“Milyarderlər ittifaqı” ətrafında tufan qopdu
Dağıstan rəhbəri ləzgi-avar məsələsi üçün Bakıya gəlir
Qalmaqallı ittifaqın üzvü olan Ramazan Abdulatipov Azərbaycana qarşı separatçı hücumlar edən təşkilatın rəhbəri ilə Moskvada görüşüb; Abbas Abbasov diaspor liderlərinin kəskin bəyanatını “təxribat” adlandırdı; Söyün Sadıqov da danışdı…
Qalmaqallı “Milyarderlər ittifaqı”nın üzvü, bu ittifaqa üzv olmasının ardınca Dağıstana rəhbər təyin edilən Ramazan Abdulatipov Bakıya səfərə gələcəyini açıqlayıb. R.Abdulatipov bunu Moskvada prezident Vladimir Putinin rəhbərlik etdiyi Millətlərarası Münasibətlər Şurasında təmsil olunan, son vaxtlar Azərbaycana qarşı etnik zəmində hücumlar edən Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbəri Arif Kərimovla ötən həftə Moskvada keçirdiyi görüşdə bildirib.
Bu görüş barədə xəbəri həmin təşkilatın internet saytı yayıb. Məlumatda bildirilir ki, martın 29-da Moskvada R.Abdulatipovla A.Kərimov arasında “işçi görüş” olub, tərəflər bir çox məsələləri müzakirə ediblər və tam qarşılıqlı anlaşma əldə ediblər.
Bakıdan deportasiya edilən ləzgi jurnalisti məsələsi
Ləzgi təşkilatının rəhbəri A.Kərimov R.Abdulatipovla görüşdə vaxtilə Rusiya ərazisi olan, acaq iki il əvvəl dövlətlərarası müqavilə əsasında Azərbaycanın tərkibinə verilən Xraxoba və Uryanoba kəndlərinin Dağıstana köçürülən əhalisinin vəziyyəti ilə bağlı məsələni qaldırıb. Deyib ki, bu yaxınlarda prezident Putinlə görüşündə ona bu problem barədə danışıb. Putin müvafiq strukturlara kənd sakinlərinin problemlərinin həll edilməsini tapşırıb.
R.Abdulatipov isə deyib ki, o, federal strukturların rəhbərləri ilə bu problemlə bağlı danışıb və məsələ tezliklə həll olunacaq. Xəbərlərdən məlum olur ki, görüşdə ən geniş müzakirə olunan məsələ Azərbaycan ərazisində yaşayan etnik ləzgilərin vəziyyəti barədə olub. A.Kərimov dağıstanlı jurnalist Milrad Fətullayevin Azərbaycana buraxılmaması ilə bağlı danışaraq R.Abdulatipova şikayətlənib. R.Abdulatipov jurnalistlə bağlı məsələdə ləzgi təşkilatının mövqeyini tam dəstəklədiyini və bu məsələ ilə bağlı “ciddi tədbirlərin görüləcəyini” deyib.
Abdulatipov Bakıya hazırlaşır
Daha sonra A.Kərimov başçılıq etdiyi təşkilatın Avar Milli Muxtariyyəti ilə uğurlu qarşılıqlı əlaqələrindən danışıb. Bildirib ki, iki təşkilat bir yerdə “Azərbaycan və Rusiya sərhədləri ilə bölünmüş ləzgi və avar xalqları problemi” ilə bağlı konfrans təşkil edəcək. Ləzgi təşkilatının rəhbəri söhbət zamanı Dağıstanda fəaliyyət göstərən azərbaycanlı təşkilatlarının rəhbərlərinin “ildə bir neçə dəfə Azərbaycan prezidenti tərəfindən qəbul edildiyini, onların problemi ilə maraqlandıqlarını” deyib. Bildirib ki, Dağıstan rəhbərləri də ildə bir neçə dəfə Azərbaycandan ləzgi və avar təşkilatlarının rəhbərlərini qəbul etməlidir.
R.Abdulatipov bu təşəbbüsü tam dəstəkləyib və cavab verib ki, yaxın vaxtlarda onun Bakıya səfəri planlaşdırılır. Dağıstan rəhbəri deyib ki, bu səfər zamanı hökmən Azərbaycandakı ləzgi və avar təşkilatlarının rəhbərləri ilə hökmən görüşüb onların problemlərini müzakirə edəcək, kömək göstərilməsi imkanlarını araşdıracaq. Həmçinin o, vəd edib ki, Azərbaycanda fəaliyyət göstərən ləzgi və avar təşkilatlarının rəhbərləri ilə müntəzəm görüşlərin keçirilməsini təşkil edəcək. R.Abdulatipov həmçinin Mahaçqala Pedaqoji Universitetində Azərbaycandakı ləzgi və avar məktəbləri üçün müəllimlər hazırlayan fakültə açılması ideyasını dəstəkləyib. O, bu məsələni “ən qısa vaxtda” həll edəcəyini deyib.
