İkinci WikiLeaks bombası – offşor sirlər
Bir hard-disklə başlayan siyasi zəlzələ
ABŞ kəşfiyyatının ötürdüyü deyilən bank hesablarını Beynəlxalq Araşdırmaçı Jurnalistlər Təşkilatı yaymağa hazırlaşır; hökumətlərdən istefalar başlayır
Qərargahı Vaşinqtonda yerləşən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Təşkilatının aralarında Azərbaycan prezidentinin ailə üzvləri də olmaqla dünyanın 170 ölkəsindən 130 mindən çox zənginin offşor bank hesabları və şirkətləri haqda məlumatları yaymağa başlayıb. Bu, dünyada misli görünməmiş hadisədir və WikiLeaks saytı tərəfindən yayılan yüz minlərlə Amerika məxfi diplomatik teleqramı ilə bağlı qalmaqaldan sonra yeni, daha iri miqyaslı qalmaqal başladıb. Təşkilat məxfi sənədləri və offşor bank hesabları barədə məlumatları necə əldə etdiyini açıqlamır. Lakin Qərb mətbuatı xəbər verir ki, hər şey Beynəlxalq Araşdırmaçı Jurnalistlər Təşkilatının Vaşinqton ofisinə göndərilən hard-dikslə başlayıb. Kim tərəfindən göndərildiyi bilinməyən diskdə 260 qiqabayt həcmində elektron yazışma və sənəd yer olub.
Jurnalistlər diski açanda bəlkə də tarixin ən böyük jurnalistika hadisəsi ilə üz-üzə olduqlarını dərk ediblər. Çünki aralarında 2 milyona yaxın elektron poçt mesajının da yer aldığı sənədlərdə dünyanın 170 ölkəsindən 13 mindən çox korrupsioner siyasətçinin, zəngin iş adamlarının, onların ailə üzvlərinin offşor banklarda açılmış hesabları, offşor şirkətlərin sənədləri yer alırdı. WikiLeaks sənədlərindən həcminə görə 150 dəfə çox olan materialı bir neçə jurnalistin oxuyub araşdırması mümkün olmadığından dərhal 40 ölkədən 86 jurnalistin yer aldığı xüsusi qrup yaradılıb. Aralarında “Washington Post”, “The Guardian”, BBC, “Le Soir” və digər nüfuzlu nəşrlərin əməkdaşlarının da yer aldığı qrup böyük məxfilik şəraitində 15 ay ərzində milyonlarla sənədləri araşdırıb. Və aprelin 4-dən etibarən “bombalar” bir-bir partlamağa başlayıb.
Əvvəlcə “Azersun” Holdinqin Azərbaycan prezidentinin ailə üzvlərinə məxsusluğunu göstərən sənədlər yayılıb. “The Guardian” qəzeti də offşor sənədlər və bank hesablar barədə araşdırmanın bir qismini dərc edib. Məlum olur ki, keçmiş sovet respublikalarından offşor sirləri ələ keçirilənlər arasında Rusiya baş nazirinin müavini İqor Şuvalovun xanımı Olqa Şuvalova, “Qazprom”un iki yüksək vəzifəli meneceri, Monqolustan parlamentinin vitse-spikeri Sanqajıvan Bayartsoq, Gürcüstanın baş naziri Bdzina İvanişvili, qazaxıstanlı oliqarx Muxtar Əblyəzov və digərləri də yer alır. Həmçinin siyahıda Fransa prezidentinin seçki kampaniyasını maliyyələşdirən və hazırda onun müşaviri olan Jan-Jak Oqye, keçmiş alman kəşfiyyat xidməti “Ştazi”nin rəhbəri Markus Volf, Filippinin keçmiş prezidenti Ferdinand Markozun qızı və digər məşhurlar da offşor biznesə malik olan məşhurlar arasındadır. “Le Monde” qəzetinin yazdığına görə, prezident Fransua Olandın müşaviri Kayman adalarındakı offşor şirkətlər vasitəsilə ən azı 600 min avronu vergidən yayındırıb. Monqolustanın vitse-spikeri isə etiraf edib ki, 2008-ci ildə maliyyə naziri olarkən offşor hesablara köçürdüyü 1 milyon dolları bəyan etməyi “yaddan çıxarıb” və buna görə istefaya getməyə hazırdır. Gözlənilir ki, sənədlərin yayılması dünyanın demokratik ölkələrində xeyli istefalara səbəb olacaq. Avtoritar ölkələrdə isə korrupsionerlər offşor sirlərinin üzə çıxmasına görə təbii ki, istefaya getmək niyyətində deyillər.
Offşor sirlərinin üzə çıxmasını şərh edən analitiklər bunu misli görünməmiş hadisə hesab edirlər. “Heç vaxt bu cür hadisənin şahidi olmamışam. Nəhayət, offşor dünyalarının sirləri açıldı” deyə, Kanadanın Kuins Universitetinin professoru Artur Kokfild CBC-yə bildirib.
Beynəlxalq Araşdırmaçı Jurnalistlər Təşkilatının (ICIJ) icraçı direktoru Cerald Rayl isə deyib ki, onların apardığı araşdırma offşor sistemlər üzərindəki sirr pərdəsini qaldırıb və siyasətçilərin, biznesmenlərin, fiziki şəxslərin öz pullarını gizlətmək üçün istifadə etdiyi mexanizmləri üzə çıxarıb. “Əlbəttə, biz artıq bilirik ki, bu offşor dünyası nə dərəcədə məxfidir və əlçatmazdır, lakin onun miqyası sarsıdıcıdır” deyə, Rayl “Spiegel” jurnalına bildirib. Təşkilatın ələ keçirdiyi sənədlər arasında Britaniyanın Virgin adalarında fəaliyyət göstərən, offşor şirkətlərin qeydiyyatı ilə məşğul olan Portcullis TrustNet və Commonwealth Trust Ltd arasında elektron yazışmalar da yer alır. Bu yazışmalar şirkət menecerlərinin bir-birinə göndərdiyi mesajların rəqəmli fotoaparatla çəkilmiş surətləri şəklində təşkilatın əlinə keçib. Deməli, söhbət hansısa hakerin komputerlərə müdaxiləsindən yox, kəşfiyyat işindən gedir. Rusiyanın “Kommersant” qəzetinin əldə etdiyi məlumata görə, məxfi sənədləri jurnalistlərə ABŞ kəşfiyyatı ötürüb. Bildirilir ki, ABŞ administrasiyası offşor sirlərin üzə çıxarılmasında maraqlıdır və gələcəkdə bu sənədlər ayır-ayrı korrupsionerlərə qarşı məhkəmə işlərində dəlil kimi istifadə oluna bilər. Offşor şirkətlərin qeydiyyatı ilə məşğul olan şirkətin menecerləri arasında yazışmalardan birindən belə məlum olur ki, offşor şirkətlərin qeydiyyatı ilə məşğul olan şirkətin menecerləri müştərinin elektron yazışmaları minimuma endirmək tələbini çatdırır. “Müştəri tələb edir ki, ünsiyyət ancaq aviapoçt vasitəsilə aparılsın, heç vaxt ona faks göndərməyin, yoxsa infarkt olacaq” deyə, yazışmada bildirilir. “The Guardian” qəzetinin icraçı direktoru Devid Li isə hesab edir ki, Virgin adalarındakı nominal direktorlar dünyanın müxtəlif ölkələrinin hərbi və kəşfiyyat xidmətləri ilə bağlı adamlar ola bilərlər.
musavat.com