirib. Bakı rayon icra hakimiyyəti başçılarının iştirak etdiyi toplantıda Abutalıbov gözlənilməz mesaj verib: “Bilirəm ki, tezliklə sizdən kimsə mənim yerimdə əyləşəcək. Arzum budur ki, məndən sonra başçı təyin olunacaq şəxsin yanına gedəndə məni ən azından qəbul etsin”. Xəbəri Press24.az saytı yaymışdı.

Bununla da Bakı meri yaxın vaxtlarda işdən çıxarılacağına, onun xələfinin Bakı rayonlarının icra başçılarından biri olacağına işarə vurub. Həmin şəxsin kimliyi ilə bağlı “Yeni Müsavat”-ın araşdırma aparıb və merin xələfinin adını müəyyən edib. 

Hakimiyyətdəki mənbələrdən redaksiyamıza verilən xəbərə görə, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Bakı meri postuna hazırlanır: “Onun təqdimatı artıq prezidentə edilib. Onun təqdimatını hakimiyyətdə artıq üstün mövqeyə çıxmış şərti olaraq ”Bakı klanı” adlanan qrup hazırlayıb. Xarakter baxımından qəddar adam sayılan X.İsgəndərov H.Abutalıbovun son 13 ildə meriyada yaratdığı qruplaşmanı dağıtmağa gücü çatacaq ən münasib namizəd sayılır. Abutalıbovun bundan ehtiyatlanaraq sözügedən mesajı veriməsi güman olunur. Mer indidən xələfini ona qarşı insafla davranmağa çağırıb”.

Mənbənin iddiasına görə, X.İsgəndərovun gözlənilən təyinatına Naxçıvan klanı ilə Bakı klanı arasındakı ənənəvi rəqabətin davamı kimi baxmaq lazımdır: “Şəhər təsərrüfatında Naxçıvan klanı dominant mövqeyə sahibdir. Xüsusilə də maliyyə, torpaq və daşınmaz əmlakla bağlı məsələlər istisnasız olaraq Naxçıvan əsilli məmurların əlindədir. İndi yeni təyin ediləcək merin qarşısında həmin seti dağıtmaq öhdəliyi qoyulacaq”.

X.İsgəndərovun bioqrafiyası da maraqlıdır. O vergilər naziri, hazırda siyasi elitanın əhəmiyyətli fiqurlarından birinə çevrilən Fazil Məmmədovun çox yaxın qohumudur (bacısının əridir). Gələcək mer karyerasına elə Hacıbala Abutalıbovun işçisi kimi başlayıb.  X.İsgəndərov 2000-2003-cü ildə Bakı şəhər İcra hakimiyyətində ərazi idarəetmə şöbəsində işləyib. Mərhum prezident Heydər Əliyevin dönəmində yaxın qohumların bir-birinin tabeçiliyində işləməsinə müəyyən qadağalar olduğundan (söhbət daha çox nazir və onların yaxın qohumlarından gedir) F.Məmmədov onu yalnız Bakı şəhər İcra Hakimiyyətində sıravi işçi kimi işə düzəldə bilmişdi. Ancaq H.Əliyev dünyasını dəyişəndən sonra  bu qayda pozuldu və qohumlar tədricən nazir qohumlarının tabeçiliyinə keçməyə başladı. Bu dalğada X.İsgəndərov da vergi sisteminə keçid elədi və Yevlax Ərazi Vergilər İdarəsinin rəis müavini təyin edildi. Az sonra F.Məmmədov ona daha çox səlahiyyət verdi və Bakı şəhəri Vergilər Departamentinin rəis müavini vəzifəsinə təyin etdi. Burada o müavin olsa da, gerçək birinci şəxs sayılırdı. Bütün problemli məsələlər barədə o qərarlar qəbul edirdi. 

Həmin dövrdə  onun qeyri-rəsmi bir vəzifəsi də olub. Şəmkir rayonu F.Məmmədovun kurasiyasında olduğundan o burada nazirin tam səlahiyyətli nümayəndəsi kimi qeyri-rəsmi ödənişlərin yığılması ilə məşğul olub. Eyni zamanda iş adamlarını təqib etmək, onların xəraclarla yüklənməsi də onun “funksiyalarına” daxil olub.

X.İsgəndərov hazırda rəhbərlik etdiyi Binəqədidə ciddi abadlıq və təmir-tikinti işləri gördürüb. O gələndən sonra, qısa müddətə Binəqədinin sifəti yaxşılığa doğru dəyişib. Lakin iddialar var ki, bu əslində komanda yaradıcılığıdır: nazir F. Məmmədovun tapşırığı və dəstəyi ilə bunları ona görə ediblər ki, dövlət rəhbərliyində X.İsgəndərovun Bakıya mer ola biləcəyi qənaəti yaradılsın.