Xatırladaq ki, Dağıstana rəhbər göndərilməzdən əvvəl Rusiya Dövlət Dumasının deputatı olan R.Abdulatipov milliyyətcə avardır. Onun “Milyarderlər ittifaqı” kimi tanınan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqına (ÜATİ) üzv olması xeyli suallar və şübhələr yaratmışdı. Bu ittifaqı “Kremlin layihəsi” hesab edən hakimiyyət düşərgəsi təmsilçiləri Abdulatipovun milliyyətcə avar olduğu halda nədən azərbaycanlı diaspor təşkilatına üzv olduğunu sual edirdilər.
Daha sonra R.Abdulatipov Dağıstana rəhbər göndəriləndə bu suallar və şübhələr daha da artdı. Bakıdakı hakimiyyət təmsilçiləri bu təyinatdan narahatlıqlarını gizlətmədilər. İndi isə, göründüyü kimi, R.Abdulatipov Azərbaycanı hər gün etnik azlıqların hüquqlarını pozmaqda ittiham edən təşkilatın rəhbəri ilə görüşərək bu cür müzakirələr aparır. Hələ R.Abdulatipovun Bakıya səfərinin tam razılaşdırıldığını demək çətindir. Xüsusən də nəzərə alaq ki, o, ləzgi və avar təşkilatlarının rəhbərləri ilə görüşüb bu xalqların məsələsini müzakirə etmək istəyir.
Müraciət ətrafında qalmaqal
Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti aprelin 3-də Moskvada Bakıya buraxılmayan dağıstanlı jurnalistlə bağlı hay-küylü mətbuat konfransı keçirib. Təşkilatın rəhbəri A.Kərimov bu məsələ ilə bağlı Azərbaycana ittihamlar yağdırıb. O, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub göndərərək jurnalistin deportasiyası ilə bağlı məsələni ciddi araşdırmağa çağırıb.
R.Abdulatipovun Moskvada ləzgi təşkilatının rəhbəri ilə görüşü və müzakirə etdiyi məsələlər “Milyarderlər ittifaqı” ətrafında son günlər qopan tufanın bir hissəsidir. Xəbər verildiyi kimi, əvvəlcə “Azadlıq” qəzeti Rusiyadakı bir neçə azərbaycanlı diaspor liderinin adından ÜATİ-yə və onun rəhbəri Abbas Abbasova qarşı Bakıda aparılan kampaniyanı, onun yaxınlarının həbsini və digər təzyiqləri kəskin pisləyən müraciətini yayıb. Müraciətə “Yeni Müsavat” da yer verib və aprelin 3-də ona imza atdığı deyilən üç diaspor lideri redaksiyamızla əlaqə saxlayaraq müraciətdən xəbərsiz olduqlarını bəyan ediblər.
Samara Vilayəti Azərbaycanlıları Liqasının İdarə Heyətinin sədri Şirvan Kərimov, Tatarıstandakı diaspor təşkilatının lideri Sübhan Əhədzadə və müraciətdə adı yer alan daha bir diaspor lideri Qalib Ağayev bəyan ediblər ki, onların həmin müraciətlə heç bir əlaqələri yoxdur, adlarını ora özlərinin razılığı, xəbəri olmadan daxil ediblər.
Müraciəti Söyün Sadıqov təşkil edib
“Azadlıq” qəzeti isə bu təkziblərdən sonra bildirir ki, müraciəti onlara “AzerRos”un prezidenti Söyün Sadıqova yaxın şəxs (adının açıqlanmasını istəmir) təqdim edib: “Bu təkziblərdən əməkdaşımız yenidən onunla əlaqə saxlayıb. O isə bildirib ki, bu müraciət və oradakı imzalar saxta deyil. Və bizə məsələ barədə Söyün Sadıqovla əlaqə saxlamağı tövsiyə edib”.
Söyün Sadıqov isə “Azadlıq”a bildirib ki, belə bir müraciət Rusiya KİV-inə olub: “Lakin mən bildirdim ki, Rusiya mətbuatında bunun işıqlandırılması doğru deyil. Ona görə də onun Azərbaycan mətbuatına göndərilməsini məqsədəuyğun saydım. Yəni həqiqətən də belə bir müraciət olub. Sadəcə, ola bilər o adamları qohumları qorxudublar, yaxud onların yaxınlarına təzyiqlər ediblər, ona görə də indi belə danışırlar”.
S.Sadıqovun adından yayılan bu açıqlamadan sonra Samara Vilayəti Azərbaycanlıları Liqasının İdarə Heyətinin sədri Şirvan Kərimov yenidən redaksiyamızla əlaqə saxlayıb. Bildirib ki, “AzerRos”un keçmiş prezidentinin nədən bu cür danışdığını anlamır.
