Famil Cəfərli
Təzə nazirin əsas işi
Təzə nazir məsələsi ilə köhnə nazirin oğlunun əhvalatı bu dəqiqə ən aktual haqq-hesablardır. Hamının diqqəti bu iki hadisəyə yönəlib. Hətta Qarabağ danışıqlarının da elə buna görə dayandırıldığı xəbəri şayiə cildinə girərək XİN-in binası ətrafında sülənir. Onu hətta Məmmədyarov da görüb.
Köhnə nazirin oğlunun söhbəti qalsın sonraya. Vaxt-imkan eləyib bu haqda da danışarıq. Gələk qoruq rəisinin qəfildən təhsil örüşü kimi yağlı sahəyə müdir qoyulmasına.
Bəziləri Mikayıl Cabbarovun təhsil naziri təyin olunmasına dodaq büzür. Buna çox bədbin, deyərdim hətta müstəqil dövlətçiliyimizə zidd antimilli şərhlər yazır. Məsələn, belə qəzəbli fikirlər var ki, bioqrafiyası boyunca təhsil sahəsində bircə gün də işləməyən bu adamın qəfildən, bəlkə heç özünün də gözləmədiyi halda gətirilib təhsil kimi vacib, strateji sahəyə rəhbər qoyulması absurddan, kinokomediyadan da beş çömçə o yanadır.
Başqaları bir az da qabağa gedib etiraz edir ki, nə bioqrafiya bazarıdır, bu adamın heç düz-əməlli bioqrafiyası da yoxdur axı, harada işləyib, haranı yarıdıb axı. Onların fikri belədir ki, bir gün bir günorta Amerika universitetində oxumaqla adam nə alim, nə fövqəladə intellekt sahibi, nə də qeyri-adi bacarığa malik dövlətçi, idarəçi olmur. Arqumentləri də budur ki, xaricdə oxumaqla idisə, Ziya Məmmədovun oğlu da xaricdə oxuyub, Anar balanı niyə nazir qoymurlar bəs.
Bu adamlar bir az da qabağa gedib deyir ki, Cabbarov kimi naşı (postunun miqyası baxımından) adamın təhsil naziri qoyulmasındansa Misir Mərdanovun yerində daha 15 il də qalması məsləhət idi, çünki Misir müəllim heç olmasa kurikulum sözünü tələffüz eləməyi axır-axırda öyrənmişdi. Onun mənasını, məqsədini bilməsə də…
Üçüncülər bic-bic qımışıb yerindən dillənir ki, yox, siz yoldaş Cabbarovu yaxşı tanımırsınız. Vəzifə pillələri ilə çox sürətlə irəliləyən, arada hətta Fərhad Əliyevə də məsləhətlər verən bu gənc, perspektivli və ingilisdilli müəllim İqtisadi İnkişaf Nazirliyində parlaq karyera yolu keçib. Onlar deyir ki, adam 4-5 ayın içində adi məsləhətçi vəzifəsindən nazir müavini postuna qədər yüksəlibsə, deməli, burada nəsə gözəgörünməz zad – ya ortada əlahiddə qabiliyyət, ya da arxada fövqəladə dayday var. Bu qrupdan olan siyasi analitiklər bunu deyən kimi “Qurdlar vadisi”ndəki baronlardan – mafiya babalarından sitat gətirir: “Bu ölkədə heç kim səbəbsiz yerə nə yüksəklərə qalxmır, nə də dibə enmir”.
Kəsəsi, köhnə və təzə nazirlər mövzusunda ciddi müzakirələr gedir. Ən əsas sual da budur ki, pis-yaxşı alim, cəbr uzmanı olan Mərdanovu çıxarıb Cabbarovu hansı əsasla təhsil naziri qoyublar, çünki onun tikinti, kosmonavtika, kosmetika, körpüsalma, nə bilim, qənnadı sənayesi sahəsinə bəlkə də heç olmasa 50 qram dəxli var, amma məhz təhsil sahəsinə qram da yoxdur. Buna görə də onun təhsil naziri olmasında məntiq yoxdur və s.
Belə deyil, mən dözümlü xalqımızın bu kəmhövsələ və paxıl şərhlərini bölüşmürəm. Yoldaş Cabbarovun təhsilə dəxli olmasa da onun təyinatında 100 qrama qədər məntiq var. Cabbarov bundan əvvəl nə işləyib? Bəli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin kolxoz sədri. Bunun mənasına diqqətlə baxsan görərsən ki, təyinat düzdür də. Misir müəllimin son 15 ildə qəhrəmanlıqla dağıdıb məhv elədiyi təhsil sahəsi bu dəqiqə elə sırf muzeylikdir. Misir müəllimin şəxsi igidliyi sayəsində ölkəmizdə təhsilin yalnız səvərəsi, yəni quruca adı qalıb. Adı var, özü yoxdu. Özü tarixə dönüb. Tarixi şeyləri muzeyə qoyurlar. Muzeylik zadları da elə qoruq müdiri qoruyar da bə. Təzə nazirin əsas işi də bu köhnə eksponatı layiqincə qoruyub gələcək nəsillərə saxlamaqdır… Bu təyinatdakı dəmir məntiqi özün də gördünmü?!
…Deyirlər Mikayıl Cabbarovun məclislərdə yaxşı sağlıqlar deməyi də var. Onu tanıyanlar belə deyir. Görək nə olur. Amma mənə qaranlıq qalan odu ki, yoldaş Cabbarov ortadakı meyiti, yəni rəhmətlik təhsilin cənazəsini görüb hansı şövqlə tost deyəcək. Bu təyinatda məntiqə sığmayan bir şey varsa, o da elə budur – sağlıq məsələsi. Sağlıq olsun, görək də…