Tarif Şurası Nəqliyyat Nazirliyinin ictimai nəqliyyatda gediş haqlarını artırmaq barədə təklifindən imtina etdi
Xəbər verildiyi kimi, Tarif Şurasının növbəti iclasında ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinə baxılıb, ekspertiza xidmətlərinin tariflərinə dair Tarif (qiymət) Şurasının müvafiq qərarına dəyişikliklər edilib.
Bakıda marşrutların sayının 316-dan 217-yə qədər azaldıldığı, bəzi marşrutlar üzrə məsafənin dəyişdirildiyi və yeni marşrutların açıldığı nəzərə alınaraq, avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yeni marşrutlara uyğunlaşdırılmasına dair qərar qəbul edilib. Yeni qərarda tarif dəyişikliyi nəzərdə tutulmayıb. Şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifləri hazırda olduğu kimi, 20 qəpik səviyyəsində saxlanılıb, şəhərətrafı və qəsəbələrarası marşrutların yeni nömrələri məsafələr üzrə mövcud tariflərə uyğun olaraq qruplaşdırılıb.
Tarif Şurasının qərarı ilə şəhərətrafı marşrutlarda şəhərdaxili, qəsəbədaxili və ya qəsəbələrarası hərəkət edən sərnişinlər üçün tarif 20 qəpik səviyyəsində müəyyən edilib. Qərara əsasən, sərnişindaşıma tarifi, marşrutun sxemi və marşrutda dövrün uzunluğu barədə məlumatlar avtobuslarda və dayanacaqlarda sərnişinlərin aydın görə biləcəyi formada yerləşdirilməlidir.
Tarif Şurasındakı qaynaqlardan “Yeni Müsavat”a daxil olan məlumata görə, Nəqliyyat Nazirliyi şəhər daxilində gediş haqqının 30 qəpiyə qaldırılmasını təklif edirdi. Ancaq Tarif Şurasının sədri, iqtisadi inkişaf naziri Şahin Mustafayevin göstərişi ilə təklifi araşdıran ekspertlər buna mənfi rəy veriblər. Ekspertlərin rəyini əsas götürən Tarif Şurası gediş haqqının sabit saxlanılması, şəhərətrafı qəsəbələr üzrə isə məsafələrə uyğun müəyyən edilməsi ilə bağlı qərar qəbul edib. Yəni əslində tariflər sabit saxlanılıb. Sadəcə olaraq, bəzi marşrutlar ləğv edildiyindən onları əvəzləyən marşrutların son dayanacağı şəhərdən kənar əraziləri əhatə edirsə, məsafəyə uyğun olaraq gediş haqqı artaraq 30 və 40 qəpik ola bilər.