“Real”ın qapıçısı Dieqo Lopes gələn mövsüm Madrid təmsilçisinin heyətində çıxış etməyə bilər. Apasport.az saytının məlumatına görə, ispaniyalı qolkiper “Kral klubu”nu tərk etmək istəyir.
Baş məşqçi Joze Mourinyo komandanın əsas qapıçısı İker Kasilyası ehtiyatda saxlayaraq, Lopesə şans vermişdi. Lakin portuqaliyalı çalışdırıcının mövsümün sonunda “Real”dan getməsi Lopesə də təsir edib. Çünki növbəti mövsüm Kasilyasla start heyətdə meydana çıxmaq uğrunda mübarizə aparıb, ona uduzmasından qorxur. Buna görə də Dieqo özünə yeni komanda axtarmaq qərarına gəlib.
İspan mətbuatı isə iddia edir ki, Lopes Mourinyo ilə birgə “Çelsi”yə gedəcək. Çünki Jozenin “zadəganlar”ın “sükanı arxası”na keçmə ehtimalı daha çoxdur.
Qeyd edək ki, 31 yaşlı qapıçı “Real”a qışda “Sevilya”dan transfer olunub.