Famil CƏFƏRLİ
familceferli2@gmail.com
Əfəl YAP-çının həbsi
Allı-güllü rüşvət-korrupsiya xəbərləri ana və lider yurdumuzun aydın səmasını çəyirtkə kimi basıb-bürüməkdədir. Əlhəmdülillah, bu xəbərlərin hamısında da baş rolda YAP-çılardır. Əli Əhmədovun bir vaxtlar, lap dəqiqi, 2010-cu il seçkilərində yüksək mənəvi göstəricilərə malik, ləyaqətli, peşəkar, vətənpərvər kadrlar adlandırdığı əsgərləri…
Əslində başqa cür ola da bilməz. Çünki rüşvət almaq, korrupsiyaya qurşanmaq, büdcəni çapıb-talamaq, ölkəni yaman günə qoymaq imkanı, icazəsi və imtiyazı yalnız YAP-çılardadır. Hətta Xanhüseyn Kazımlının partiyasına da belə hüquq verilməyib. Adam iqtidarı 20 ildir nə qədər şit-şit tərifləsə və dayanmadan dəstəkləsə də…
Nə məsələdir, deyə bilmərəm. Amma Qaralovun antikorrupsiya mübarizləri yenə daranıblar 165-ci dərəcəli əhəmiyyətsiz dövlət idarələrinə. Musiqi məktəbi, rəqs dərnəyi, təmir sexi, bağbanlıq kursu sayaq idarələrə. Büdcənin qarnını yırtıb dağıdan hörmətli akulalar qalıb bir qıraqda, bu dəqiqə 264-cü dərəcəli xırda, necə deyərlər, çömçəquyruq məmurların rüşvətxor və korrupsioner adı ilə ovlanıb-damlanması teatrı gedir. Son günlər yenə bir-ikisini qandallayıblar. Biri 400 manat rüşvət alıbmış, o birisi isə saxta maaş alırmış.
Başlayaq sonuncu YAP-çı şəxsiyyətdən. Aprelin 26-da Saatlı musiqi məktəbinin direktoru Kamal Gülüşov gülməli şəkildə həbs edilib. Gülməlisi nədir?! Əvvəla, adam YAP-ın yerli təşkilatının üzvüdür ki, buna görə YAP Siyasi Şurasının bütün üzvlərini səmimi qəlbdən təbrik edir, onlara daha neçə belə yeni-yeni uğurlar arzulayırıq. Xalq belə YAP-çılarla fəxr edir.
İkincisi, Gülüşov gülməli şəkildə xırdaçılıq edirmiş. O boyda YAP-çı olasan, amma evcik-evcik oynayasan, məktəbdə saxta ştat vahidləri yaradıb olmayan işçilərin adından maaş alasan, sonra da durub mədəniyyət nazirinə şikayət eləyəsən ki, bəs, musiqi məktəbinə lazımi qayğı yoxdur.
Dəhşətdir. Biabırçılıqdır. YAP-ın ad-sanına yaraşmayan şeydir. Ə, qəpik-quruş nədir?! YAP-çı adamsan, adam büdcəni ayrı üsulla dağıdar, daha yekə pullar oğurlayar, bəd ayaqda bir alverçi tapıb musiqi məktəbini çayxana yeri kimi satar. Yoxsa bu nədi, ə?! Musiqi məktəbinin müəllimi nə boyda maaş alır ki, onun adına saxta ştat qayırasan?! Barı heç olmasa babat maaş alan hakimlərin, prokurorun, rəisin-zadın adına saxta ştat cədvəli açaydın. Onda qınamazdıq.
Məncə, YAP Siyasi Şurası yığılıb ölkəni, büdcəni fərli-başlı talamağı da bacarmayan bu yarıtmaz YAP-çını, onun xırdaçılığını, əfəlliyini tənbeh eləməli, ona səhvini düzəltmək üçün vaxt verməli, talançılığın əsaslarını öyrənməsi üçün kursa yazmalıdır. Bəlkə onda əsl talançı, rüşvətxor, korrupsioner YAP-çı standartına uyğun gələ. Gəlməsə, hə, sən deyəndir, mitilini partiyadan çıxarıb atmaq lazımdır. Qoy gedib bütün xalq kimi yarıac-yarıtox yaşasın…
O biri YAP-çı (prorektor olasan, YAP-çı olmayasan – inanmaram) rüşvətxorun hərəkəti lap dözülməz və pis nümunədir. Deyərdim hətta milli yappi maraqlarımıza zərbə, dövlətçiliyə xəyanətdir, erməni dəyirmanının boğazına dollar, manat tökməkdir. Tələbədən 400 manat rüşvət aldığına görə damlanan Lənkəran Dövlət Universitetinin tərbiyəvi işlər üzrə prorektoru Qorxmaz Ağayevi deyirəm.
YAP-çı professor, görkəmli politoloq Əli Əhmədov öz siyasi şərhində Qorxmaz Ağayevin iki hərəkətini dövlətçiliyə zidd qorxaq addım sayıb. Birincisi, Ağayev göz xəstəliyindən əziyyət çəkən və müalicə almaq üçün məzuniyyət istəyən tələbədən bunun əvəzində siftə 500 manat rüşvət istəyib, sonra onu naməlum səbəblərdən 400 manata endirməyə razı olub. Xalis xəyanətdir. Rüşvətdə endirim, bazarı öldürmək olar, ə?! Bununla nə demək istəyirsən? Rüşvətdə sabitliyi pozmaq istəyirsən yoxsa? Gül kimi dövlətçiliyi və idarəçiliyi niyə hörmətdən salırsan?
İkincisi, Ağayev Qaralovun işçilərini görəndə qorxusundan o 400 manatı udub və halı pisləşdiyi üçün qusub. Bu da YAP fəlsəfəsinə dəhşətli xəyanətdir. Necə yəni uda bilməyib qusmaq? Xalqın psixologiyasını belə axmaq şeylərlə pozmaq nə demək? Özün də qazı-qazı tərbiyəvi işlər üzrə prorektorsan. Gənc yappilər səndən hansı tərbiyəni alsın? O tələbə kimi sənin də gözün xəstədirmi? Görmürsənmi ki, iri-iri YAP-çılar milyonları çap-çap udur, nə boğazlarında qalmır, nə halları xarab olmur, nə də qusmurlar?! Böyüklərə baxıb düzlənmək lazımdır. YAP-ın sıralarında aldığı rüşvəti uda bilməyən əfəllərə yer yoxdur, olmamalıdır. Xalq YAP Siyasi Şurasından müvafiq qərar gözləyir…
musavat.com