Milli Məclis “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklikləri müzakirə edir. Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dedi ki, qanunla qadağan edilmiş örtüklərin avtomobillərin ban şüşələrinə vurulmasına görə əvvəllər mövcud olan 50 manatlıq cərimə sanksiyası 150 manata çatdırılır. Sürücülük vəsiqəsinin verilməsinə görə tələb olunan tibbi arayışın formal xarakter daşıdığını xatırladan Ə.Hüseynli dedi ki, artıq bununla bağlı qanuna dəyişiklik təklif edilib: “Yeni layihəyə görə, yaşı 60-dan yuxarı insanlar sürücülük vəsiqəsi almaq istərsə, bu halda tibbi arayış tələb olunacaq”.
Təklif olunan digər dəyişikliklərə görə, istehsal olundurdan sonra ancaq 4 il sonra avtomobillərə texniki baxış tələb olunacaq. Daha sonra isə texniki baxış 2 ildən bir həyata keçiriləcək. İstehsal tarixindən 10 il sonra isə avtomobillərə ildə bir dəfə texniki baxış tələb olunacaq.Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə görə, sərxoş halda və sürücülük vəsiqəsi olmayan şəxslərə qarşı sanksiyalar isə ciddiləşdirilir. Burada 3-4 illik həbs cəzası nəzərdə tutulur. Bir şəxsin ölümünə görə 8 il, 2 və daha artıq şəxsin ölümünə səbəb olduğuna görə 12 il müddətinə həbs cəzası nəzərdə tutulur.