Bolqar Stanka Zlateva və onun məşqçisi Semyon Şterev karyeralarını Azərbaycanda davam etdirə bilərlər. Bu barədə Bolqarıstanın blitz.bg saytı məlumat yayıb. Saytın yazdığına görə, artıq bu barədə Azərbaycan tərəfi ilə danışıqlara başlanılıb.
Məlumata görə, əslində Zlateva hələ bir müddət əvvəl Azərbaycana gəlməliymiş. Amma onun Azərbaycan bayrağı altında çıxış etməsi Bolqarıstanda keçirilən parlament seçkiləri ilə bağlı yubanıb. Çünki güləşçi xanım parlament seçkilərində yerli partiyalarının birinin siyahısında namizəd imiş.
Amma Zlateva Bolqarıstan parlamentinə düşə bilməyib. Belə olduqda məşqçisi Semyon Şterevlə yenidən Azərbaycan variantına üstünlük veriblər. Tezliklə Bakıya gələcək cütlük böyük ehtimalla yerli Güləş Federasiyası ilə razılığa gələcək. Və artıq payızdan Azərbaycan yığmasının tərkibində yeni əcnəbi idmançı görəcəyik.
Amma məsələnin maraqlı tərəfi başqadır. Söhbət ondan gedir ki, Zlateva Azərbaycana havayı gəlmir. Elə həmin ölkənin DenNews.bg saytı bir müddət əvvəl Zlatevayla bağlı ilginc xəbər yaymışdı. Xəbərə görə, adıgedən idmançılar Bolqarıstanda Azərbaycanın Güləş Federasiyasının nümayəndələri ilə görüşüblər. Zlateva və Şerevə 1 milyon dollar pul təklif olunub. Həmin vaxt Azərbaycan tərəfinin təklifi cavablandırılmayıb. Böyük ehtimalla bolqar güləşçi daha böyük məbləğ tələb edib. Bununla belə Azərbaycan Güləş Federasiyası Zlatevadan əl də çəkməyib. Görünür həmin məbləğdə lazımi və Zlatevanın xeyrinə olan dəyişiklik edilib.
Xatırladaq ki, Zlateva Pekin-2008 və London-2012 Olimpiadalarının gümüş mükafatçısıdır, həmçinin dəfələrlə 72 kq-dək çəkidə dünya və Avropa çempionu olub.
Qeyd edək ki, Azərbaycanın Güləş Federasiyasının prezidenti Vergilər naziri Fazil Məmmədovdur.
musavat.com