Famil CƏFƏRLİ
familceferli2@gmail.com
2013-ün ağırlığı
Oktyabrda keçiriləcək builki prezident seçkiləri həm ağır, həm də çox məzəli olacaq. Şəxsən mən çox gülməli əhvalatların baş verəcəyini gözləyirəm. Bunun əlamətləri indidən görünür. Həm qorxurlar, həm də qorxudurlar.
Nədəndirsə hakimiyyət çox həyəcanlı, əsəbi, mütərəddid görünür. Bir şeyə dəqiq qərar verə bilmirlər. Bəzən nə elədiklərini də bilmirlər. Sanki elədiklərinin fərqində də deyillər. Əsəbi olduqları üçün əməlləri qorxulu, qərarsız olduqları üçünsə gülməlidir. Şəxsən mən Sabirabadın icra başçısının və rayon polisinin Bakıdan gedən qəzəbli və amiranə bir zəngdən sonra cuşa gəlməsinə multfilm kimi baxıram. Bu rayonda polisin AXCP-nin yerli təşkilatının iclasına qəhrəmanlıqla hücum çəkib onu dağıtmasını görəndə Lui de Fünesin şedevr rolları yadıma düşdü. Bu məşhur fransız komediya aktyoru “sırf rəisin tapşırığı” əsasında qəribə, anlaşılmaz hərəkətlər edən kukla-polis obrazını çox ustalıqla yaradıb. 30-35 nəfərin bir yerə yığılıb söhbət eləməsindən qorxan sabirabadlı məmurlar və yerli polislər çox maraqlı, daha doğrusu, gülməli görünürdülər.
Polis dünən də Ümid Partiyasının Sumqayıtda iclas keçirmək istəyən fəallarına hücum edib, onların toplantı keçirməsinə imkan verməyib. Bakıda bununla bağlı iki şayiə yayılıb. Birincisi budur ki, Ümid üzvlərinə qarşı hücumda xeyli polis əməkdaşı fəal iştirak edib, onların yarısı isə xalq üzərinə bu hücumda şəxsi şücaət və igidlik nümunəsi göstərib. Deyilənə görə, hamısının da adı elə dünən axşamçağı “İgidliyə görə” medalı növbəsi gözləyənlərin siyahısına yazılıb. İkinci şayiə budur ki, partiyanın Sumqayıtdakı qanuni qərargahına basqın edən polis partiya fəallarının bir yerə yığılmasından nə təhər qorxubsa, şəhərin icra başçısı Eldar Əzizov onlara şəxsən öz dəsti-xətti ilə qorxu duası yazıb. Amma kiril əlifbası ilə. İndi YAP-da bunun müzakirəsi gedir ki, kiril əlifbası ilə yazılan duanın xeyri ola bilər, ya yox.
Bundan əvvəl isə Müsavat Partiyası fəallarının rayonlardakı tədbirlərini belə gülməli üsullarla dağıtmışdılar. Müsavat başqanı İsa Qəmbərin Lənkərana səfərlərini orta əsrlər qaragüruhçuluğu üsulu ilə də yox e, ibtidai icma quruluşu üsulu ilə, daş atmaqla əngəlləmişdilər. Dalınca EL hərəkatı fəallarının rayonlara səfərlərinə mane olmuşdular…
Yoldaş yappilər, nədən belə bərk qorxursunuz? Əgər xalq sizi sevirsə (bunların belə şit zarafatları olur), əgər hər rayonda 5-6 min YAP-çınız doğrudan da varsa (bunlar arada belə lətifələr danışırlar), 5-6 müxalifətçinin toplaşmasından niyə belə çəkinirsiniz? Nəyi dərd eləmisiniz, nədən qorxursunuz? 2013-ün oktyabrındanmı? Ə, bunlara bir stəkan su…
Mən deyim də bunlar nədən qorxur. 2013-ün oktyabrının ağırlığı yappilərin üstünə indidən çöküb. Bunlar ondan qorxur ki, indi belə toplantılar adda-budda keçirilir. Sabah seçki fəallığı yüksələndə az qala hər rayonda, hər kənddə az qala hər partiyanın fəalları az qala hər gün belə toplantılar keçirəcək. Bunlar isə hər toplantıya təpik atmağı çatdırmayacaqlar, basabasda başlarını itirəcəklər. Məhz bundan bərk qorxurlar. Ə, bunlar özünə gəlmədi, bunlara bir stəkan da su…
Yappilərin bütün bu olanlardan sonra ağız-ağıza verib ABŞ Dövlət Departamentinin Azərbaycanı yıxıb-sürüyən son hesabatına qarğış eləməsi isə lap gülməli görünür. Amerika deyir ki, Azərbaycanda – Sabirabadda, Lənkəranda, Sumqayıtda…, heç yerdə vətəndaşların sərbəst toplaşmaq azadlığı yoxdur. Rəbiyyət Aslanova o yandan qayıdır ki, yox e, bizim hakimiyyət heç kimi təhqir eləmir. Adamları itsürütməsi eləyirlər e, yoldaş Aslanova, nə qoyub nə axtarırsınız…
Mübariz Qurbanlı bu yandan başını qovzayıb deyir yox, yankilər qələt eləyirlər, bizdə sərbəst toplaşmaqla bağlı elə gözəl-göyçək qanun var ki, yemə-içmə, xətti xalına, gül camalına tamaşa elə. Adam bu yerdə istəyir Salam Sarvanın bir şedevr ifadəsini azca aranjeman eləyib belə yazsın: “Bu ölkənin vətəndaşları olan müxalifətçilərə qarşı belə gerizəkalı hərəkətlərin demokratiya, hüquq, qanun-filan olmadığını sübut etmək üçün adama neçə at gücü lazımdır?!”
…2013-ün oktyabrında çox məzəli şeylər olacaq. Pampers nağd bahalaşacaq. Vallah, qorxurlar, billah, qorxurlar.
musavat.com