Tezliklə Londonun “Arsenal” klubunu tərk edəcək rus futbolçu Andrey Arşavin xoşagəlməz hadisə ilə yadda qalıb. ANS PRESS-in 101greatgoals.com saytına istinadən verdiyi məlumata görə, futbolçu İngiltərə paytaxtındakı gecə klublarından birində dava salıb. Sərxoş Andrey Arşavin xoşuna gəlməyən başqa bir müştəri ilə haqq-hesab çəkmək üçün kluba girmək istəyib. Lakin mühafizəçilər rus və ingilis dillərində söyüşlər işlədən futbolçunu içəri buraxmaqdan imtina ediblər.
Qeyd edək ki, 2008-ci ilin Avropa çempionatından sonra ulduzu parlayan Andrey Arşavin son vaxtlar meydanlarda nadir hallarda görünür. O, “Arsenal”ın start heyətindəki yerini itirib və yaxın vaxtlarda klubu tərk edəcək. Futbolçunun özü bir müddət əvvəl bildirib ki, İngiltərə, İspaniya, Almaniya və Rusiyadan təklifləri dəyərləndirməyə hazırdır. Onunla Azərbaycan klublarının da maraqlandığı barədə məlumatlar var.