“Təəssüf ki, mən iki gündür onunla əlaqə saxlayıb danışa bilmirəm. Bir daha tam məsuliyyətimlə bəyan edirəm ki, heç bir müraciətə imza atmamışam, sözügedən müraciət heç vaxt mənimlə müzakirə olunmayıb və razılaşdırılmayıb. Heç kim mənə və yaxınlarıma təzyiq göstərməyib, mənim Azərbaycanda nə biznesim, nə qohumlarım var, yaşlı anamdan başqa”, – deyə Ş.Kərimov bildirib.
“AzerRos”un Ağsaqqallar Şurasının üzvü və vitse-prezidenti olan Ş.Kərimov onu da əlavə edib ki, o, diaspor məsələlərinin siyasətə qarışdırılmasının əleyhinədir və bunu siyasətin üzərində olan milli məsələ kimi görür: “Ancaq görünən odur ki, Söyün Sadıqov artıq siyasətlə məşğuldur, mən onun mövqeyini və addımlarını şərh etmək istəməzdim. Bir daha vurğulamaq istəyirəm ki, mənim təkzibim bu müraciətin məzmunu ilə bağlı deyil, sadəcə olaraq, mən belə bəyanat görməmişəm və adımın ora daxil edilməsini təxribat sayıram. Əgər altında mənim imzam da olan belə müraciət varsa, qoy ortaya çıxarsınlar”.
Abbas Abbasovun sərt bəyanatı
Dünən aprelin 4-də isə Abbas Abbasov müraciətə münasibət bildirib. “Mən Azərbaycan KİV-ində ”AzerRos” və ÜATİ rəhbərliyi adından informasiyanın əleyhinəyəm və bunu növbəti təxribat hesab edirəm”, – deyə o, Salamnews-un Moskva müxbirinə açıqlamasında bildirib.
“Mən Türkiyədən yenicə qayıtmışam və Azərbaycan KİV-inin mənim yoxluğumdan istifadə edərək ”AzerRos” və ÜATİ rəhbərliyi adından Azərbaycan ictimaiyyətinə təxribatçı müraciət yaymaları məni, sözün pis mənasında, təəccübləndirdi. Bununla əlaqədar olaraq bəyan edirəm ki, nə mənim, nə də “AzerRos” prezidentinin yazılanların heç biri ilə əlaqəsi yoxdur. Mən heç kimə Rusiyadakı azərbaycanlıların adından hər hansı bəyanat vermək və ya çıxış etmək səlahiyyəti verməmişəm. Bildirmək istəyirəm ki, özüm də hansısa şikayət və ərizələrin əleyhinəyəm. Bunu özümə və rəhbərlik etdiyim təşkilata qarşı yönəlmiş növbəti təxribat hesab edirəm”.
“Suflyorlar” kimdir?
A.Abbasovun sözlərinə görə, Rusiyanın Azərbaycan muxtariyyətinin ağsaqqalları, “AzerRos” və ÜATİ Rusiya və Azərbaycan xalqları arasında mehriban qonşuluq əlaqələrinin qaydaya salınmasına az töhfə vermir, Rusiyada vətəndaş cəmiyyətinin güclənməsinə və razılığın əldə olunmasına sədaqətlə xidmət edir: “Biz digər ölkənin daxili işlərinə qarışmaq istəmirik, bizim öz tapşırıq və funksiyalarımız var. Mənə adımdan çıxış edən münsif hakimlər və suflyorlar lazım deyil. Heç kimin mənim taleyimə qarışmağa və səlahiyyətimdə olan məsələləri həll etməyə ixtiyarı yoxdur. Mənim belə bir ”dəstəyə” və “xidmətə” ehtiyacım yoxdur və bu hallara son dərəcə mənfi yanaşıram. Baş verənləri açıqlamaq istəmirəm, əks halda Rusiyanın Azərbaycan icmasına və bütünlükdə bizim Rusiya Federasiyasında yaşayan azərbaycanlıların rifahı və dinc yaşaması xatirinə etdiklərimizlə bağlı tarixi vətənimizdə etibarın qırılması üçün intriqa yarana bilər”.
Abbas Abbasovun qohumunu ona görə təqib edirlər
A.Abbasovun Gəncədə yaşayan qohumu, iş adamı Qoca Quliyev bir neçə gün əvvəl DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs olunub. Onu qanunsuz silah saxlamaqda ittiham edirlər. Q.Quliyevin xanımı dünən növbəti müraciətlə çıxış edərək ərinə həbsdə işgəncə verildiyini deyib. Bir daha bildirib ki, A.Abbasovla qohum olduqları üçün onları təqib edirlər, incidirlər. “Abbas Abbasovun ictimai fəaliyyətinə görə bizi sıxırlar”, – deyə qadın bildirib.